Ailəli kişilər və xanımlar oxusun!

Baxış sayı: 1. 599

Sədaqətsizlik ailədə xərçəng xəstəliyi kimidir. Bədəndə hüceyrələrarası münasibətlərin pozulması ilə xərçəng xəstəliyi əmələ gəldiyi kimi, ailədə də sədaqətsizlik göründümü, demək münasibətlərdə eyni xəstəlik yaranıb.

Bədəndəki xərçəng xəstəliyi özünü ağrılarla büruzə verdiyi kimi, ailə münasibətlərində də analoji hal ər-arvad tərəfindən o andaca hiss edilir. Xüsusilə də, qadınlar bu məsələdə daha həssasdırlar. Hətta o qədər həssasdırlar ki, bəzən əsassız yerə şübhələnir, qısqanır, ailədə qanqaraçılığı çıxarır. Əgər həqiqətən də ailədə sədaqətsizlik varsa və qadın bunu hiss edirsə, onun necə davranacağı çox önəmli məsələdir. Ya hər şeyi öyrənib evdə dava-şava çıxaracaq, ya da bildiyini belə büruzə vermədən erkən aşkarlanmış xəstəlik kimi o vəziyyəti aradan qaldırmağa, tədbirlə, təmkinlə işi həll etməyə çalışacaq. İlk növbədə, oturub düşünməlidir. Müəyyən etməlidir ki, bu vəziyyətin yaranmasında özünün nə qədər təqsiri var. Əgər varsa, o qüsurları aradan qaldırmaq üçün fəaliyyətə başlamalıdır. Yox, əgər özündə ərinə qarşı bir qüsur görə bilməsə, yenə vəziyyəti doğuran amilləri müəyyən edərək ailəsinin bütövlüyü, bölünməməsi üçün mübarizəyə girişməlidir. Həm də bildirmədən, hiss etdirmədən. Düşünməlidir ki, görəsən əri niyə xoşbəxtliyi öz ailəsində deyil, başqa yerdə axtarır. Təcrübə göstərir ki, bu düşüncələrlə məsələyə müdaxilə edən xanımlar əksər hallarda öz istəklərinə nail ola, öz ərlərini yanlış yoldan döndərə bilirlər. Özünüz təsəvvür edin, əgər bir insan bir işi gizlədirsə, demək o işin yaxşı iş olmadığını bilir. Bunu bilir, üstəlik də, ailəsindən vaz keçə bilmir. Əgər vaz keçsəydi, heç hay-küy çıxarmadan boşanar və istədiyinin yanına gedərdi. Onu ailəsinə bağlayan ən mühüm amil övladlarıdır. Həqiqətən də, övlad sevgisi hər duyğuya fəda ediləcək bir nemət deyil. Xanım da məhz bu faktorun verdiyi gücü, üstünlüyü işə salaraq ailə bütövlüyünü qorumalıdır. İlk növbədə isə öz əskiklərini düzəltməklə işə başlamalıdır. Bu bir gerçəkdir ki, kişini öz ailəsindən soyudan, gizli-gizli ünvanlara yönəldən ən birinci amil həyat yoldaşının diqqətsizliyi, laqeydliyidir. Demək olar ki, ailəsinə xəyanət edən kişilərin əksəriyyəti bu qəbahəti sevgi, diqqət, səmimiyyət görmədikləri ilə izah etməyə çalışır. Əlbəttə, xəyanətə, sədaqətsizliyə heç cür bəraət qazandırmaq olmaz, amma onu da unutmayaq ki, hər kəs yüksək düşüncəli, əxlaqlı, haramlardan, günahlardan qorxub çəkinəcək qədər iman sahibi deyil və evdəki diqqətsizlik belə birisinə xəyanətin qoynuna atılmaq üçün güclü və arzuedilən bir təkan olur. Ona görə də qadın hər şeydən daha çox öz ailəsinə diqqət ayırmalı, ailə səadətini işinə, karyerasına qurban verməməlidir. Qadın hər şeydən öncə bir kişinin xanımı və anadır. Övladlarının xoşbəxtliyi üçün əlindən gələn hər şeyi etmək qadının analıq borcudur. Vəzifəsi, maaşı nə olurolsun, istər ata, istərsə da ana övladların xoşbəxtliyi üçün təkbaşına lazım olan hər şeyi təmin edə bilməz. Onlar bir-birini tamamlayan iki yarım kimi ailənin başında tamamlanıb bir olmalı, bütöv olmalıdırlar.

Bu gün böyük şirkətləri, holdinqləri idarə etmək üçün ali təhsil alırlar. Ailəni idarə etmək, həm də ədalətlə idarə etmək şirkəti idarə etməkdən daha çətindir və mənə belə gəlir ki, gənclərə ailəni, ailə səadətini öyrədən fakültələrin açılmasına da böyük ehtiyac var. Əvvəllər uşaqlar böyük ailələrdə böyüyürdülər, babadan, nənədən ədəb-ərkan öyrənirdilər. Səbir etməyi, fədakarlığı, başqasının qayğısına qalmağı, qarşılıqlı ehtiramı görüb-götürürdülər, ailədə bir baba universiteti, nənə universiteti keçirdilər. Ona görə də boşanmalar, incikliklər, demək olar ki, yox dərəcəsində idi. İndi isə nənələri, babaları bir tərəfə atdıq, azad olmaq istədik və dedik ki, bizə kimsənin öyüd-nəsihəti lazım deyil. Mənzərə də göz qabağında; bu “azadlığın” nə qədər ayrılıqlara, göz yaşlarına səbəb olduğu hər kəsə məlumdur.

Sədaqətsizlik mövzusuna qayıdaq. Tutaq ki, qadın ərinin sədaqətsizliyini hiss elədi və heç nə düşünmədən dava salmağa başladı. Beləcə, evdə hər şeyin dadı qaçır, tərəflər bir-birini ittiham etməkdən yorulmurlar. Köhnə yorğan içi tökülür, kin, qəzəb gözlərini elə yumur ki, daha heç nəyi görmək istəmirlər. Kişi arvadının bu qədər boz, davakar üzünü görəndə illərlə bu həyatı necə yaşadığına təəccüblənir və ondan qaçıb qurtarmaqdan başqa bir şey fikirləşmir. Buyur, bu da sənə sürpriz sonluq, qaş qayıran yerdə vurub gözü də çıxardın. Ona görə də bu cür məsələlərdə hər zaman təmkin, tədbir ön planda olmalı, qadın özünü düşünməsə belə, övladlarının sabahını düşünməli və ailəsini dağıtmamalıdır. Yazımızın əvvəlində demişdik ki, qadın ailədə hər şeyi sezir. Amma yaxşı olar ki, iş işdən keçməmiş o öz qusurlarını və ərinin zövqünü öyrənib elə davransın ki, sonradan peşmançılıq olmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir