AILE

Aliment Fondu yaradılsınmı?

Baxış sayı: 185

Son illər boşanmaların sayının artması ilə aliment problemi daha da aktuallaşıb. Bu gün aliment verməkdən imtina edən, gəlirlərini gizlədən kifayət qədər valideyn var. Nəticədə uşaqlar ata himayəsi olmadan böyüməklə yanaşı, maddi ehtiyac içində də qalırlar.

Qeyd edək ki, bu günə kimi boşanan ailələrin maddi problemlərinin həll olunması üçün Aliment Fondunun yaradılması təklifi bir neçə dəfə gündəmə gətirilib. Bu dəfə bu təklifi Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova səsləndirib. Ombudsmanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir: “Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış Aliment Fondunun yaradılması qaçılmaz zərurətdir”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, İnsan Haqları üzrə Birgə Qrupun üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, uşaqlar üçün Aliment Fondunun yaradılması maraqlı ideyadır: “Bu istiqamətdə müəyyən addımlar atılır, müzakirələr aparılır. Uşaqların maraqlarının, mənafelərinin, hüquqlarının qorunmasının vacib şərtlərindən biri də əgər nigah pozulması baş verirsə və yaxud valideynlərdən biri uşaqların saxlanılması prosesində, tərbiyə olunmasında iştirak etmirsə, o zaman onun barəsində aliment tələbinin meydana çıxması və məhkəmə tərəfindən aliment verilməsi öhdəliyinin üzərinə qoyula bilməsidir”.

Son illərdə Azərbaycanda nikahın pozulması hallarının çoxaldığını deyən müsahibimiz bildirir ki, həm nikahın pozulması prosesi sürətlənib, həm nikahların pozulmasında intensivlik artır, eyni zamanda nikaha daxil olanlarla nikahı pozanlar arasında nisbət az olmayan qismi təmsil edir. “Nikahı pozanlar böyük bir qismi təşkil edir. Hətta bunun sayı bir az çoxalmaqdadır. Bu, əlbəttə ki, narahat edən bir məsələdir”.

Nuriyev qeyd edir ki, nikahın pozulması nəticəsində valideynlər tərəfindən uşaqlara qayğı göstərilmir: “Xüsusilə də, atalar tərəfindən. Bəzi hallarda nikahın pozulması olmadan belə valideynlərdən birinin, xüsusilə də, ailə başçısının, atanın ölkənin hüdudlarından kənarda olması uşaqların maraqlarının, mənafelərinin təmin edilməsində problemlər yaradır”.

Onun sözlərinə görə, digər bir məsələ, erkən nikahlarla bağlıdır.” Erkən yaşda qurulan ailələrin tez-tez dağılmasının şahidi oluruq. Bu zaman da övladlar ata qayğısı, himayəsi görmədən yaşamağa məcburdurlar. Belə olan hallardaÖ əlbətdə ki, məhkəmələr tərəfindən aliment təyin olunur. Baxmayaraq ki, aliment tələbi var, alimentdən yayınırlar. Aliment qanunvericiliyə əsasən əmək haqqının müəyyən misli qədər və yaxud sabit məbləğlə müəyyənləşdirilə bilər. Lakin nəticədə getdikcə alimentdən yayınma halları baş verir”.

Hüquqşünas alimentdən yayınmanın iki səbəbini görür: “Biri onunla bağlıdır ki, şəxs doğrudan da işləmir, iş yoxdur. Belə olan halda, təbii ki, onun alimenti vermək imkanı yoxdur. İkinci tərəfdən, bilərəkdən alimentdən yayınmaq məsələsi var. Baxmayaraq ki, şəxsin əmlakı var, əmlakı, iş yerlərini qeydiyyatdan keçirmir, bizneslə məşğuldur, amma öz adına heç nə yoxdur, olmasa da, faktiki olaraq onun sahibidir. Elə valideynlər tapılır ki, övladlarına vəsait ayırmaqdan imtina edirlər. Qanunvericilik bununla bağlı sərt tələblər qoyub. Belə olan halda, şəxs aliment ödəməkdən yayınırsa, gizlənirsə, onun axtarışı ilə bağlı müvafiq qərar qəbul olunur, məsuliyyətə cəlb etmə halları olur. Bütövlükdə bunların təyin edilməsi belə alimentin verilməsini təmin etmir”.

aile

Onda sual meydana çıxır ki, uşaqlar kimin hesabına yaşamalıdır? Müsahibimizin sözlərinə görə, mövcud qanunvericilik dövlətin üzərinə də ailənin saxlanılması ilə bağlı öhdəliklər qoyur. “Onda belə müzakirələr aparılır, təkliflər irəli sürülür ki, Aliment Fondu yaradılsın. Aliment Fonduna büdcədən müəyyən vəsait ayrılsın. O şəxslər ki, aliment verməkdən yayınırlar, onları tapmaq olmur, həmin şəxslərlə bağlı uşaqlara münasibətdə aliment ödənilsin, sonra həmin şəxslərə yönəlib iddia qaldırılsın və onlardan müəyyən məbləğ tutularaq dövlətin büdcəsi hesabına keçirilsin. Bu təklif yetərli qədər arqumentləşdirilmişdirmi? İlk baxışdan arqumentləşdirilib, amma bütünlükdə vəziyyəti nəzərə alsaq, Aliment Fondu büdcədən maliyyələşdirilsə, büdcənin yüklənməsi baş verə bilər. Digər tərəfdən, uşaqların dövlətin himayəsində olması, dövlətin uşaqlara qayğı göstərməsi, onlara layiqli həyat şəraitinin yaradılması məsələsi var və Aliment Fondunun təşkili bunu təmin edə bilər”.

Dediyinə görə, lakin bu, eyni zamanda başqa halların da baş verməsinə gətirib çıxaracaq. “Məsələn, aliment verməkdən yayınma hallarına səbəb ola bilər. Çünki aliment vermək istəməyənlərin çoxu ölkəni tərk edir, onları axtarıb tapmaq belə olmur. Onların axtarışı bəzən illərlə davam edən proses olur. Onlar ölkəyə gəlmir. Və belə şəxslərin sayı da getdikcə artacaq. Fondun təşkili nikahların pozulmasının artmasına da bir əlavə imkanlar yarada bilər. Ona görə də ciddi surətdə Alment Fondunun yaradılması məsələsini araşdırmaq, tədqiqatlar aparmaq lazımdır. Bir çox hallarda aliment təyin olunur, lakin aliment təyinatı üzrə istifadə edilmir. Çünki aliment anaya verilir və ananın atası və ya anası həmin alimenti əlinə keçirir, nəticədə uşağın ehtiyacları üzrə xərclənmir. Düşünürəm ki, daha çox insanlarda dünya görüşünün dəyişilməsinə, maarifçilik iştiqamətində addımların atılmasına ehtiyac var. Eyni zamanda, ciddi surətdə nəzarət qoyulmalıdır ki, doğrudan da aliment məhz uşaqların ehtiyaclarının ödənilməsinə yönəlib”.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli deyir ki, Aliment Fondunun yaradılması vacibdir: “Bir çox ölkələrdə belə fondlar var. Lakin boşanmaq ərəfəsində olan ailələrlə iş aparılır, boşanan cütlüyə valideynlik məsuliyyəti başa salınır, uşaq və valideynlərlə psixoloq işləyir. Bundan sonra fond pulu verməyən və ya müəyyən səbəbdən gecikdirən ataların əvəzindən pul ödəyir. Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır. Yəni ana aliment qayğısı çəkmir. Bəzən ata da məsuliyyəti anlayır, uşağın mənafeyi baxımından könüllü ödəyir”.

Onun sözlərinə görə, aliment uşaq üçün ayrılmış vəsaitdir və valideyn bunu ödəməyə borcludur: “Nəzərə almaq lazımdır ki, əslində, həmin vəsait uşağın ehtiyaclarını tam ödəməyə çatmır. Bəzən elə qadınlar olur ki, onlar alimentdən imtina edirlər. Zənnimcə, atanın verdiyi pulu götürməyi qüruruna sığışdırmayan qadınlar səhvə yol verirlər. Axı həmin pulu uşağın normal böyüməsinə yönəltmək olar”.

F.Hacıbəylininin fikrincə, alimentin ödənməsi probleminin həlli üçün Aliment Fondunun yaradılması müsbət haldır: “Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olar ki, alimentdən yayınma halları baş verəndə dövlət işə qarışar. Aliment ödənmədikcə, borclar yığılıb qalacaq. Bu zaman hökumət strukturları fəaliyyətə keçəcəklər”.

Hüquqşünas Vüqar Səfərli də Aliment Fondunun yaradılması ideyasını müsbət qarşılayır: “Təəssüf olsun ki, ölkədə alimentlə bağlı problemlər mövcuddur. Valideynlik öhdəliyini yerinə yetirməyən valideynlər var. Alimnetlə bağlı məhkəmə qətnamələri çıxır. Buna baxmayaraq, bəzi valideynlər alimenti ödəməkdən yayınır. Aliment Fondunun yaradılması minlərlə uşağı valideynlərinin məsuliyyətsizliyindən xilas edərdi”, – deyə Vüqar Səfərli bildirir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir