“Altı ay yaşadıq…” – Gizli keçən xəstəlik, sahibsiz uşaqlar, qırılmış tale

Baxış sayı: 1. 448

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq, tibbi müayinə üçün müraciət edən 52 min nəfərin nəticələri artıq ictimaiyyətə açıqlanıb. Məlum olub ki, onlardan 3730 nəfərində talassemiyanın daşıyıcılığı, 137 nəfərdə sifilis, 34-də isə QİÇS aşkarlanıb. Ən diqqət çəkən məqam isə odur ki, xəstəlik aşkarlanan bir neçə cütlük qeyri-rəsmi nikahda yaşayır. Halbuki nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəlik və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Ailə Məcəlləsinə əsasən hazırlanıb.

Amma faktlar da göstərir ki, ölkədə rəsmi nikah bağlamadan izdivac quranların sayı heç də az deyil…

“Proqram hazırlanmalıdır”

“Bəzi vətəndaşlar rəsmi nikaha yox, dini nikaha üstünlük verirlər. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə dindarlara rəsmi nikah olmadan dini nikah bağlamağı qadağan edib. Amma bəzi dindarlar bu qadağaya məhəl qoymur və pul xətrinə qanunu pozurlar”. Bu fikirləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Aile.lent.az-a mövzunu şərh edərkən deyib: “İlk növbədə burada qadının hüquqi statusu müəyyən edilə bilmir. Üstəlik, əmlak məsələsində də problem yaşanır. Burada kişilərin əksəriyyəti düşünür ki, əgər rəsmi nikaha girərsə, qadın ondan boşananda əmlak tələb edəcək. Amma Azərbaycanda evlənən kişilər əsasən 20-30 yaş arasındadır ki, onların əksəriyyətinin şəxsi əmlakı yoxdur. Yəni mülkiyyətlərinin hamısı valideynlərinin adınadır. Bu vəziyyətdə də boşanan qadın ərinə heç bir mülkiyyət davası aça bilməz”.

Komitə sədri söylədi ki, rəsmi nikah olmadıqda yaşanan başlıca problemlərdən biri də vətəndaş nikahında olan ataların atalıq faktorunu verməkdən boyun qaçırmalarıdır: “Bu hal qadının sənəd almasına mane olur. Nəticədə isə onlar uzun müddət uşaqlarına sənəd ala bilmirlər. Məhkəmə yolu ilə atalıq faktorunu müəyyən etmək mümkün olsa da, analar bununla bağlı ya bilgisiz olur, ya da bu addımı atmağa çəkinirlər. Elə uşaqlar var ki, illərlə sənədsiz qalır. Sənədi olmadığına görə təhsildən yayınır, tibb müəssisəsində kifayət qədər xidmət ala bilmir”.

M.Zeynalova problemdən çıxış üçün müəyyən addımlar atılmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, burada 3 ən vacib məsələ var – rəsmi, məcburi nikah müqaviləsinin bağlanması və “Qadınların Sosial Müdafiə proqramı”nın hazırlanması.

Rəsmi nikah olmadan ailə qurmaq qanuna ziddir

Millət vəkili Fazil Mustafa da bildirdi ki, rəsmi nikah olmadan ailə qurmaq qanuna ziddir: “Azərbaycanda belə hallar çox yayılmayıb, amma rast gəlinir. Daha çox dini nikah adı altında kəbin kəsilir. Təbii ki, dini kəbin kəsdirmək vətəndaşların öz mənəvi hüququdur. Amma rəsmi nikah mütləq olmalıdır. Bu cür hallar daha çox Türkiyədə və İranda yayılıb. Türkiyədə dini nikah qanuni sayılır. İranda isə siğə etdirmə adı altında çoxarvadlılıq və digər arzuolunmaz davranışlar həyata keçirirlər. Azərbaycan dünyəvi dövlətdir və burada vətəndaşların hüquqlarını qoruyan rəsmi nikah vacibdir”.

F.Mustafa düşünür ki, problemdən çıxış yolu qanunla yanaşı əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır: “Rəsmi nikah bağlamaqdan yayınma halları azyaşlıların ailə qurması ilə də bağlıdır. Bu cür neqativ halların aradan qaldırılması, həm rəsmi nikahın bağlanması, həm də azyaşlıların ailə qurmalarına yol verilməməsi üçün ictimai təşkilatlar, əlaqədar qurumlar əhali arasında geniş maarifləndirmə işləri aparmalıdır”.

Hüquqşünaslar isə məsələylə bağlı qanunda müəyyən boşluq olduğunu düşünürlər. Onların fikrincə, vətəndaş nikahında olan şəxslər də məsuliyyət daşıyır. “Məişət Zorakılığı Haqqında” Qanunda olan tənzimləmə mexanizmləri, hüquq normaları planında göstərilənlər istər rəsmi, istərsə də qeyri-rəsmi nikahda olan ailələrə aid edilir. Ancaq Cinayət Məcəlləsi və ya Mülki Məcəllədə bu haqda heç nə nəzərdə tutulmayıb.

İctimaiyyət nümayəndələri arasında apardığımız sorğu isə onu göstərdi ki, onlar bu məsləyə müxtəlif cür yanaşır. Bəziləri fikirləşir ki, rəsmi nikah yalnız uşağa doğum haqqında şəhadətnamə almaq üçün vacibdir. Bir başqası söyləyir ki, ailə qurduğu qızın yaşı tamam olmadığı üçün rəsmi nikah bağlamağa gecikiblər. Rəyini öyrəndiyimiz respondentlərin bir qismi isə rəsmi nikah bağlamağın vacibliyini vurğuladılar.

Hər birimiz Azərbaycan Respublikasının vətəndaşıyıq və onun qanunlarına uyğun davranmalıyıq. Ailə sevgi üzərində qurulan bir yuva, övladlar isə bu yuvanın sevincidir. İlk növbədə sevin ailə qurun ki, sevgi ailəni bir-birinə bağlayan ən möhkəm bağdır. Təbii ki, heç kəs əvvəlcədən nə şikəst doğulacaq uşaqlara sahib olmaq üçün, nə boşanmaq, nə də bu kimi arzuolunmaz hallarla qarşılaşmaq üçün ailə qurur. Amma bilmək vacibdir ki, yuxarıda sadalanan problemlərin bir qisminə nikah haqqında şəhadətnaməyə  vaxtında atacağımız bir imza ilə “dur” deyə bilərik…

 

Yasəmən Bağırova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir