sevgi

Ailə həyatı qurduqdan sonra sevgi qalırmı?

Baxış sayı: 2. 246

Əlbəttə həyatımızı müəyyən plan üzərindən idarə etməyimiz müşgül məsələdi. Gözləntilərimizin hər zaman həyata keçməməsi belə, həyatımıza rəng qatır. Əks halda hər şey cansıxıcı olar, nəyinsə uğrunda mücadilə aparmazdıq. Toy günündən öncə seçdiyimiz şəxslə bir ömür boyu gözəl, sevgi dolu bir həyat yaşayacağımızı güman edirik. Təəssüflər olsun ki, bəzi hallarda hər şey bizim gözlədiyimiz kimi olmur. Cütlüklər ailə həyatı qurduqdan bir müddət sonra həyatlarında nəyinsə çatışmadığını, aralarındakı sevgi münasibətlərinin də adiləşdiyini düşünür. Bəlkə də, bu normaldı.

Psixoloq Azad İsazadə də bu fikirdədi. O, Milli.Az-a açıqlamasında deyir ki, lakin hər gün yediyimiz bir qida da bizim üçün adiləşir. İnsan alışqandı. Yaxşı, uzun ömürlü ailə yalnız sevgi üzərində qurulmamalıdı: “Ən çox sevdiyimiz xörək, şirniyyatı yedikdə belə, o, bizim üçün adiləşir. Yayı-qışı çox sevirik. Lakin yayda qışın, qışda isə yayın gəlməsini səbrsizliklə gözləyirik. Hər şeyə alışırıq. Yaxşı, uzun ömürlü ailə təkcə eşq, məhəbbət üzərində qurulmamalıdı. Ailənin ilkin bünövrəsində sevgi dayanmalıdı. Sonradan sevgi dostluğa, həmrəyliyə də çevrilə bilər. Belədə tərəflər bir-birlərini dinləyir, fikir mübadiləsi aparırlar. Bu cür ailələr daha möhkəm olur. Münasibətləri yalnız eşq-məhəbbət üzərində saxlamaq olmaz. Eşq-məhəbbət çox güclü hissdi, bəzən o adamı yandıra, külə də döndərə bilər”.

Azad Isazade

Eşqlə nifrət arasında bir addımlıq yol var fikrini rəhbər tutan psixoloq tərəflər arasındakı sevginin dostluğa çevrilməyəcəyi halda münasibətlərin korlanacağını deyir. Tərəflər arasında sevgi varsa, ailə həyatı qurduqdan sonra sevginin ölməyəcəyini söyləyən psixoloq, sadəcə olaraq, münasibətlərin dəyişdiyini deyir: “Sevgi qalır, sadəcə olaraq öncəki ilə müqayisədə dəyişikliyə məruz qalır. İnsanlar ailə həyatında müxtəlif etaplarla rastlaşa bilər. Eşq istənilən cütlükdə dalğavari ola bilər. Bəzən müəyyən müddət onlar arasında sevgi münasibətləri soyuyur, sonra yenidən o hisslər geri qayıdır. Ailələr üçün kritik rəqəmlər var. Evlilyin 3, 7, 15-ci illərində ailədə krizis, konflikt yarana bilər. Bu, keçici də ola bilər”.

Psixoloq deyir ki, ailə həyatı qurduqdan sonra kişilərin həyat yoldaşlarına kifayət qədər vaxt ayıra bilməməsi həm də qadınların deyingən olması ilə bağlıdı. Lakin A.İsazadə bunu aysberqin görünən tərəfi kimi qiymətləndirir. O deyir ki, cütlüklərin intim həyatının da münasibətlərə təsiri var: “Sözsüz ki, bu aysberqin görünən tərəfidi. Elə ailələr tanıyırıq ki, ərləri arvadlarını döyür, narkomanlıq edir, spirtli içki içir. Lakin xanımları onlardan ayrılmağı belə düşünmür. Əlbəttə ki, başqa amillər də qadının bu cür davranmasına səbəb ola bilir. Elə həyat yoldaşı var ki, heç xanımını incitmir, döymür, söymür. Lakin kişinin hər işə qarışması, mız-mızlıq etməsi qadını bezdirir, həyat yoldaşından boşanmasına belə, səbəb olur. Söhbət təkcə sırf hansısa davranışdan getmir. Bu zaman cütlüklərin intim həyatı da nəzərə alınmalıdı. Qadınla kişinin intim həyatları da bir-birinə uyğun olmalıdı. Həyat baxışlarının, maraqlarının eyni olması belə bu baxımdan əhəmiyyətli rola malik ola bilər. İmkan yarandıqda ən azı yarım saat belə bir yerdə ola biliriksə bu kifayət edər”.

Psixoloq xoş, firəvan həyat yaşamaq üçün cütlüklərə tövsiyə edir ki, bir-birlərini başa düşüb qarşı tərəfin fikirlərini qəbul edə bilsinlər.

Dəyanət Rzayev intihar etdi — Özünü kəmərlə boğub... Şok

Psixoloq Dəyanət Rzayev isə cütlüklərin sevgi həyatının adiləşməsinin əsas səbəbini kişilərdə qadınları itirmək qorxusunun olmaması ilə izah edir. O, milli mentalitetin də bu baxımdan əhəmiyyətli təsirə malik olduğunu deyir: “Qadın düşünür ki, onu sevən kişi hər zaman uğrunda mübarizə aparacaq. Bu genetik bir amildi. Əgər sən hamının xoşuna gəlirsənsə, deməli, mənim də xoşuma gəlirsən. Yox, heç kəsin xoşuna gəlmirsənsə, deməli, mənim də xoşuma gəlmirsən. Kişilərdə əksər hallarda itirmək qorxusu olmur. Bu da milli mentalitetdən irəli gələn bir məsələdi. Onlar düşünür ki, milli mentalitetə görə qadınlar həyat yoldaşlarından boşanmazlar”.

Gənc ailələrdə əsas problemin münasibətlərin yalan üzərində qurulduğunu deyən D.Rzayev tərəflər arasında səmimiyyətin olmamasından da gileylənir: “Bizim bəzi ailələrdə yalan çoxdu, səmimiyyət yoxdu. Dünyada ən az boşanmalar Hollandiyadadı. Çünki onlar bir-birinə xəyanət etmirlər. Belçika da bu ölkələr sırasındadı. Bəzi xarici ölkələrdə kişilər arvadlarını çox səmimi formada dəyişirlər. Düzdü, məncə də bu, normal deyil. Amma kişilər belə addım atdıqda belə onu səmimi edirlər”.

Qadınların rəfiqələri ilə həyat yoldaşlarının qeybətini etdiyini deyən psixoloq kişilərdə mənfi bir düşüncənin olduğunu deyir: “Azərbaycan ailələrində, ümumiyyətlə, ər-arvad arasında səmimiyyət yoxdu. Arvad rəfiqələri ilə ərinin qeybətini edir. Onlar özləri belə bir tərif yaradıblar ki, kişi gəzə bilər, ona hər şey olar. Arvad sanki bir quldu, ana üçün alınan əşyadı. Əfsuslar olsun ki, bu cür anlayışlar hələ də var. Lakin öncəki illərlə müqayisədə vəziyyət dəyişib. Qadınların artıq böyük qismi əşya olmadığını düşünərək belə münasibətə göz yummur. Kişilərdə isə belə düşüncə var ki, arvadı hara gedəcək, iki uşaq doğub, indi o, kimə lazımdı. Bu səbəbdən də həyat, sevgi yenicə ailə həyatı quranlar üçün adiləşir”.

Psixoloq ailə həyatı qurduqdan sonra kişilərin həyat yoldaşlarına yetərincə vaxt ayırmamasının səbəblərindən birinin evdəki söz-söhbətlər olduğunu deyir: “Ailələrdə söz-söhbətlər çoxdu, Qadınlar deyingəndi. Bu da tərəflərarası münasibətin normal olmamasından irəli gəlir. Nəticədə xanımlarda əsəb pozuntusu yaranır, beləcə deyingənlik formalaşır”. /Milli.Az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir