almaz

Almaz Ələsgərli: “Özümdən kiçiklər də mənim paxıllığımı çəkirlər”

Baxış sayı: 1. 903

Əməkdar artist Almaz Ələsgərova “Sənə ehtiyacım var”, “İlk məhəbbət”, “Sənsizəm”, “Bir xumar baxışla”, “Yazığım gəlir sənə”, “Sənsiz də xoşbəxtəm” və s. mahnıları ilə tamaşaçı qəlbinə yol tapıb. Olduqca səmimi, sadə, hər zaman xoş auraya malik olan, öz zəhməti ilə ucalmağa üstünlük verən Almaz xanım bu il 50 yaşını tamamlayır. Biz də onunla müsahibəmizdə bu yarım əsrdə nələr etdiyi, nələrə nail olduğu barədə söhbət etdik.

– Almaz xanım, necə oldu ki, musiqini seçdiniz, sevdiniz?
– İkinci sinifdə oxuyandan həndbolla məşğul idim. Mərhum qardaşım Kamal Azərbaycan yığmasında oynayırdı. Məni də öyrətmişdi. Onun yolu ilə gedirdim. Həndbolda dərəcəm də var idi, yığmaya keçməliydim. Gözəl oynayırdım, özüm də solaxay idim. Amma 10-cu sinifdə oxuyanda musiqiyə yönəldim. Yaxşı yadımdadır, məktəbimizdə Yeni il şənliyi keçirilirdi. Biz də heyvan qiyafəsi geyməliydik. Mən Razindəki kluba getdim. Qapını açanda ansamblı gördüm. “Dalğa” instrumental ansamblı idi. Bəxtiyar Nurməmmədov və həyat yoldaşı idarə edirdi ansamblı. Səhəri gün bacım məni aparıb ansambla yazdırdı. Məni canla-başla götürdülər. Özləri də oxumağıma heyran oldular. Bəstəkar mahnıları oxuyurdum orda.
16 yaşına çatanda istədim İncəsənət İnstitutuna qəbul olum. Staj lazım oldu. Ona görə də gedib fabrikdə işlədim.
Mən rusdilli olmuşam. Çox əziyyət çəkirdim Azərbaycan dilində oxumağa. İki il işləyə-işləyə hazırlığa getdim. Ansamblın rəhbəri Bəxtiyar müəllim məni hazırlaşdırırdı. Qəbulda yanıltmac, mahnı, şeir lazım idi. İki il staj yığan kimi gedib instituta girdim. Bir həftədən sonra Hacıbaba Bağırov, Xalidə Hasilova, Emin Sabitoğlu bizim instituta gəldilər. “Nəğməli Könül” tamaşasına Könül roluna qız istəyirdilər. Gəlib mənə çatanda dayandılar, məni seçdilər. Musiqili Komediya Teatrının işçisi oldum. İki ayın içində o tamaşanı təhvil verdim. Orada iki il işlədim. “Bildirçinin bəyliyi”ndə Balaxanımı, eləcə də bir neçə tamaşada oynadım.
İnstituta təzə girəndə oxumağa daha çox meyl bağladım.  Bizim İncəsənət İnstitutunda Vaqif Gərayzadənin ansamblı var idi. Mən ora qəbul olan kimi bu ansamblın solisti oldum. Vaqif Gərayzadənin bəstələdiyi, Akif İslamzadənin repertuarında olan, eləcə də Vətənə aid mahnılar oxuyurdum.
Sonra Musiqili Komediya Teatrından çıxıb Mahnı Teatrına gedəsi oldum. Rəşid müəllim dedi ki, filan vaxt gələrsən. Gələndə səhnədə jüri təşkil elədi. Mən Azərbaycan, rus, türk, ukrayna dilində mahnılar oxudum onlar üçün. Çox bəyəndilər. Rəşid müəllim dedi ki, “mən səni bu teatrda xora yox, solist kimi götürürəm”. Mən onun ən sevimli tələbəsiydim. İki il onunla çiyin-çiyinə işlədik, konsertlərə getdik, tədbirlərimiz oldu.

– Yeri gəlmişkən, Rəşid Behbudovu necə xatırlayırsınız?
– O, sənətə qiymət verən insan olub. Elə-belə, nəyinsə xatirinə insanları teatrda saxlamazdı. Xoşlamazdı ki, teatrın solistləri gedib hardasa konsertdə oxusunlar. Yaxşı yadımdadır. Mən ora işə düzələndən sonra “Bakı payızı” müsabiqəsi keçirilirdi. Yaxınlaşıb dedim ki, “belə bir müsabiqə var, istəyirəm iştirak edim”. “Hə” demədi. Çox fikirləşdi. Həyat yoldaşı Ceyran xanımı cağırdı. Ceyran xanım da məni çox istəyirdi. O dedi ki, “uşaqdı, qoy gedib iştirak eləsin”. Onda bizdə geyimlər almağa imkan yox idi. O, mənə paltarlar tikdirdi. Mənə görə Tofiq Quliyevi teatra çağırdı. Dedi ki, “bu, teatrın solistidi, mənim tələbəmdi. Sizin təşkil etdiyiniz festivalda iştirak edəcək”. Faiq Sücəddinovu çağırdı. O, mənim üçün mahnı yazdı -”Unuda bilmirəm”. Bu mahnı ilə müsabiqənin ikinci laureatı oldum.

– Bir ulduz kimi hansı mahnı ilə parladınız?
– Mən Alim Qasımovla dueti oxuyandan sonra Rəşid Behbudovun teatrına gəldim. Artıq məni tanıyırdılar. O mahnını- “Axtara-axtara”nı Vaqif Gərayzadə bəstələyib. Sözləri Sərvər Qəniyevindir. O vaxt nə mən populyar idim, nə də Alim Qasımov. O mahnıdan sonra bizi cavanlar daha da sevdi. İndiyə kimi də o mahnı ilə yaddaşlarda qalmışıq.

– Bu il yenidən teatra qayıtdınız. Bu necə oldu?
– Bu il məndə fikir birdən-birə dəyişdi. Çox istədim yenə teatra qayıdım. “Muzkomediya”nın direktoru Əliqismət müəllimin yanına getdim. O, mənim ən çox hörmət etdiyim insandır. Allah onun canını sağ eləsin. Məni işə canla-başla götürdü. Dedi ki, “sənin istedadına bələdəm, gözümün qarşısında böyümüş sənətkarsan”.
Musiqi mənim ürəyimdir. Musiqisiz yaşaya bilmərəm. Mən sənətimi atmamışam, indi də oxuyuram. “Oğurlanmış arzular” serialında oynamışdım. Bundan sonra məndə teatra qarşı daha da istək yarandı.

– Teatra qayıdandan sonra ilk oynadığınılz tamaşa mənim də izlədiyim “Amerikalı kürəkən” oldu…
– Bu tamaşa çox gözəl tamaşadı. Halal olsun onun ssenariisni yazan Marat Haqverdiyevə. İnsanların nəbzini tutan əsərdi. Mən fəxr edirəm ki, xalq artisti İlham Namiq Kamalla, xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartalla oynamaq mənə nəsib oldu.

– Həyatda da o tamaşadakı kimi qayınana olmaq istərdinizmi?
– Mən belə qayınana ola bilmərəm. Tamaşada siz də görmüsünüz ki, axırda Tünzalə xanım amerikalı kürəkənə “mən indiyə kimi bilməmişəm, heç bir şeyi düşünməmişəm. Amma görürəm ki, əsl sevgi-məhəbbət pulla ölçülmür. Saf sevgi-məhəbbət heç bir pula satılmır” deyir.

– Sizcə, əsl sevgi necə olmalıdır? İçinizdə bir sevgi yaşadırsınızmı?
– Səmimiyyət və hörmət olmalıdır. Bu, əsl sevgidir. Sevgisiz adam ölər. Sevgi mütləq olmalıdır. Sevgi adamı yaşadır, cavanlaşdırır…

– Hansı arzularla yaşayırsınız?
– Arzularım tükənməzdir. İstəyirəm ki, həyatda elə bir insan, sənətkar olum, hər zaman məni göstərəndə desinlər ki, bu necə aktrisadır, bu necə müğənnidir? Qoy deməsinlər ki, “adı var, amma sənəti yoxdur, onu kimsə qabağa çəkir”. Mən heç vaxt həyatda o sözlə barışmamışam. Həmişə istəmişəm ki, özümə, sənətimə, səsimə qiymət versinlər. Deməsinlər ki, kiminsə sayəsində gəldi teatrda rol aldı, xalq artisti oldu.

– Hobbiniz nədir?
– Ürəyim gedir xaricə getmək üçün. Gəzməyi çox sevirəm. Çünki özüm At ilindənəm. Gözəl həyatı sevirəm. İstəyirəm dostlarımla xaricə qızımın yanına gedim. Evdə biş-düş edim, dostlarım gəlsin… Belə şeylər mənim ürəyimdədir hər zaman.
Aş, dolma üçün ürəyim gedir.

– Toylara gedirisniz?
– Toylarsız yaşamaq olmaz. Öz səviyyəmdə olan toylara gedirəm. Qane emtəyən məbləğ də olur. Hər şeyə şükür edirik. Fikirləşirəm ki, hələ Musiqili Teatrda dostlarım üçün solo-konsert verim. Hələ bir-iki tamaşa oynayım, sonra baxarıq.

– Bu il 50 yaşınız tamam olur. Yaşadığınız ömürdən razısınız?
– 50 ilimin yarısından çoxu sənətdə keçib. Bununla da fəxr edirəm. Yenə də doğulsaydım, sənətkar olardım. Çox işlər görmüşəm. İndikilərə nə var… Çox əziyyətlər çəkmişəm.
Amma özümü necə hiss edirəmsə, elə o yaşdayam. Mən get-gedə cavanlaşıram. Özümü 30 yaşda hiss edirəm.

– Eşitmişəm, bizneslə də məşğul olursunuz…
– Artıq beş-altı il olar, biznesim var. Öz sənətimlə heç nə edə bilmərəm. Mən onunla qızımı oxutdum, boya-başa çatdırdım.

– Necə anasınız?
– Əla anayam. Uşaqların dilindən deyirəm. Onlar məni çox istəyirlər. Elə tərbiyə etmişəm ki, həmişə mənə hörmət qoyurlar. Hər anaya da məsləhətim budur ki, uşaqlarını bələkdən tərbiyə etsin.

– Qızlarınızın da səsi var?
– Səsləri var, evdə özləri üçün oxuyurlar, amma sənətə gəlməyi düşünmürlər. Hər zaman mahnı yazanda birinci onlara qulaq asdırıram. Onların fikirlərini öyrənirəm. Nöqsan tapanda, onların sözü ilə dəyişirəm mahnını.

– Özünüz hansı musiqiyə qulaq asırsınız?
– Muğamlarımızı sevirəm. Muğamla yaşayıram. Muğam mənim hər şeyimdir. Özüm də istəsəm, muğam oxuyaram. Amma estrada çox oxumuşam. Birdən-birə muğam oxumaq istəmirəm.
Caza, türk sənət musiqisinə qulaq asıram. Ququşun oxumağını çox sevirəm. Rusiya musiqisi üçün ölürəm. Musiqinin dili, milləti yoxdur…

– Bayaq dediniz ki, çox əziyyət çəkmisiniz. Xətrinizə çox dəyiblər?
– O qədər olur ki… Qabaqlar cavab verə bilmirdim, ürəyimdə qalırdı. İndi lazım olana cavab verirəm, lazım olanı da yerində otuzdururam.

– Paxıllığınızı çəkənlər çoxdur?
– Siz necə bilirsiniz? Mənim paxıllığımı çəkməyən olar? Özümdən kiçiklər də mənim paxıllığımı çəkirlər. Həyat belədir də. Onsuz yaşamaq mümkün deyil…

– Hansı rolları oynamaq istərdiniz?
– “Bankir adaxlı”da oynamaq istərdim. Onu, bilirsiniz ki, Afaq xanım oynayıb. “Talelər qovuşanda”, “Baladadaşın toy hamamı” tamaşalarında oynayacağam.

– Necə olur ki, həmişə yaxşı əhval-ruhiyyədə olursunuz?
– Bir insanın içi gözəldirsə, üzünə vurur. Mən həmişə insanları sevmişəm. İnsanlara pis deməyi sevmirəm. Pisliyi onlar özləri qazanırlar. Tamaşaçı səmimiyyət istəyir. Mən efirdə necəyəm, həyatda da eləyəm. Dəyişə bilmirəm. Durub efirdən “müğənniyəm, 15 minə paltar geyinmişəm” deyə bilmərəm. Çünki bu, yalandı. Mən yalan şeyi deyə bilmərəm. Ona görə tamaşaçı məni çox istəyir. Sənət adamlarına səslənirəm ki, efirə olduğunuz kimi çıxın. İnsanları aldatmaq lazım deyil, onlar hər şeyi görürlər, bilirlər. Bakı balaca şəhərdi, hamı bir-birindən xəbərdardı. Ona görə də mən dostlarımı, pərəstişkarlarımı, tamaşaçılarımı bu şeylərlə aldatmıram. Çalışıram həyatda kobud olmayım, sevilim, böyük sənətkar olum. Sənətimə müsbət qiymət versinlər. İnşallah xalq artisti də olaram. Nə vaxt hökumət məsləhət görsə, onda da xalq artisti olacağam. Mən istəyirəm ki, əziyyət çəkim, əziyyətimin qarşısında da mükafatımı alım. Bəziləri ad alırlar, otururlar. Mən ad alsam, daha da böyük şeylər eləyərəm. Daha da böyük planlarım olar…

Namiq MƏMMƏDLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir