araq

Alkoqolizm niyə yayılır?

Baxış sayı: 1. 679

Nizami Gəncəvi yazırdı ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da… Amma haqqında danışacağımız su o sulardan deyil. Bunun artığı da, əskiyi də ziyandı. Alkoqollu içkilər etil spirtindən hazırlanmış sənaye məhsuludur. Sintetik üsulla alınan etil spirtinin tərkibində müxtəlif qarışıqlar olduğundan, ondan yalnız texniki məqsədlər üçün istifadə edilir. Spirtli içki beyin əzələlərinin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətə düşməsinə gətirib çıxarır. Spirtli içkilərə qurşanan şəxsdən sağlam övlad dünyaya gəlməsi sual altındadır. Doğulan uşaqlarda isə müxtəlif psixi və fiziki xəstəliklər, o cümlədən əsəbilik, beynin inkişafdan qalması, qan azlığı və s. xəstəliklər müşahidə olunur.

Alkoqoliklərin sayı ilə bağlı bu günlərdə mətbuatda yayılmış statistik məlumatlar həyəcan təbili çalmağa əsas verir. Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2016-cı ildə 18-24 yaşlı 338 (2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 924 (2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1638 (2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1798 (2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı 2628 (2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3165 (2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3386 (2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3468 (2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2861, 65 yaşdan yuxarı 1713 (ümumilikdə 2015-cü ildə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Alkoqolizmin artma səbəbləri, spirtli içkinin ziyanları və bunun qarşısını almaq üçün nə kimi tədbirlər görüldüyünü aydınlaşdırmağa çalışdıq.

 

İnsanları əyləncə, kef məclisləri daha çox cəlb edir

 

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, statistik məlumatları hər zaman dəqiq  qəbul etmək olmaz: “Bəzən bu məlumat doğru, bəzən də səhv ola bilər. Ancaq verilən bu informasiyanı doğru qəbul etsək belə, deyə bilərik ki, alkoqolizmin artma səbəblərindən biri əhalinin davranış formasıdır. Yəni insanların alkoqola olan meyilliliyi. Bu, elmi ədəbiyyatda da göstərilib ki, istənilən davranışa üç faktor güclü təsir göstərir: mühit, aldığı informasiya və insanın üstünlük verdiyi dəyərlər. İlk olaraq mühitimizdə nə baş verir – bunu araşdırmaq lazımdır. Hazırda kifayət qədər spirtli içkilər satılır. İnsanların maddiyyata marağı artıb. Maddiyyata meyilləndikcə, insanları əyləncə, kef məclisləri daha çox cəlb edir. Beləcə, içkiyə maraq artır, mənəvi dəyərlər arxa plana keçib. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir”.

 

İctimai qınaq yoxdur…

 

Əhməd Qəşəmoğlunun sözlərinə görə, digər bir qisim insanlarda isə psixoloji sıxıntı olur və onlar səhv olaraq çıxış yolunu narkotika və alkoqolda görürlər: “Əsas problem mühitdədir. Təhlil etmək lazımdır ki, bu mühitdə alkoqolizmin artmasına təsir göstərən nələrdir. Başqa bir səbəb isə informasiya qıtlığıdır. Bizdə alkoqolizmin ziyanı ilə bağlı maarifləndirici iş getmir. Amma kütləvi informasiya  vasitələrində bu içkilərin cəlbedici reklamı yayımlanır. Yəni alkoqolun təbliği daha güclüdür, nəinki ona qarşı mübarizə tədbirləri. Üçüncü faktor, dəyərlər faktorudur. İnsanlar əvvəllər mənəvi dəyərlərə üstünlük verirdilər. Məsələn, içki içməməklə fərqlənmək istəyirdilərsə, indi o dəyərlər, istəklər ortadan qalxıb. Kim nə içir, nə edir – ictimai qınaq yoxdur. Amma bir zamanlar cəmiyyətdə alkoqollu içkiləri içənlərə qınaq daha güclü idi.

 

Maarifləndirici fəaliyyət proqramı hazırlansın

 

Sosioloq son olaraq qeyd etdi ki, sadalanan bu faktorlarda məsələnin xeyrinə yox, ziyanına olan meyillər daha güclüdür: “Ona görə də alkoqolizmin artımı baş verir. Bu artımda bəzi qüvvələrin də marağı ola bilər. Yəni əhali narkotika, alkoqolla məşğul olsun ki, keyfiyyətcə zəifləsin. Bu kimi şeyləri təhlil etmək lazımdır. Çalışmaq lazımdır ki, ümumi bir maarifləndirici fəaliyyət proqramı hazırlansın. Həmin proqramda mühitdə nə baş verdiyi, informasiya təminatımızda hansı problemlərin olduğu təhlil edilsin. Həmçinin gənclərin dəyərlərinə təsir etmək lazımdır. Burda orta məktəblərin, televiziya proqramlarının öhdəsinə böyük iş düşür. Yekun olaraq onu deyim ki, vəziyyətin günü-gündən mürəkkəbləşdiyi bir vaxtda, problemi bir-iki tədbirlə həll etmək olmaz. Bunun üçün elmi təminata böyük ehtiyac var. Elmi təminat isə ciddi, əhatəli, maarifləndirici, elmi əsaslara dayanaraq fəaliyyət proqramı hazırlamaqdır. Bunu həyata keçirmək üçün isə istər qanunvericilik bazası, istərsə də inzibati yollar müəyyənləşməlidir”.

 

Asılılıq halları daha çox psixoloji yüklənmə nəticəsində yaranır

 

Zərərli vərdişlərin yaranmasına təsir göstərən amillərdən biri də insanın yaşadığı psixoloji sarınsıntı və gərginlikdir. Psixoloq Könül Cəfərova bildirir ki, bu məqamda şəxsin daxilən yaşadığı natamamlıq kompleksi də onu aludəçiliyə istiqamətləndirir: “Ümumiyyətlə alkoqollu içkilər, narkotiklər və bu kimi zərərli vərdişlər insanda asılılıq yaradır. Bu asılılıq da insanın iradəsindən irəli gəlir. İnsanın beyni sağ və sol yarımkürələrdən ibarətdir. Sağ yarımkürə hisslər, sol yarımkürə isə məntiqlə çalışır. Həmin məqamlarda isə daha çox insanın emosional hissləri hərəkətə keçir. Şəxsin stressə davamsız olmağı, özgüvən əskikliyi, cəmiyyətə adaptasiya ola, özünü təsdiq edə bilməməyi zərərli vərdişlərdən asılılığa gətirib çıxarır. Həmçinin insanın psixoloji olaraq yüklənməsi, şəxsin “məni”ni  tapa bilməməyi, natamamlıq kompleksi yaşaması bu və ya digər zərərli vərdişlərə yiyələnməsinə səbəb olur. Bu asılılıqdan qurtulmanın kifayət qədər yolları mövcuddur. Reabilitasiya mərkəzləri var ki, həmin mərkəzlərdə bu insanlarla iş aparılır. Bu asılılıq halları daha çox psixoloji yüklənmə nəticəsində yarandığı üçün təbii ki, psixoloq və psixiatrların da köməyi lazımdır. Və həmin zərərli vərdişlər insanlar üçün xeyirli olanlara sublimasiya edilməlidir. Onları monoton həyat tərzindən uzaqlaşdırmaq, maraqlarını fərqli istiqamətə yönəltmək lazımdır”.

Spirtli içki sağlamlığın bir nömrəli düşmənidir. Əslində hər şey insanın öz əlindədir. Düzdür, psixoloji dəstək də önəmlidir. Amma bu məqamda nə edəcəyinə insan özü qərar verməli, seçimi özü etməlidir. İradəli insan sağalmağı, bu aludəçilikdən qurtarmağı qarşısına məqsəd qoyarsa və bunu həqiqətən istəyərsə, buna nail ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir