alis-vveris

Alış-veriş edərkən qiyməti necə endirmək lazımdır?

Baxış sayı: 140
Alış-veriş, şoppinq, bazarlıq. Bu sözlərin hər üçün eyni məna, eyni mahiyyətə malikdir. İnsanların mütəmadi olaraq etməyə məcbur olduqları iş məhz alış-veriş etməkdir. Kimisi bu işdən həzz alır, kimisi bu günün tez bitməsini gözləyir və sonda pulqabında bir quruşun da qalmadığını görüb kədərlənir.
Bu cür bədbin sonluqlar, əlbəttə, hər kəsə aid deyil. Yalnız bacarıqlı, helmli müştəri bazarlığı öz xeyrinə yekunlaşdıra bilər. Nəzərə alsaq ki, dünyada iqtisadi böhran davam etməkdədir və mürəkkəb iqtisadi proseslərin nələr vəd etdiyi məlum deyil, alış-verişi daha sərfəli etmək zəruriyyətə çevrilib.
Müştəriləri iki qrupa bölmək olar: aliş-veriş edərkən qiyməti endirməyə çalışan və çalışmayanlar.
Bəli, uğurlu şoppinq qiymətin endirilməsindən də asılıdır. Hətta deyərdim, xeyli dərəcədə asılıdır. Bəs dükandan istədiyiniz malı sizə uyğun qiymətə almaq üçün nələri etməliyik?
1. Qiyməti aşağı salmağı özünüzə vərdiş edin. Hər yerdə qiymət endirin- bazar, mağaza, avtosalon və s. Hətta yüzdə bir halda buna nail olsanız da, bunu etməyə davam edin.
2. İlk olaraq satıcının inamını qazanmağa çalışın. Özünüzü nəzakətli aparın və satıcını peşəkar saydığınızı büruzə verin. Bu hazırlıqlar olmadan böyük endirimə nail olmaq qəlizdir.
3. Mürəkkəb söhbətə əvvəlcədən köklənin. Rədd cavabına hazır olun.
4. Satıcıya bazardakı vəziyyətdən xəbərdar olduğunuzu göstərməyiniz endirim əldə etmək şanslarının yüksələcək.
5. Əgər satıcı sizin istədiyiniz qiyməti soruşsa, qiymət kağızındakı məbləğdən qat-qat aşağı rəqəm deyin. Hətta malın 50%-ni də söyləyə bilərsiniz. Əlbəttə, satıcı özündən çıxacaq. Olsun, özünüzə əmin aparın. Siz onu müvazinətini pozmusunuz, deməli, az da olsa, siz artıq öndəsiniz.
6. Çalışın ki, danışıqları satıcı ilə yox, dükan sahibi və ya səlahiyyətli şəxslə aparasınız.
7. Bahalı mal alarkən onun üzərində xırda qüsur (defekt) tapın və mağaza sahibini çağırın. Ola bilsin ki, sizə müəyyən endirim edilsin.
8. Əgər siz mütəmadi olaraq bir satıcı ilə alver edirsinizsə, ona hər hansı xidməti, köməyi təmənnasız olaraq edin. Bundan sonra sizə endirim etmək onun üçün bir növ borca çevriləcək.
9. Razılaşma maksimum dərəcədə gizli aparılmalıdır. Kənar şəxslər sizin qiymət endirməyinizi bilməməlidirlər. Onlar üçün qiymət yalnız kağızdakı rəqəmdir, sizə deyilən məbləğ yox.
10. Razılaşa bilmədiyiniz halda hər an çıxıb getməyə hazır olun. Hətta əgər bilsəniz ki, qonşu dükanda bu malı eyni qiymətə əldə edəcəksiniz. Əgər siz yadda qalsanız, növbəti dəfə sizə yüz faiz endirim edəcəklər.
11. Heç zaman özünüzü göstərmək üçün qiymət uğrunda mübarizə aparmayın. Alış-veriş etmək niyyətiniz yoxdursa, sadəcə qiyməti soruşmaqla kifayətlənin.
12. Sizə dəqiq hansı məhsulun lazım olduğunu müəyyən edin. Satıcını boş-boşuna yormayın.
13. Satıcıya düşünmək üçün vaxt verin. Əgər o susaraq götür-qoy edirsə, demək, sizin qazanma şansınız var. Narahat olmayın, ona pullar sizdən daha çox lazımdır.
14. Son ana qədər rahatlamayın. Satıcı sizin şərtlərlə razılaşsa belə, axırınca dəqiqədə o, fikrindən dönə bilər. Bu halda getməyiniz məqsədəuyğundur.
15. Satıcı ilə uzun söhbətdən sonra onu razı salmaq mümkün olmayıb. Sağollaşın və üzünüzdə təəssüf hissi ilə dükanı tərk edin. Satıcı sizi çağırsa, qayıdın. Ola bilsin ki, o da sizi yoxlayırmış. Bu sizin üçn əlavə təzyiq vasitəsidir.
16. Endirimi alandan sonra bütün xırdalıqları müzakirə edin. (qiymət, çatdırılma, əlavələr və s.)
17. Mal əlinizdədir, özü də istədiyiniz qiymətə. Bu hələ son deyil. Gələcəyiniz üçün addımlar atın. Digər mallarla maraqlanın, endirim edib-etməyəcəyini soruşun. Satıcının vədini almağa çalışın.
Əlbəttə, uğurlu alış-veriş etmək üçün yuxarıda sadaladıqlarımız kifayət etmir. Sizin şəxsi keyfiyyətləriniz, mövcud vəziyyət çox önəmlidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir