ailə və karyera

AİLƏ VƏ KARYERA: Necə etməli ki, onlar bir-birinə mane olmasın? – KİŞİ EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 2. 631

Sosioloq: “9-dan 18-ə qədər işləyənlər üçün isə bu balansı gözləmək mümkün olmur”

“Tıxaclar ailəyə ayırılmalı olan vaxtdan “oğurlayır””

Sosioloq Cavid İmamoğlu hesab edir ki, bu problem Azərbaycan cəmiyyəti üçün xarakterikdir: “Azərbaycan kontekstində bunu balanslaşdırmaq çox çətindir. Buna səbəb isə iş yerlərinin uzaqlığı və tıxaclardır. Belə ki, Sumqayıtda yaşayanların böyük əksəriyyəti işləmək üçün Bakıya gəlirlər. Bu o da o deməkdir ki, onlar vaxtlarının böyük əksəriyyətini işə və yola sərf edirlər. Digər tərəfdən tıxaclar və nəqliyyatdakı problemlər də bir növ iş həyatına sərf olunan vaxtı artırır. Əgər bu maneələr olmasa idi, iş həyatı olan ailəli insanlar ilk növbədə sağlam həyat tərzinə üstünlük verməli, səhər yuxudan tez durmalı və ailəyə vaxt ayırmalı,

Cavid İmamoğlu

Cavid İmamoğlu

valideynləri və ailə üzvləri ilə iş qabağı xos ünsiyyət qurmalıdırlar. Digər tərəfdən isə iş yerində olarkən də işə qapanmamaq və lazım gələrsə, ailədəki üzvlər ilə əlaqə saxlamaq da lazımdır. Bu bir növ fərdin sosiallaşmağından aslıdır. Bizim konteksdə qadınların vəziyyəti daha ağırdır. Belə ki, istər regionlarda, istərsə də şəhərdə qadın iş həyatından əlavə evdəki iş həyatı da yaşayır. Belə ki, gündəlik ev işləri qayğısı işdən qayıdandan sonra onun boynuna düşən vəzifə olur ki, bu da çox vaxt onların mənəvi cəhətdən yorulmağına səbəb olur. Bu isə həyat eşqinin azalmasına və motivasiyanın düşməsinə gətirib çıxarır. İndiki halda ən uğurlu balans fərdi və özəl iş sahibləri tərəfindən aparılır. 9-dan 18-ə qədər işləyənlər üçün isə bu balansı gözləmək mümkün olmur.

 

Karyera mütəxəssisi: “Yeni peşə sahələri yaranmışdır ki, bu işləri evdən çıxmadan da asanlıqla görmək olar”

 “…Belə olduğu təqdirdə qadınlar ailə ilə karyeranı paralel inkişaf etdirə bilərlər”

“Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev isə qeyd edir ki, ailə və karyera arasında balans yaratmaq mümkündür: “Əvvəla onu qeyd edim ki, əvvəllər qadınlar daha çox ailənin iqtisadi vəziyyətini təmin etmək üçün çalışırdılarsa, müasir dövrümüzdə  başqa tələbatlar da qadınları çalışmağa sövq edir. Daha müstəqil yaşamaq istəyi, iqtisadi azadlığının təmin olunması, cəmiyyət içinə çıxmaq, öz potensialını realizə etmək, nüfuz sahibi olmaq, aktiv sosial statusa malik olaraq ictimai faydalı olmaq kimi tələbatlar qadınlara stimul verir ki, onlar ailə qurmaqla yanaşı həm də karyera qursunlar.

Eyvaz Qocayev

Eyvaz Qocayev

Sovet dövründə, fikir versəniz görərsiniz ki, ailələr daha çox uşaqlı olurdular və demək olar ki, qadınlar da kişilərlə bərabər çalışırdılar. Onlar həm ev, həm də iş həyatında, onu da qeyd edim ki, daha çətin şərtlərlə aktiv iştirak edirdilər.Müasir dövrümüzdə qadınların iş və ailə həyatındakı fəaliyyətini uzlaşdıra bilməməsinin bir çox səbəbləri var.

Birincisi qadın işini və ailəsini sevməlidir.  Qadın əgər ailəsini sevərsə və sevdiyi işdə çalışarsa, o zaman hər ikisini bir yerdə uğurla davam etdirə bilər. Sevmədiyi bir işdə çalışan qadın əlbəttə ki, iş həyatından sonra da neqativ enerjini ailə həyatına daşımış olacaq. Nəticədə bir çox problemlərlə üzləşməli olacaq. Qadınlar gələcəkdə problemlərlə rastlaşmaq istəmirsə iş axtararkən “necə iş olur olsun, təki iş olsun” deməməlidir”.

E.Qocayev deyir ki, ailə həyatına uyğun bir iş seçməlidir ki, ailə və iş həyatı bir –birinə maneə olmasın. Bu zaman qadınlar iş seçərkən yaşadığı məkanı, iş saatını diqqətlə incələməli və bundan sonra qərar verməldir: “Kişilər peşə seçərkən daha çox qazanc əldə etməyi hədəfləyirsə, qadınlar bu zaman  “ailə həyatıma nə qədər uyğundur?” sualını özünə ünvanlamalıdır və buna cavab tapmalıdır.

Karyera və ailənin eyni zamanda davam etdirilməsi üçün zamanın düzgün planlaşdırılması və idarəolunması vacibdir.  Xüsusilə də ailə daxili işlərdə düzgün zaman bölgüsü aparılmalıdır ki, problemlər üst-üstə yığılmasın və bütün işlər zamanında öz həllini tapsın. Belə olduğu təqdirdə qadınlar ailə ilə karyeranı  paralel inkişaf etdirə bilərlər.

Bununla yanaşı müasir dövrümüzdə informasiya texnologiyalarının inkişaf etməsi ilə yeni peşə sahələri yaranmışdır ki, bu işləri evdən çıxmadan da asanlıqla görmək olar”.

 

Sosial psixoloq: “51-49 faiz nisbəti təmin olunmalıdır”

“Azərbaycan ailəsində qadın daxili işlər naziri, kişi xarici işlər naziridir”

Sosial psixoloq,  AMEA-nın Fəlsəfə, hüquq və Sosiologiya İnstitunun doktarantı Elnur Ağayev isə deyir ki, bu gün Karyera və ailə anlayışlarını cəmiyyətdə sanki bir dilemma, əkslik, təzad kimi qarşı-qarşıya qoyublar. Və artıq təsadüfdən, yaxud zərurətdən bu yolun astanasında qalanlar belə hesab edir ki, mütləq 2-sindən 1-ni seçməlidir. Əslində isə belə deyil: “Yaxşı bilirik ki, həyatda heç nə mütləq və əbədi deyil. Odur ki, mən tövsiyə etmirəm ki, hansına görəsə hansınısa qurban verməliyik.

Elnur Ağayev

Elnur Ağayev

Məncə, ilk olaraq insan şəxsiyyət kimi formalaşmalı, kafasını o qədər zənginləşdirməlidir ki, hansısa seçim anına çatanda çıxılmaz, köməksiz bir vəziyyətdə qalmasın. Cəmiyyətdə kişilər kimi qadınlar da çalışmalı, karyera qurmalıdırlar. Əslində, hər ikisini yüksək səviyyədə də olmasa, amma normal şəkildə inkişaf etdirmək olar. Amma bu məqamda cüzi üstünlüyü ailəyə verərdim; yəni azı 51-49 faiz nisbətində ailəyə diqqət ayırmalı. Bu, düzgün deyil ki, tutaq ki, əvvəl karyera, sonra ailə. Bəs onda karyera, sənin əziyyətin hara getdi?! Yaxud, əvvəl ailə, sonra karyera? Bu da kökündən yanlış bir prinsipdir, çünki belə olarsa, həmin şəxsin ailədəki ciddi çatışmazlığı, ailəyə az vaxt ayırması defisit kimi sonradan ciddi ailə problemlərinə gətirib çıxaracaq. Qısası, başlayaq xanımlardan. Yaxşı anlaşılır ki, bu sual daha çox xanımlara ünvanlanır, onları narahat edir. Qəribə səslənsə də, öncə deməliyəm ki, onlarçün karyera vacibdir. Bilirsiniz niyə? Çünki karyera üçün yaxşı təhsil almalıdır, yaxşı təhsil aldıqdan sonra müvafiq işdə çalışmalı, karyera qurmalıdır. Müəyyən müddətdən sonra o bir şəxsiyyət kimi formalaşır, sosial status, mövqe qazanır. Artıq bundan sonra həm onu olduğu kimi qəbul edirlər, həm də o ona gələn təklifləri rahatca dəyərləndirə bilir, normal seçim edir. Onunla ailə quran şəxs artıq bilir ki, necə bir insanla evlənir. Evləndikdən sonra artıq istər-istəməz bir müddət xanımın karyerasında durğunluq dövrü başlayır. Ailə quran zaman xanım ailənin bundan sonrakı qurulması işlərinə diqqət etməli, övladlar dünyaya gətirib ilkin dövrdə onlarla xüsusən böyük zaman keçirməlidir. Artıq bağça yaşı çatdıqdan sonra xanım tədricən öz işinə – karyerasına dönə bilər. Bu gün cəmiyyətiimizdə ailə dəyərlərində müəyyən “axsaqlıqlar” yaranıb. Hər gün bir-birini başa düşməyən cütülklərin sayı azalmır ki, artır. Bunun əsas səbəblərindən biri də insanların birini olduğu kimi qəbul etməməsindədir.

Psixoloq hesab edir ki, kişilər üçün isə Azərbaycan cəmiyyətində daha asandır: “Onlar asanlıqla həm karyera, həm də ailə qura bilir, prinsipcə paralel şəkildə hər ikisinə güc sərf edə bilirlər. Çünki Azərbaycan kişisinin ailənin içində, uşaqlara nəzarət etmək, məişət məsələri və sair xanımlara baxanda xeyli azdır. Azərbaycan kişisi daha çox çöldə olur, işdən əvvəl, işdən sonra evin, ailənin “xarici məsələləri” ilə məşğul olur. Amma Avropa ölkələrində belə deyil, bəzən kişilər evdə xanımlardan daha çox işlər görürlər. Belə deyək, Azərbaycan ailəsində qadın daxili işlər naziri, kişi xarici işlər naziridir”.

 

Psixoloq: “Rollar arasındakı balanssızlıq fərd üçün bir stress qaynağıdır”

 

“Tarazlığın qorunması sağlam həyat tərzi üçün çox önəmlidir”

Psixoloq Murad Nəsirov isə deyir ki, fərdlər gündəlik həyatda müxtəlif sosial rollar içərisində olurlar. Gündəlik rol ehtiyacımız bizim kim olduğumuzu, fərdi qaynaqlarımızın və zamanımızı necə istifadə etdiyimizi müəyyən edir. Bəzi psixoloqlara görə bir adamın bütün rollarının bir araya gətirilməsi (məsələn iş rolu, ailə rolu) bu adamı iki yol ayrımına gətirməkdədir.

Murad Nəsirov

Murad Nəsirov

Yəni, bu rollar adamı ya stress altına alaraq mənfi bir təsir yaratmaqda, ya da adam həyatda rollarından doyum alaraq müsbət bir təsir yaratmaqdadır. Rollar arasındakı balanssızlıq, fərd üçün bir stress qaynağıdır.

İş və ailə rolları psixologiya sahəsində sıx işlənən bir mövzudur. İş- ailə tarazlığının iki istiqamətli ölçüsü mövcuddur: “iş – ailə qarşıdurması”, “iş – ailə asanlaşdırması”. İş – ailə qarşıdurması və iş – ailə asanlaşdırması iş sahəsinin və ailə sahəsinin ayrı-ayrı qiymətləndirilməsindən ibarətdir. İş- ailə qarşıdurmasının və iş – ailə asanlaşdırmasının qəbulu tələblərin təzyiqindən və ya qaynaqların performansı artırmasından bəslənir. Qısaca, qarşıdurmanı minimum hala gətirməyə çalışmaq və asanlaşdırmağı maksimum səviyyəyə çıxarmağa çalışmaq, iş – ailə tarazlığı dediyimiz anlayışı ortaya çıxarmaqdadır.

Psixoloq bu cür təsnifləşdirmə aparır:  İş- ailə tarazlığının iki istiqamətli ölçüsü mövcuddur: “iş – ailə qarşıdurması”, “iş – ailə asanlaşdırması”. İş – ailə qarşıdurması və iş – ailə asanlaşdırması iş sahəsinin və ailə sahəsinin ayrı-ayrı qiymətləndirilməsindən ibarətdir. İş- ailə qarşıdurmasının və iş – ailə asanlaşdırmasının qəbulu tələblərin təzyiqindən və ya qaynaqların performansı artırmasından bəslənir. Qısaca, qarşıdurmanı minimum hala gətirməyə çalışmaq və asanlaşdırmağı maksimum səviyyəyə çıxarmağa çalışmaq, iş – ailə tarazlığı dediyimiz anlayışı ortaya çıxarmaqdadır.

İş-ailə qarşıdurması

Bu qarşıdurma, iş və ailə tələblərinin yarış içərisində olduğu və bizim hər iki rolda də istəkləri ödəyə bilmədiyimiz zamanlarda meydana gəlir. Əgər zamanı birinə verərkən digərinin tələblərini yerinə yetirmiriksə, biriylə məşğul vəziyyətdə ikən digərində iştirak etmiriksə və son olaraq bir rolun ortaya qoyduğu spesifik davranışlar bizi digər rolu yerinə yetirməkdən saxlayırsa, iş – ailə qarşıdurmasından söz etmək mümkündür. Bu qarşıdurma nəticəsində iş sahəsinə ağırlıq verildikdə, ailədə yox olma, zəif ailə rolu performansı, çətinlik yaşanması mümkündür. Əgər enerjinin böyük hissəsi ailə qisiminə istiqamətlənirsə, zəif iş performansı və iş doyumsuzluğu yaşanmaqdadır.

İş-ailə asanlaşdırması

Fərdlərin iştirak etdiyi bir rol, digər rola müsbət təsir edirsə və digər rollarda performans göstərmə qabiliyyətini artırırsa , iş – ailə asanlaşdırmasından bəhs edilə bilər. İşin ailə roluna müsbət təsiri ələ alınsa, demək olar ki, adamın işdə təcrübə əldə etdiyi hadisələr, qabiliyyətlər və qazandığı fürsətlər ev həyatını asanlaşdırır. Ailənin iş roluna müsbət təsiri isə ailə içərisindəki müsbət davranışların, dəstəyin və müsbət duyğu adamın iş həyatındakı performansını artırması mənasına gələ bilər.

Ümumiyyətlə, burada işkolik olmaqla karyera üçün işləmək məsələlərini bir-birindən ayırmaq lazımdır. Əgər bir insan işkolikdirsə, onun ailə üçün ayıracaq zamanı olmaz. Bu da ailə problemlərinin yaranmasına və ya yalnız qalmağa səbəb olur. Hər ikisi arasında tarazlığın qorunması sağlam həyat tərzi üçün çox önəmlidir.

gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir