Aliment

Aliment nədir və o hansı hallarda ödənilir?

Baxış sayı: 151

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ aliment adlanır. Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda isə, bu məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

 

1 uşağa görə – qazancın və başqa gəlirlərin dörddə bir hissəsi;

2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.

 

Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Burada çox önəmli məqam ondan ibarətdir ki, alimenti yalnız ər deyil, arvad da ödəyə bilər. Misal üçün, 3 uşaqlı bir ailədə boşanma faktı olarsa, arvad uşaqlardan imtina edərsə, ər məhkəməyə müraciət edərək arvadın gəlirinin yarısının aliment kimi tutulmasınl tələb edə bilər. Çünki həm Konstitusiyada, həm də Ailə Məcəlləsində qadın və kişinin hüquqları bərabər şəkildə təsbit olunub. Bu səbəbdən qadın hansı hüquqlara malikdirsə, kişi də eyni hüquqlara malikdir.

Əgər aliment məhkəmə qaydasında müəyyən olunubsa, ondan imtinaya yol verilmir, məhkəmə qərarının icra edilməməsi isə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırması nəzərdə tutulur. Bu səbəbdən alimentin icrası məcburidir və cinayət məsuliyyətinə səbəb olur.

Əgər  aliment verməyə borclu olan valideynin qazancı qeyri müəyyəndirsə, misal üçün usta işləyir və qazancı işə görə dəyişirsə, o zaman məhkəmə sabit məbləğ müəyyən edə bilər. Əgər boşanma nəticəsində valideynlərinin hər biri ilə uşaq qalıbsa, o zaman daha az təminatı olan valideynin xeyrinə olaraq məhkəmə tərəfindən sabit məbləğ müəyyən olunur.

Alimentlə bağlı məhkəməyə müraciət etmək üçün alimentin ödənilməsinə dair iddia ərizəsi ilə yaşadığınız yerin məhkəməsinə müraciət edə bilərsinizƏgər siz aliment ödəyirinizsə və məhkəmə qərarından sonra sizin gəlirinizdə əhəmiyyətli dəyişiklik baş veribsə, (işdən çıxmaq, ticarətinizin zəifləməsi və.s) bu zaman alimentin miqdarının azaldılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləriniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir