büdcə

Ailə büdcəsini kim idarə etməlidir? – EKSPERT MƏSLƏHƏTİ

Baxış sayı: 2. 111

Bunu iqtisadçı ekspert Vüqar Bayramov Ailem.az-a danışarkən bildirib. Onun sözlərinə görə, ailə büdcəsinin planlaşdırılması ilə bağlı Azərbaycanda xeyli irəliləyişlər var. Amma yenə də hər on ailədən səkkizində büdcənin tam olaraq planlaşdırılması həyata keçirilmir: “Bu gün inkişaf etmiş ölkələrdə, məsələn, Böyük Britaniyada ailələrin təxminən 90 faizi ailə büdcəsini planlaşdırır. Böyük Britaniyanın statistika idarəetmə saytında ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi kalkulyator var. Ailələr həmin büdcə formasından istifadə edərək, inflyasiya səviyyəsini nəzərə alaraq, gəlirlərini daxil etmək və xərc maddələrini seçməklə büdcələrinin planlaşdırılmasını həyata keçirirlər. Həmin ölkələrdə ailə büdcəsinin planlaşdırılması üçün instisional baza var”.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda ailə büdcəsinin planlaşdırılmaması bir sıra problemlər yaradır: “Həmin problemlərdən biri ondan ibarətdir ki, ailələr aldıqları maaşları ayın əvvəlində xərcləyirlər, bəzi hallarda ayın sonunda borc götürməyə məcbur qalırlar. Ailə büdcəsində vəsait olmadığından kimdənsə borc alırlar. Ailə öz büdcəsində ona lazım olan əsas xərcləri müəyyənləşdirməlidir. Çalışmaq lazımdır ki, maaş alınan günlərdə bazarlıq edilməsin. Bu, ailənin daha çox pul xərcləməsinə gətirib çıxarır. Əmək haqqı alınan günlər evdə pul çox göründüyündən lazım olmayan istiqamətlərə belə vəsait xərclənir. Yaxşı olardı ki, ailə bazarlıq üçün konkret günlər müəyyənləşdirsin”.

Ailədə vəsaitlərin kim tərəfindən idarə edilməsinə gəlincə, V. Bayramovun fikrincə, burada hər iki ailə başçısı iştirak etməlidir: “Avropa təcrübəsi göstərir ki, xərclər barədə birgə qərarların qəbulu daha məqsədəuyğundur. Ailə başçılarının vəsaitlərin xərclənməsi ilə bağlı birgə qərar vermələri birmənalı şəkildə daha doğru və daha düzgün qərarların verilməsinə səbəb olur. Ailədə bu sahədə hegemon mövqeyin olması iqtisadi baxımdan arzuolunan deyil. Qənaət və vəsaitin daha doğru xərclənməsi daha çox müzakirələr zamanı mümkündür və belə olduqda ailə büdcəsinin düzgün planlaşdırılması baş tutur”.

Azərbaycanda ailə büdcəsinin planlaşdırılması üçün kalkulyator və ya büdcə forması olmadığını deyən iqtisadçı bunun üçün təklif irəli sürüb: “Çox yaxşı olardı ki, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar vətəndaşlar üçün onlayn hesablama kalkulyatorları hazırlayıb sayta yerləşdirsinlər və daim yeniləsinlər. Vətəndaşlar həmin kalkulyatordan istifadə etməklə öz ailə büdcəsini planlaşdıra bilər. Bu, vətəndaşlara əldə etdikləri gəlirləri daha qənaətlə xərcləməyə imkan verər”.

V.Bayramov onu da qeyd edib ki, ailənin gəlirlərinin səmərəliliyi onun büdcəsinin planlaşdırılmasından asılıdır: “Elə ailələr var ki, kifayət qədər gəlirləri var, amma yenə də öz xərclərini qarşılaya bilmirlər. Amma elə insanlar da var ki, az gəlirləri olsa da, qənaət və öz xərclərini planlaşdırmaqla hətta gələcək üçün vəsait toplamağa da nail olurlar. Ailə büdcəsi çox vacibdir. Əgər ailədə büdcə planlaşdırılmırsa, ailədə qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərini qarşılamaq mümkün olmayacaq”. / ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir