imtahan

Ali təhsil müəssisələrinə qəbul qaydalarındakı dəyişikliklər nə vəd edir?

Baxış sayı: 1. 377

Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb. Abituriyentlərin ixtisas seçimi, müsabiqədə iştirak etmək və bütövlükdə ali təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə qəbul qaydalarında yeniliklər edilib. Belə ki, DİM-dən mətbuata verilən məlumata görə, bu ildən başlayaraq, qəbul imtahanını rus dilində verən və Azərbaycan dili fənnindən “məqbul” alan abituriyentlərin imtahan nəticələri ardıcıl iki tədris ili üçün (cari və növbəti) etibarlı sayılacaq, onlar bu nəticə əsasında qəbul kampaniyasında iştirak edə biləcəklər. Həmçinin abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etmək imkanı verilir. Yəni abituriyentlərin iki şansı olacaq. Onlar hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu seçə bilməzlər. Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib.

Digər bir yenilik bir neçə ixtisasın bir qrupdan digərinə keçirilməsi ilə bağlıdır ki, bununla da əvvəllər I ixtisas qrupuna daxil olan “Dizayn” (memarlıq və dizayn istiqaməti) ixtisası V ixtisas qrupuna, II ixtisas qrupuna daxil olan “Geodeziya və xəritəçilik mühəndisliyi və Yer quruluşu”, “Torpaq və şəhər kadastrı” ixtisasları isə I ixtisas qrupuna keçirilib.

“DİM-in tətbiq etdiyi dəyişikliklər ali məktəbə qəbul qaydalarında müsbət dəyişikliklər yarada biləcəkmi?” sualı isə ekspertlər tərəfindən dəstəklənsə də müzakirəyə ehtiyacı olan məqamları da vurğulanır.

 

Həm ziyarət, həm ticarət

 

Hələ keçən ildən Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci qəbul ilində rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən imtahan verəndə əldə etdikləri məqbul nəticənin əvvəlki illər üçün də keçərli olacağının qeyd edildiyini bildirən təhsil eksperti Kamran Əsədov bunu müsbət hal kimi dəyərləndirir: “Bu məsələyə ikitərəfli yanaşsaq, Azərbaycan dilində imtahan verən rus bölməsinin abituriyentləri “qeyri-məqbul” almırdılar. Yalnız 5-6 faiz şagird qeyri-məqbul alırdı. Bu qaydanın da ləğv edilməsi əlbəttə, onların təhsil almasına dəstəkdir. Ümumilikdə isə bir şəxs hər il bir fəndən imtahan verirsə, ilk növbədə Azərbaycan dili nəzərdə tutulur, növbəti ildə təkrar imtahan verməsi yaxşı hal deyil. Bu, onun hüququnun tapdanması, həm də imtahanın etibarlılığının azalmasıdır”. DİM-nin bu nümunəni dövlət qulluğuna qəbul üçün də elan etdiyini deyən ekspert bildirir ki, kimsə dövlət qulluğuna bir dəfə imtahan verir və orada müvəffəq qiymət alırsa, ona sertifikat verilir: “Bu, 5 il ərzində keçərlidir. Həmçinin, dünya təcrübəsində imtahanın etibarlılığının göstəricisidir. Məsələn, İELTS imtahanları var ki, bir neçə il ərzində keçərlidir. Məsələn, bu il həmin imtahanı versəniz istədiyiniz vaxt istənilən universitetə qəbul olunarsınız. Bu həmin sənədin hüquqi qüvvəsi və etibarlılığının göstəricisidir”.

Ekspert yeni dəyişikliyin maliyyə məqsədilə edildiyini vurğulayır: “Bunun arxasında maliyyənin durduğunu heç kim inkar edə bilməz. Yəni bu ildən etibarən abituriyentlər bir ixtisas daxilində seçdikləri 4 ixtisas qrupundan birini seçərlərsə, iki dəfə imtahan verəcəklər. Əgər birində az bal toplayarlarsa, şanslarını ikinci dəfə sınamalı ollacaqlar. Dünyanın heç bir ölkəsində qəbul aparılan yerlərdə şagirdin taleyi ildə 3 saat keçirilən imtahanla həll oluna bilməz. Ola bilər ki, həmin imtahan vaxtı şagird psixoloji gərginliyə düşsün və ya səhhətində problem olsun. Yəni 17-18 yaşlı şagirddən ildə bir dəfə imtahanın götürülməsi məqbul hesab edilir. Burada həm ziyarət, həm ticarət məsələsi var. DİM bu imtahanı iki dəfə etməklə maliyyəni göz önünə alır. Yəni qurum artıq publik şəxs kimi fəaliyyət göstərir və dövlət tərəfindən maliyyələşmədiyindən imtahanı iki dəfə etməklə gəlirlərini artırmaq istəyir. Amma bütün hallarda, bu dəyişiklik abituriyentin xeyrinədir”.

İmtahanların indiyə qədər pulsuz keçirildiyini iddia edən DİM-in fikirlərinin əksinə olaraq, ekspert qeyd edir ki, indiyə qədər sınaq imtahanları 3 man 54, qəbul imtahanları 2 manat 50 qəpik idi: “Bundan əvvəl TQDK imtahan qiymətlərinin 25 manat civarında olacağından danışırdı. Amma prezidentin sərəncamı ilə Nazirlər Kabineti tərəfindən imtahanların qiymətləri ilə bağlı tariflər müəyyənləşəcək. Əgər imtahanın qiyməti fantastik qiymətə qalxsa, əminliklə deyə bilərəm ki, bu qəbula gələnlərin sayının kəskin azalmasına səbəb olacaq”.

Sonuncu qəbul imtahanında 85 min nəfər abituriyentin iştirak etdiyini deyən ekspert  onlardan 64 faizinin 200 bal toplaya bilmədiyini təəssüflə söyləyir: “Bu o deməkdir ki, 64 faizi keçid balını toplaya bilməyəcəyini bilir. Demək onlar sənəd qəbulunda iştirak etməyəcəklər. DİM hesab edir ki, əgər imtahanların qiymətini 20 manat etsə, yenə 80 min insan iştirak edəcək və ortada böyük məbləğ qazanacaq. Ancaq qiymət yüksək olacağı təqdirdə proqnozlaşdırılmış gəlir əldə edilməyəcək. Nəticə etibarilə Azərbaycanda ali təhsilə gedənlərin sayı kəskin şəkildə azalacaq. Üstəlik, təmayülləşməyə keçid nəticəsində artıq bir çox məktəblərdə 10-11ci siniflər olmayacaq. Bir neçə məktəb birləşəcək, heç kim yaşadığı ərazidən uzaq məktəbə getməyəcək”.

K.Əsədovun fikrincə, bu məsələlər ciddi araşdırılmasa, Azərbaycanda ali məktəblərə gedənlərin sayında azalma müşahidə olunacaq. Belə ki, orta məktəb məzunları buraxılış imtahanlarında iştirak edərək attestat alıb xarici universitetlərə üz tutacaqlar: “DİM-in imtahan qiymətləri 7-8 manatdan yuxarı olmamalıdır. Əgər 10-15 manat civarında olarsa, bizim abituriyentlər kütləvi şəkildə xaricdə oxumağa gedəcəklər. Çünki bizim ali məktəblərimizdə təhsil haqqı qonşu ölkələrlə müqayisədə bahadır. Təhsil Azərbaycan insanı üçün əlçatan olmalıdır. Bunun üçün qiymətləri minimuma endirmək lazımdır. Bu dəyişiklik mütərəqqi addım olsa da, buna gəlir mənbəyi kimi baxmaq lazım deyil”. İxtisasların bir qrupdan digərinə keçirilməsinə gəlincə, ekspert bunu da mütərəqqi hal kimi,  hətta bir qədər gecikmiş addım kimi dəyərləndirir: “Təsəvvür edin ki, “Beynəlxalq münasibətlər” bu gün ikinci qrupda ixtisaslaşıb. Bu ixtisası bitirən şəxslər diplomat olurlar. Və ya Amerikaşünaslıq, Qafqazşünaslıq, Avropaşünaslıq üzrə oxuyanlar ikinci qrupda “Azərbaycan tarixi” keçirlər. Ali məktəbdə oxuyanda isə onlara “Dünya tarixi” tədris olunur. Bu baxımdan “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq” ixtisasları üçüncü qrupda olmalıdır. Bir çox ixtisaslar yanlış qruplarda həyata keçirilir. Bu məsələlər ciddi şəkildə mütəxəssisləri cəlb etməklə yenidən işlənib hazırlanmalıdır”.

 

Bu məsələlər birtərəfli həll olunmamalıdır

 

Təhsil eksperti Nadir İsrafilov dəyişikliklərin keyfiyyətdən daha çox kəmiyyətə təsir göstərən addım kimi dəyərləndirir: “Biz ali təhsillilərin adambaşına düşən sayının artırılmasına görə bir sıra ölkələrlə müqayisədə geridəyik. İki dəfə imtahan vermək də ali təhsillilərin sayının artırılmasına xidmət edir. Çünki tələbə imtahan verib 150 bal toplayıbsa, bir aydan sonra onun 300 bal toplaması o qədər də inandırıcı görünmür. Bu da bizim təhsilin əlçatan olması ilə bağlı irəli sürülən vəzifələrdən irəli gəlir”.

Ekspert həmçinin dəyişiklikdə Dövlət İmtahan Mərkəzinin maliyyə maraqları olduğunu istisna etmir. Belə ki, DİM-in imtahanlardan iki dəfə ödəniş alma məsələsi var: “Çünki DİM-in sədri  Məleykə Abbaszadə açıqlamalarında publik şəxs olandan sonra vəsaitlərin imtahanların, testlərin keçirilməsinə sərf olunduğunu bildirir. Təhsil naziri də çıxışında müvafiq ballar toplamayanlar üçün universitetlərin nəzdində hazırlıq kursları təşkil olunacağını qeyd etdi. Bu kurslar vasitəsilə abituriyentlərin ali təhsil müəssisələrinə daxil olması məsələsi asanlaşacaq. Ancaq həmin kurslar da ödənişli olacaq”.

Ekspertin fikrincə, bu dəyişiklik ödənişlərin vətəndaşların yox, dövlətin hesabına həyata keçiriləcəyi təqdirdə humanist addım hesab olunardı: “Çünki həmin insanlar müəyyən xərclər çəkirlər, sonra onların işlə təmin olunmasında da problemlər yaranır. Hesab edirəm ki, bu məsələlər birtərəfli həll olunmamalıdır. Əgər biz təhsili əlçatan edib qapıları abituriyentlərin üzünə açırıqsa, digər tərəfdən nəzərə almalıyıq ki, 100 və ya 50 balla ali məktəblərə qəbul elan edəndə qeyri-peşəkar kadrlar meydana gəlir. Kadrların işlə təmin olunmasında problem yaranır”.

N.İsrafilov hesab edir ki, ali məktəbləri “əlçatan” etməklə kəmiyyət artır və nəticədə keyfiyyət zəifləyəcək: “Elə ölkələr var ki, biz ali təhsillilərin sayına görə üstünük. Ali təhsilliləri 5-7 faiz olan ölkələr var. Deyək ki, bizdə onların sayı 17 faizdir. Ancaq elə ölkələr var ki, orada adambaşına düşən təhsil 35-37 faizdir. Həmin ölkələrin iqtisadi-siyasi, sosial inkişafı ilə müqayisə edəndə ali təhsillilərin adambaşına düşən sayının az olduğu ölkələrdə elmi -nəzəri pedaqoji göstəricilərin daha yüksək olduğu üzə çıxır”.

Ali məktəblər özlərinin hazırlıq kurslarının açılması təşəbbüsünü irəli sürdüklərini qeyd edən ekspert hesab edir ki, bu məsələdə tələb və təklif prinsipləri nəzərə alınmalıdır: “Sovet dövründə tələb və təklif prinsipi keyfiyyətli kadrların hazırlanmasına səbəb olurdu. Biz indi ya keyfiyyəti, ya da plan yerlərini əsas götürməliyik. Bu dəyişikliklər plan yerlərinin doldurulması xətrinə atılan addımlardır. Əgər tələb və təklifə uyğun hərəkət etsək, yaxşı kadrlar yetişdirə bilərik. Ali kadrların sayına görə iqtisadiyyatda inkişafa nail olmaq mümkün deyil”.

Ekspertin fikrincə, təhsilin əlçatan olması dövlət hesabına həyata keçirilsə yaxşıdır. Çünki tələbələr savadsız yetişsələr belə az da olsa intellektə yiyələnə bilərlər. Yəni fəhlə işləsələr belə ali təhsilli olmaları onların dünyagörüşünə, baxışlarına təsir edəcək: “Bu isə insanların maddi çətinlikləri hesabına həyata keçirilməsə, daha yaxşı olar”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir