Aliment

Ana aliment ödəməlidirmi? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 452

Azərbaycan qanunvericiliyində alimentin ata, yaxud ana tərəfindən ödənilməsi ilə bağlı məhdudiyyət yoxdur. Uşaqların qayğısına qalmaq valideynlərin ümumi borcudur. Qanunda valideynlərin aliment öhdəliyi var. Yəni ailə dağılan zaman uşaq hansı valideynlə qalarsa, digər valideyn uşağın xeyrinə aliment ödəməlidir.

 

Bu barədə suallarımızı cavablandıran vəkil Oktay Məhərrəmov bildirir.

“Boşanma prosesi zamanı məhkəmə ilk növbədə “uşağın mənafeyinin üstünlüyü” prinsipini əsas götürməlidir. Bu prinsipdən irəli gələrək məhkəmə konkret işin konkret hallarından asılı olaraq, uşağın atada, yaxud anada qalması ilə bağlı qərar qəbul edir.  Bu zaman uşağın yaşı, valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı, ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınır. Yəni istənilən halda uşağın mənafeyi nəzərə alınmalıdır. Əgər uşaq məhkəmənin qərarı ilə ataya verilirsə, onun anadan aliment tələb etmə hüququ məhdudlaşdırılmayıb”.

 

Hansı halda uşaq atanın himayəsinə verilir?

“Bu məsələlərdə hazır düstur yoxdur. Ananın evdar qadın olması, pul qazanmaması uşağın onun əlindən alınaraq, ataya verilməsinə əsas vermir. Belə ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün həlledici əsas deyil. Məhkəmə uşağın kimdə qalacağını “uşağın mənafeyinin üstünlüyü” prinsipi işığında qiymətləndirir. Mübahisəli məsələ yarandığı halda, qəyyumluq və himayəçilik komissiyası məsələyə cəlb olunur. Komissiyanın uşağın hansı valideynin himayəsinə verilməsinin daha məqsədəuyğun olması ilə bağlı əsaslandırılmış rəyini digər hallarla məcmu şəkildə nəzərə alaraq məhkəmə qərar qəbul edir. Yəni ananın evdar qadın olması özü-özlüyündə uşağın atanın himayəsinə verməsi üçün müstəqil əsas ola bilməz”.

 

Aliment müəyyən edilərkən gender prinsipi nəzərə alınırmı?

“Aliment müəyyən edilərkən məhkəmə təkcə bununla məhdudlaşmayaraq, hər iki valideynin maddi durumunu nəzərə alır. Bu məqamda da əsas məsələ uşağın mənafeyidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

Valideyinlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə bir valideyndən digərinin xeyrinə aylıq qazancın dörddə bir hissəsi tutulur.

Aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, qazancı olmazsa, habelə alimentin başqa qaydada tutulması uşağın mənafeyinə əhəmiyyətli dərəcədə uyğun deyilsə, bu hallarda alimentin hər ay ödənilməli olan sabit pul məbləği şəklində tutula bilər. Uşağın qanunvericiliklə müəyyən edilmiş minimum xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Təcrübədə sabit pul şəklində aliment uşaqlar üçün 136,6 manat məbləğində olan ölkə üzrə yaşayış minimumuna bərabər məbləğdə tutulur. 2018-ci il üçün bu məbləğin uşaqlar üçün 154 manat müəyyən ediləcəyi gözlənilir.

Əgər ailədə iki və daha çox uşaq varsa və ailə dağılarkən onların bəziləri ata, digərləri ana ilə qalırsa (təcrübədə müstəsna hallar istisna olmaqla, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun hesab edilir), valideynlər aliment məsələsini öz aralarında sazişlə həll edə bilərlər. Yəni xüsusi məhkəmə orqanlarına müraciət etməyə ehtiyac yoxdur. Əks təqdirdə, qeyd etdiyimiz kimi, tərəflər arasında mübahisə məhkəmə tərəfindən “uşağın mənafeyinin üstünlüyü” prinsipini əsas götürülməklə və işin konkret halları (əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına təsir edən hallar) nəzərə alınmaqla həll ediləcəkdir.

 

Nigar Оrucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir