991f9fd9abc9

Allahı yuxuda görmək olarmı? – İSMAYIL ƏHMƏD YAZIR

Baxış sayı: 3. 474

Nəql edilən hədislərə əsasən, müzakirə mövzusuna çevrilən məsələlərdən biri də    Allahın yuxuda görülməsi ilə əlaqədardır. Əgər mövzu ilə əlaqədar hədislər hansısa naməlum şəxslər tərəfindən nəql olunsaydı, onlara bir o qədər də əhəmiyyət  verməzdik. Lakin  onların  mötəbər  İslam mənbələrindən yer  alması  bu  mövzuya  ciddi yanaşmağı tələb etdi. Mövzu ilə əlaqədar əhli sünnə alimlərinin mötəbər  hədis kitablarında yer alan bu hədislərin sayı kifayət qədər  çox, mətn  və məzmun baxımından bir-birindən müəyyən qədər də olsa fərqlidir. Mövzuya girməzdən əvvəl  həmin hədislərin  mətninə  nəzər  salaq.

  1. Əbu Hənifədən nəql olunan  hədisdə  deyilir: “Mən röyamda  uca  Rəbbimi  gördüm”.
  2. Tirmizi nəql etdiyi  rəvayətdə  deyir: “Rəbbimi ən gözəl sifətdə  gördüm”.
  3. Başqa bir yerdə deyilir: “Allahı  heç bir məxluqa  bənzəmədiyi, Ona heç bir surət  bənzədilmədiyi halda  gördüm”.

Hədisin dini ədəbiyyatda  yer alması  bir  neçə baxımdan əsassızdır.

  1. Əvvəla ona görə ki, yuxu  (ən mötəbər alimin olsa belə) dini mənbə  və  əsas  hesab olunmur. Çünki  yuxunun mötəbərliyi  yalnız   bəzi peyğəmbərlərə aiddir  ki,  onlar vəhyi  yuxu  yolu  ilə əldə etmişlər.
  2. Yuxu insanın gündəlik fəaliyyəti və zehninin şüuraltı ötürdüyü siqnallardır. Bunun üçün də yuxu ilə hesablaşmağın  heç bir  əsası  yoxdur.
  3. Yuxuda Allahın görünməsi (sifət  və  ismləri  ilə olsa  belə)  insanda  müəyyən  təsvir  və təsəvvürün  yaranmasına, onu  dil  ilə  vəsf  etməsinə səbəb  olmalıdır ki, bunu da  Allah  barədə  təsəvvür etmək  imkansızdır.  Çünki  Allah  zehnə  gələn hər bir təsəvvürdən  xaricdir. Şura surəsinin  51-ci  ayəsində  deyildiyi kimi  “Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər”.

Hədisin mətnində yer almasa da sonradan hədislərə açıqlama verən alimlər  Allahın  adi qaydada  deyil,  sifət  və  ismləri ilə göründüyü  nəzərdə  tutulduğunu qeyd  etmişlər.

Bu məzmunda nəql edilən hədislərin mətni qeyd olunanlardan ibarət olsaydı,  bunu  hardasa məcaz olaraq  müxtəlif  şəkildə  yozmaq  və mənalandırmaq  olardı. Lakin Əbu Hənifədən nəql olunan başqa bir  hədis belə bir  yanaşmanı imkansız  edir. Hədisdə  deyilir: “Uca Rəbbimi yuxumda doxsan doqquz  dəfə  gördüm. Sonra  öz-özümə dedim: Əgər  Rəbbimi  yüzüncü dəfə görsəm qiyamət günü məxluqat əzabdan necə və nə ilə qurtulacağını soruşacağam. Bunun ardınca Rəbbimi  röyamda  yüzüncü  dəfə  gördüm və ondan soruşdum: Ey Rəbbim! Sənə yaxın olan çox ucadır, Sənin məqamın çox uca, ismlərin isə müqəddəsdir. Qiyamət günü  qulların əzabından necə qurtula biləcək? Allah-Taala cavab verdi: Kim səhər-axşam namazlarından sonra “subhanəllah əbədiyyil əbəd” (əbədiliyin əbədisi olan Allah pakdır!) zikrini dilinə gətirsə, əzabımdan qurtular”. İndi də gəlin Quran  təqdimatında insanı qiyamət əzabından qurtaran əməllərə nəzər salaq. İlkin mərhələdə  qiyamətə  iman əsas  şərt olaraq  göstərilir.

“O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər” (Bəqərə, 3).

Qiyamət gününün əzabından qurtuluşa gəlincə, bu barədə bir neçə ayəyə işarə etmək olar ki, onlardan biri ilə kifayətlənirik.

“İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır.  (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər” (Bəqərə, 62).

Buradan başqa bir sual da yaranır: Allahı hər kəs yuxuda görə bilər, yoxsa Ona bəndəlik edən xalis bəndələr və əməlisaleh alimlər?  Nəql olunan hədislərdə bunun  yalnız alimlərin dilindən nəql olduğunu görürük. Əgər belədirsə, demək Allah  Peyğəmbər və imamların da yuxularına girmiş olaydı. Bir halda ki, onlardan bu  məzmunda bir dənə də olsun hədis nəql  edilmir.

Sui-istifadə

Hənəfi və digər  alimlərin dilindən nəql olunan bu kimi hədislər bəlkə də onların özlərindən deyilməmiş və sonrakı dövrlərdə onların adlarından sui-istifadə edən  din dəllaları tərəfindən kitablara salınmışdır. Belə olsa belə bunu da sübuta yetirmək lazım  gələcək.

Mövzu ilə əlaqəli mənbələr

Tirmizi, Təfsir: 39, Hədis: 3235, 5/368; Əhməd ibn Hənbəl, Müsnəd, Hədis: 16621, 5/584; Acuri, əş-Şəi, Hədis:1009, Səh.397; Hakim əl-Müstədrək, Hədis: 1912-13, 1/702; Xətib, Tarix-u Bağdad, Hədis: 4253, 8/146; İbn Huzəymə, ət-Tövhid, Hədis: 321, 2/542; Əbu Yəla, Münəd, Hədis: 2608, 4/475; Darimi, Ruya: 12, Hədis: 2073, 1/567; Xətib-i Təbrizi, Mişkatul-Məşabih, Hədis:725,26,1/230; Əli əl-Muttaqi, Kənul-ummal, Hədis: 1152-54, 1/228.

Nəticə

Qeyd olundu ki, yuxu  insanın zehninin şüuraltı fəaliyyətidir.  İnsan yuxuda  dünya (maddi aləmdə) həyatında gördüklərini və ya onun oxşarını  görür. Allah isə Quran  təqdimatına  əsasən bənzəri  olmayan bir varlıqdır. Dünya həyatında  görünməyən  və necəliyi barədə zehni təsəvvür olmayan bir varlığın isə yuxuda görülməsi  imkansızdır. Buradan belə bir sual yarana bilər. Biz dünya həyatında cin və mələkləri belə  görüməmişik, lakin bəzən onlar  insanın  yuxusuna  girir  və rəsm əsərlərində  onlar  təsvir  olunurlar. Məsələ burasındadır  ki, Quran  onların  nədən  yaradıldığı və  təxmini də  olsa  hansı  quruluşa  malik olduqlarından  xəbər  verir. Məsələn, mələklər barədə deyilir: “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Fatir, 1). Bir halda ki,  Allah  barədə  belə bir  təqdimatla qarşılaşmırıq.




1 şərh “Allahı yuxuda görmək olarmı? – İSMAYIL ƏHMƏD YAZIR

  1. Aynur

    Orucluqda yuxu görmək nə anlamdadı? Yuxuda görürəm ki qızımla ikimiz böyük su axarını hündürlüyündə oturmuşuq, su da tər təmizdir şəffaf su yosun larından biri bizə yaxınlaşır yosun böyükdür yaxınlaşdıqca eybecer,insan sifətinə oxşuyur…itələyir əm əlimlə geri çıxıb gedir, sonra ikimizdə soyumuş halda suya düşürük suda çimirik.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir