QADIN HEBSXANALARI

Ana arı sindromu…

Baxış sayı: 875

Ölkəmizdə azad qadın anlayışı hələ ki əsasən anarxist feminizmlə bərabər tutulsa da, bunun bir çox sosial tərəflərinin və təsirlərinin olduğunu da unutmamalıyıq.

Azad qadın anlayışı qadında düşüncə azadlığının formalaşması, qız uşaqlarının da oğlan uşaqları ilə bərabər şəkildə tərbiyə alıb bərabər hüquq və azadlıqlara sahiblənməsi deməkdir. Azad qadını öz fikirlərini düzgün formada ifadə edə bilən, ailədə fərd, iş dünyasında lider, cəmiyyətdə dəyər kimi özünü qəbul etdirməyi bacaran bir qadın modeli hesab etmək olar.

Amma biz hələ ki qadın azadlığı problemini məişət səviyyəsində həll etməyə çalışsaq da, bir şeyi gözdən qaçırırıq: iqtisadi azadlığı olmayan heç bir fərd azad insan hesab edilə bilməz. Maddi cəhətdən başqalarından asılı olmaq özü bir məhkumluqdur. Yəni qadının əli iş dünyasında nə qədər güclənərsə və bu sferada lider qadın nümunələri nə qədər çox olarsa, cəmiyyətdə qadın-kişi bərabərliyinin təmin olunması prosesi də bir o qədər sürətlənər.

Qəribə burasındadır ki, dünya əhalisinin yarısını qadınlar təşkil etməklə bərabər, son illərdə qadınların lehinə bir çox dəyişiklik baş versə də, iş dünyasında qadınlar hələ də öz yerlərini tuta bilməyiblər. Bunu bir çox elmi məqalə və sosioloji araşdırma da isbat edir. Adi bir müşahidə ilə də biz bu nəticəni öz cəmiyyətimizdə aydın şəkildə görə bilərik. Yəni iş həyatında yüksək rəhbər vəzifələrdə çalışan qadınların sayı kişilərlə müqayisədə daha azdır. Bunun isə bir sıra sosioloji, psixoloji və mədəni səbəbləri var. Bununla bağlı bir çox elmi araşdırmaların nəticələrinə görə, iş dünyasında olan qadınların yüksək səlahiyyətli idarəçilər ola bilməmələrinin qarşısında duran problemlərdən ən əsası psixoloji faktordur. Onlardan biri şüşə tavan, digəri isə ana arı sindromudur.

Şüşə tavan sindromu qadınların lider olaraq formalaşmasının qarşısında duran əsas problemlərdən biridir. Bunun qırılması üçün isə xüsusi liderlik təlimlərində iştirak etmək, özün yetişdirmək şərtdir.

Ana arı sendromuna gəldikdə isə, bax bu, deyə bilərik ki, həqiqətən bir çox qadının daxilində formalaşan və lider olma şanslarını öz əlləri ilə baltalamalarına rəvac verən ən güclü sindromudur.

 

Qadınlarda ana arı sindromu nədir?

Ana arının arı pətəklərində öz iqtidarını qoruma mübarizəsi haqqında yəqin ki, az-çox məlumatınız olar. Pətəkdəki əsas rol həmişə ana arınındır. Digər tərəfdən, pətəkdə çoxlu erkək arı ilə yanaşı, bala verməyən adi dişi arılar da var. Bu vəziyyətdə ana arı özünü pətəyin ən üstün varlığı elan edir. Ancaq pətəkdəki hər bir dişi arı da əslində, ana arı olmaq istəyir. Bu da ana arının daima tətikdə qalmasına səbəb olur.

İnsan cəmiyyətində də qadınlarla dişi arılar arasında bu baxımdan oxşarlıqlar var. Məhz bu xüsusiyyətlərə sahib qadınlara iş həyatında daha çox rast gəlmək olur.

Ümumiyyətlə, özünü daima başqaları ilə müqayisə etmək və başqalarından daha üst mərtəbədə yer tutmağa çalışmaq insanın təbiətinə xas xarakterdir. Rəqabət insanın ən güclü xüsusiyyətlərindən biridir. Amma rəqabət öz həddini aşmadığı müddətcə insanı daha yaxşı mərtəbələrə daşıya bilər. Əgər bu, həddən artıq olarsa, insan sosial mühitdə hörmətini itirmiş olar. Bu sindrom da qadında nüfuz itirməyə səbəb olacaq başlıca problemdir.

İnsanın davranışlarını müşahidə etməklə, onda ana arı sindromunun olub-olmadığını təyin etmək mümkündür. Bu sindromda eqo, xəsislik, paxıllıq kimi halların olması ilə yanaşı, vəziyyət bəzən daha da pisləşə bilir. Məsələn, bəzi araşdırmalara görə, bir qadın rəhbərliyi altında çalışan başqa qadınların quyusunu qazır, həyatını hədsiz dərəcədə çətinləşdirirsə, deməli, həmin rəhbərdə ana arı sindromu ola bilər. Əslində, ana arı sindromu olan qadın ətrafdakı digər qadınları özü üçün təhdid hesab edir. Buna görə də ətrafındakı qadınların inkişafının qarşısını almağa, gücünü və mövqeyini zəiflətməyə çalışır.

Xüsusilə qadınlara qarşı rəhbər qadınların belə mövqedə dayanması, öz həmcinslərinə dünyanı dar etməyə çalışması əslində, zehni xəstəlik olaraq dəyərləndirilir. Ana arı sindromu yaşayan bu qadınlar nənki iş dünyasında, hər sahədə öz həmcinslərini əzmək, onları gücsüzləşdirərək güc qazanmaq psixologiyasında olurlar.  İfrata varan əzici davranışlar, başqalarını manipulyasiya yolu ilə təsir altında saxlamaq, öz problemlərini başqa insanlara əks etdirmək, hər mövzuda özünü önə çıxarmağa çalışmaq, passiv-aqressiv davranışlar, başqaları haqqında alçaldıcı fikirlər səsləndirmək, həmcinslərinin arxasınca pis ifadələr işlədərək onları hörmətdən salmağa çalışmaq kimi bir sıra xüsusiyyətlər ana arı sindromunun əsas əlamətlərindəndir.

Bu problemə ən çox qadınlarda rast gəlinməsinin əsas səbəbi isə təbii ki, sosial faktorlardır. Belə ki, qadınlar bir-birlərinin davranışlarına daha çox göz qoyduqları, özlərini başqa qadınlara bənzətdikləri üçün digər qadınları özlərinə rəqib kimi görməyə daha çox meyilli olurlar. Qadınların bu xüsusiyyətləri hələ tarix boyu, saray dövrlərində də olub, “qadın qadının qurdudur” ifadəsi də bu səbəbdən yaranıb. Yəni qadınlar bir-birlərinin xüsusiyyətlərini və niyyətlərini yaxşı anlaya bilirlər. Buna görə də hər zaman bir-birlərinə qarşı cəbhə formalaşdırmağa meyilli olurlar. Araşdırmalar göstərir ki, qadınlar ətraf mühitdə sosial təzyiqlərə daha çox məruz qalırlar. Dövrümüzün stereotip gözəllik standartları, cinsiyyətçi yanaşmalar və qadınlara qarşı “sən bacarmazsan” psixoloji təzyiqi onlarda komplekslərə səbəb olur. Bu iş dünyasında da qadınların bir-birlərini rəqib olaraq görmələrinin əsas səbəblərindəndir. Bu da qadınların rəqabət zamanı ifrata varan davranışlar sərgiləməsinə səbəb olur. Əgər rəqabət sağlam getmirsə və belə davranışlar aradan qaldırılmırsa, irəli mərhələlərdə ana arı sindromu yaşayan qadınlar iş mühitində gərginliklər yaratmaqla başqalarının da dincliyini pozmağa səbəb olurlar. Belə insanların uzun müddət bir quruma, təşkilata rəhbərlik edə bilməsi isə, əlbəttə ki, mümkün deyil. Çünki rəhbərlik və liderlik xüsusiyyətləri daşımayan bu qadınlar çalışdıqları qurumdakı digər insanların da iş şövqünü öldürür, birlik və bərabərlik yaratmalı olduğu yerə nifaq toxumları səpirlər.

Ana arı sindromu zehni xəstəlik olduğu üçün bu xəstəliyə yol açan bəzi dərin səbəblər də var. Bunun ən başlıca səbəbi isə özünə güvənin, inamın olmamasıdır. Belə qadınlar özlərində güvən hissi aşılamaq üçün digər qadınları əzmək məcburiyyəti hiss edirlər. Göstərişli davranmağı, bu yolla diqqət çəkməyi sevirlər. Güclü görünmək arzusundan olan belə qadınlar, əslində, yaralı, küsəyən və özünə hörməti itirmiş insanlardır.

Belə görünür ki, cəmiyyətimizdə qadınların təkcə iqtisadi azadlıqlar qazanması kifayət deyil. İş dünyasına düzgün adaptasiya olunmaq üçün onların müəyyən psixoloji təlimlərdə iştirak etməsi, liderlik xüsusiyyətlərini mənimsəməsi də vacib və zəruridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir