allergiya

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Baxış sayı: 669

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliyi mütləq nəzərə alınmalı və bundan sonra dərman təyin olunmalıdır.

Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyir.

O bildirir ki, xəstəliyi yüngül keçirən şəxsə ağır antibiotiklər verməyin heç bir mənası yoxdur: “Bu xəstələr ancaq bol maye, meyvə-tərəvəz qəbul etməli, rejimi gözləməlidirlər. Ehtiyac olarsa, antibiotik yazmaq olar. Xəstəliyi yüngül keçirənlərə ciddi narahatlıqları yoxdursa, vitaminlər, polvitaminlər, müəyyən minerallar təyin oluna bilər. Bəzən görürsən ki, gənc şəxs xəstəliyi yüngül keçirir, ona qandurulaşdırıcılar, yüksək dozada klepsan yazırlar ki, bu da yolverilməzdir”.

Ağır xəstələrə gəlincə, infeksionist qeyd edib ki, onlar ilk olaraq laborator müayinələr, orta ağır xəstələr üçün isə nonlaborator müayinələrdən keçirilməlidir: “Qanın ümumi analizi və digər müayinələr həyata keçirilərək dərmanlar təyin olunmalıdır. Antibiotiklər də təyin olunarkən qanın müəyyən göstəricilərinin nəticələri nəzərə alınmalıdır. Bu preparatların necə gəldi təyinatı düzgün deyil. İnsanlar bəzi məqamlarda diqqətli olmalıdır. Təzyiqi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə deyə bilmərik ki, çoxlu maye qəbul et. Və yaxud da ki, qaraciyər problemi olan insana çoxlu yağlı qida qəbul etməsi ilə bağlı göstəriş verə bilmərik. Hər bir xəstəyə fərdi yanaşılmalıdır”.

V.Cavadzadə allergiyası olanların da müalicəsini aparmağın mümkün olduğunu əlavə edib: “O halda müalicə oluna bilərlər ki, xəstələrə antihistamin preparatlar təyin olunsun. Əgər antibiotiklər təyin olunarsa, onlara ilk olaraq sınaq qoyulur, bundan sonra tətbiq olunur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir