Alim Qasımovun qızı: “Atamın əlindən tutub gedirəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 751

Əməkdar artist Fərqanə Qasımova Beynəlxalq Muğam Mərkəzində “Nəva dəsgahı” adlı solo konsert verəcək

Muğam dünyasının əvəzedilməz siması olan xalq artisti Alim Qasımovun qızı, gənc xanəndə, əməkdar artist Fərqanə Qasımova oktyabrın 9-da muğamsevərləri ətrafına cəm edəcək. Belə ki, “Kaspi”-nin qonağı olan xanəndə həmin gün Beynəlxalq Muğam Mərkəzində “Nəva dəsgahı” adlı solo konsert verəcəyini bildirdi və bütün muğamsevərləri konsertinə dəvət etdi. O, müsahibə əsnasında Qasımovlar ailəsinin ənənəvi konsertlərindən də danışdı.

– Fərqanə xanım, bu konsertdə hansı yenilikləri görəcəyik? Ümumiyyətlə, “Nəva dəsgahı”-nda tamaşaçıları nələr gözləyir?

– Konsertdə öz repertuarımda olan mahnıları ifa edəcəyəm. Konsertdə 4 mahnı və “Nəva dəsgahı”nı ifa etməyi düşünürəm. “Rast” və “Şur” üzərində hazırlanmış təsniflərə də yer ayıracağam. İfalarımın bəstəsi isə Şamil İsmayılova məxsus olacaq. Şamil müəllim dahi şairimiz Füzulinin sözlərinə öz bəstəsini əlavə edəcək və mən də onu muğamsevərlərə təqdim edəcəyəm. Daha sonra “Bayatı Şiraz” üzərində “Mən sənin görüşünə qışda gəlmişəm” təsnifini də səsləndirəcəm. Konserti daha da maraqlı etmək üçün İrandan qonaqlar dəvət etmişik. İstəyirik ki, neyin səsini azərbaycanlı tamaşaçılar da eşitsin. Sizin vasitənizlə buradan bütün tamaşaçılarımızı, bizi sevənləri muğam gecəsində görmək istədiyimi bildirirəm.

– Alim müəllim hər konsertində yenilikləri ilə tamaşaçıları heyrətləndirməyi bacarır. Bəs siz necə, müasir mahnılarla muğamı sintez etməyi düşünürsünüzmü?

– Bəli, biz atamla səhnəyə çıxarkən hər zaman yeniliklər edirik və bu da tamaşaçılar tərəfindən çox gözəl qarşılanır. Biz də bu dəfəki konsertdə müasir klassik muğama üz tutmuşuq. Bundan öncəki konserti daha müasir üslubda hazırlamışdım. Orada gitara, zərb aləti, skripkadan istifadə olunmuşdu. Bu konsertimdə isə tamamilə milli alətlərdən – ud, tar, kamançadan istifadə edəcəyik. Orada üç ritm olacaq. Bu konsertim məhz muğam ritmlərindən ibarət olacaq. Bir sözlə, oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Nəva dəsgahı”, əsil muğam gecəsi olacaq.

– Adət-ənənə demişkən, bu dəfə də ötən konsertinizdəki kimi ayaq üstə ifa edəcəksiniz? Yoxsa adət-ənənələrinizə sadiq qalacaqsınız?

– Bu dəfə atamın yolu ilə gedəcəm (gülür). Səhnədən səsimi ayaq üstə deyil, Alim Qasımov kimi xalça üzərində eşidəcəksiniz.

– Konsertdə Alim Qasımovu görə biləcəyikmi?

– Alim müəllimin eşqindən, ruhundan ekspromtluq gözləmək olar. Çox ümidlə Allaha dua edirəm ki, konsertim uğurla keçsin. Arzulayıram ki, bu konsertimdə də alqışların səsi kəsilməsin. Sözsüz ki, mənim konsertimdə Alim müəllimin iştirakı əvəzsizdir, ancaq o, səhnədə ifa etməyəcək. Alim müəllimlə duet olmayacaq, amma tamaşaçıların xahişi olsa, təbii ki, duet ifa edəcəyik.

– Əksər xanəndələrin arzusu Alim Qasımovla eyni səhnəni paylaşmaqdır. Bəs qızı Fərqanənin arzusu nədir?

– Azərbaycanın ən böyük sənətkarı olan Alim Qasımovla eyni səhnəni paylaşıram və bununla fəxr edirəm. Mən onu sənətinin içində olan insanam və bir növ onun davamçısıyam. Atamın yanında bu sənətin böyüklüyünü öyrənmişəm. O böyüklüyü ki, hələ indiyə qədər məni balaca saxlayır. Bir var muğamın ruhu, bir də var bədəni. Biz bədənini oxumuruq. Atam daim muğamın ruhunu axtarır. Onun üçün də mənə bədəndən çıxıb ruha getmək bir az çətin mərhələdir. Atam muğamın bədənini çox oxuyub – toylarda, cavanlıqda. O qədər məclislərdə oxuyub ki, bədəndən keçib ruha. Amma məndə isə başqa cürdür. Hərdən özüm haqda deyirəm ki, mən yazıq heç bir məclis görmədim. Aşıqlar, mərsiyələr, muğamların hamısı məclisdən, mərasimdən çıxırlar. Deyir, muğam nədir? Nurlanma. Sən onu axtarırsan, gedirsən Allaha tərəf. Amma məndə o axtarışlar olmayıb. Çünki toylara, mərasimlərə getmirəm. Konsertdən konsertə. Ona görə bu proseslər məndə çox gec-gec baş verir. Hələ ki muğamın bədəni ilə ruhu arasındayam. Amma atamın adı var, Alim Qasımovun muğamıdır deyə sıxıntıdayam ki, aman Allah, nəsə bir xətər dəyər. Atam mənim indi əlimdən tutur, o hava ilə aparır məni muğama. Atam gedir, mən də onun havası ilə gedirəm. Biz iki bədəndə bir ruh, bir bədən oluruq. O ki qaldı mənim arzuma, çox istərdim ki, xarici hansısa əlçatmaz bir sənətkardan dəvət alım. Muğam və digər ifaçılar da ola bilər. Mənim üçün gözlənilməz bir sevinc ola bilər.

– Diqqət etdiyimiz qədəri ilə, siz mahnını ifa edərkən onun içinə müxtəlif qəzəllər, şeirlər əlavə edib bir obraz yaradırsınız. Bu obrazı peşəkar səhnədə – Opera və Balet Teatrının səhnəsində canlandırmağı heç düşünmüsünüzmü?

– Əlbəttə. Çox istərdim ki, xanəndələrin yer aldığı o böyük səhnədə – Opera və Balet Teatrında çıxış edim. Ən böyük arzum isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırmaqdır. Leyli obrazını bir şərtlə canlandıraram – Məcnunum atam olacaqsa. Heç olmasa, birinci Məcnunum atam olsun.

– Fərqanə xanım, atanızla birgə xarici qastrollarda çox olursunuz. Vətəndən kənarda Azərbaycan muğamına göstərilən münasibəti məhz sizdən eşitmək istərdik. 

– Bəli. Biz vətəndən kənarda Azərbaycan muğamını ifa edirik və gözəl münasibət görürük. Xaricilər muğamımızı çox gözəl qarşılayırlar. Xarici vətəndaşlar Azərbaycan muğamını təmizlənmə, nurlanma, paklanma üsulu kimi qəbul edirlər. Və həqiqətən də, sözün əsl mənasında ondan böyük zövq alırlar. Hətta konsertdən sonra bizə yaxınlaşıb “möhtəşəm”, “əlçatmaz” kimi ifadələr səsləndirirlər. Onlar muğama əlçatmaz, uca bir varlıq kimi baxırlar. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bu da bizi qürurlandırır.

– Hicaba olan sevgi muğama olan sevgi qədərdirmi? 

– Məncə yox, muğamla əlaqəli deyil. Namaz qılırdım, amma ruhumda elə bil aclıq vardı, elə bil Tanrıya qovuşmağımda nə isə bir maneə vardı. Ailəmdə də namaz olmamışdı. İnsan dili ilə, qəlbi ilə və bədəni ilə şükr etməlidir. Dilimlə edirdim, qəlbimlə edirdim, bədənim əziyyət çəkirdi. İnsan özü ona doğru getməlidir, ruhun tələbatı olmalıdır. İçindəki Tanrı sevgisi sənə “əyil” deyir. Həqiqətən də başımı bağlamaqla rahatlığa qovuşdum. Bu bir cihaddır, Tanrı yolunda gözəlliyindən keçirsən. Bu yaxında eşitdim ki, başıbağlı qadın Allahdan qorxandır, kənardan baxanlar da onu belə qəbul etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir