Ailədəki problemləri həll etməyin 10 YOLU

Baxış sayı: 1. 053

Evlilikdə problemlərin olması təbiidir. Bu problemlər daha çox tərəflərin bir-birilərini tanımamaları, ya da az tanımaları ilə bağlıdır. Bəs bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?..
1. Evdəki problemləri həll etmək üçün yeganə yol problemə səbəb olmamaqdır. Çünki bir yerdə qıfıl yoxdursa, deməli açara da ehtiyac yoxdur. Yox, əgər sizin iradənizdən asılı olmadan bir problem baş vermişsə, ilk növbədə problemin həllinə köklənməyə çalışın.

2. “Mən belə də bilirdim”, ya da “Necə demişdimsə, elə də oldu” kimi sözlərlə məsələni öyrənmədən addım atmayın. Başqa sözlə, problem olmadığı halda, problem var imiş kimi hərəkət etməyin. Unutmayın ki, dağıtmaq asandır, qurmaq çətin…

3. Bir-birinizə qarşı ittihamlardan uzaq olun. Ya da yerli-yersiz ittihamlarla bir-birinizin ürəyini sındırmayın. Sonra da “Kaş ki, elə deməyəydim” və ya “Kaş ki, belə etməyəydim” demək məcburiyyətində qalmayın.

4. Həmişə özünüzü müdafiə etməyin. “Mən elə deməmişdim”, ya da “Mən belə fikirləşməmişdim” deyərək “mən” silahının arxasında gizlənməyin. Unutmayın ki, dostun atdığı gül, düşmənin atdığı güllədən daha çox yara açar.

5. Bəzən tərəflər bir-birilərinin səhvlərini üzlərinə deməkdən çəkinmirlər. Hətta az qala özlərini qarşı tərəfi təhqiq edən polis xəfiyyəsi kimi aparırlar. Səbəbini soruşanlara isə “Mən ona səhvlərini göstərirəm” və ya “Mən onun yaxşılığını fikirləşirəm” deyərək özlərini müdafiə edirlər. Halbuki, hər həqiqəti hər yerdə demək doğru deyil.

6. Bəzən tərəflər hər hansı bir problemdə heç cür ortaq məxrəcə gəlmək istəmirlər. Hətta daha çox bir-biriləri ilə ziddiyyətə getməyi üstün tuturlar. Az qala hər ikisi bu yolla bir-birilərinə “dərs verməyə” çalışırlar. Halbuki bir şagird sinifdə “Mən məsələni həll etmirəm, qoy müəllimə dərs olsun” deyə bilərmi? Hətta bu cür desə belə, gec-tez sinifdə qalmağa məhkum olmazmı?

7. Problemlərin həllinə mane olan amillərdən biri də problemi unutmamaqdır. Tərəflər arasında bir problem baş verir və bu problemin üstündən nə qədər vaxt keçir. Ancaq tərəflərdən biri bunu unutduğu halda, o biri “Niyə belə dedin?”, “Niyə elə etdin?” kimi sözlərlə problemi yenidən “alovlandırmağa” çalışır. Halbuki evlilikdə bir problem meydana çıxdıqda “İndi riyaziyyat dərsindəyik. Qarşımızda bir məsələ var. Və biz bu məsələni həll etməliyik” deməli və bu məsələni həll etməliyik. Sonra da “Zəng vuruldu və dərs qurtardı” deyərək bu “dərsdən” çıxmalıyıq.

8. Hər bir insan səhv edə bilər. Təbii ki, həyat yoldaşınız da… Hətta o öz səhvini başa düşüb sizdən üzr istəyə də bilər. Elə isə bağışlamağı bacarın və “Niyə belə oldu?” və ya “Niyə belə etdin?” kimi suallarla qarşı tərəfi hesaba çəkməyin. Unutmayın, həmişə bağışlayanlar qazanırlar…

9. Evlilikdə yol verilən ən böyük səhvlərdən biri də qarşıya çıxan problemlərin həllini təxirə salmaqdır. “İlk addımı mən niyə atmalıyam?” və ya “Qoy özü səhvini başa düşsün” kimi sözlərlə problemlərin həllini təxirə salmaq əslində vaxt itkisinə səbəb olmaqdan başqa bir şey deyil.

10. Bəzən tərəflər problemləri ört-basdır etməklə onların böyüməsinin qarşısını aldıqlarını düşünürlər. Halbuki onlar bununla problemlərin böyüməsinə şərait yaratdıqlarını unudurlar. Başqa bir məsələ isə bu problemlərin şüuraltına yerləşməsi və tədricən tərəflərdə psixoloji problemlərə gətirib çıxarmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir