dogus

Ana ölümləri: kimdir günahkar?

Baxış sayı: 1. 799

Ölkədə doğuş zamanı ana və körpə ölümlərinin sayı artmaqdadır. Statisikaya baxsaq görərik ki, Azərbaycanda ana ölümləri daha çox rayonlarda qeydə alınır. Belə ki, ötən il baş verən 21 ana ölümündən yalnız 7-si Bakının payına düşüb.

Həmin xəstələr də rayonlardan Bakıya köçürülmüş hamilələr olub. Ekspertlərin fikrincə, ana ölümlərinin əsas səbəbi hamilə qadınların vaxtı-vaxtında həkimə getməməsi, tibbi personalın işinə səhlənkar yanaşmasıdır.

Tovuzda ana və uşaq ölümü baş verib. Ağstafaya qohumları evinə qonaq gedən Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Uşaq dünyaya gələn zaman ölüb (APA). Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

Doğuş zamanı baş vermiş ana və uşaq ölümünə aydınlıq gətirən Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov “aznews.az”a bildirib ki, doğuş zamanı dünyasını dəyişən Aytən Dadaşovanın meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib: “Ana və uşaq ölümü ilə bağlı bəribaşdan nəsə demək çətindir. Meyit müayinə olunmalıdır. Yalnız ondan sonra ölüm səbəbini göstərmək olar. Çünki ana qəfil dünyasını dəyişib”.

Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova isə bildirir ki, ölümə səbəb kimi daxili qanaxma göstərilir: “Aytən Dadaşova doğuş sancısı tutduğu üçün dünən axşam saatlarında Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Doğuş hamiləliyin 37-ci həftəsində baş tutub. Körpə ölü doğulub. Doğuşdan 10 saat keçəndən sonra ananın vəziyyəti qəflətən pisləşib. Xəstə reanimasiya şöbəsinə köçürülüb. Aparılan tədbirlərə baxmayaraq xəstə səhər 5-də vəfat edib. Hələ ki, ölümün səbəbinin daxili qanaxma olduğu müəyyən edilib. Ancaq daxili qanaxmanın hansı səbəbdən baş verməsi ilə bağlı bizdə məlumat yoxdur”.

Yeri gəlmişkən, S.Məmmədovanın “Trend”ə açıqlamasında ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi – tibb bacıları, akuşerlərin və s. cəzalandırıldığı bildirilir. 2017-ci il ərzində Azərbaycanda 21, bu il isə 3 ana ölümünün baş verdiyini xatırladan S.Məmmədova qeyd edib ki, ötənilki ana ölümləri zamanı bir necə halda həkim səhvi olub. Buna görə də həmin səhvi edən həkimlər işdən kənarlaşdırılıb: “Məsələn, xəstəyə narkoz verdikdə problem yaranıb və bu, fizioloji ölüm kimi qiymətləndirilib. Xəstə əməliyyata götürüldükdə ona narkoz verilməmişdən əvvəl icrası tələb olunan xüsusi kriteriyalara əməl olunmayıb. Əməliyyat qabağı hazırlıq işləri düzgün təşkil edilməyib, lazımi həcmdə müayinələr aparılmayıb”.
S.Məmmədova qeyd edib ki, ana ölümü yalnız həkim ginekoloq və həkim-anestezioloqun səhvi deyil: “Xəstə ürək qüsurlu olur, lakin həkim-kardioloq ona düzgün diaqnoz qoya bilmir. Doğuş vaxtı da xəstə ürək qüsuru ilə doğduqda dünyasını dəyişir. Yaxud tibb bacısı xəstəyə vaxtında nəzarət edə bilməyib, həkimə vaxtında deməyib ki, onda qanaxma başlayıb. Tibbi işçisi hansısa yardımı ondan asılı olan səbəblər üzündən edə bilməyib. Buna görə onlar da cəzalandırılıb”.

Məmmədova qeyd edib ki, ana ölümlərinin səbəbləri araşdırılarkən ümumilikdə xəstəyə göstərilən tibbi yardımın təşkili və keyfiyyəti, xəstənin özünün sağlamlıq durumu qiymətləndirilir.

Ana ölümlərinin ölkənin bütün regionlarında qeydə alındığını deyən baş mütəxəssis əlavə edib ki, ağır vəziyyətdə olan xəstələr daha çox paytaxta köçürüldüyündən ötən il baş verən 21 ana ölümünün 7-si Bakının payına düşüb. Həmin xəstələr də rayonlardan Bakıya köçürülmüş hamilələr olub.

Elmi Tədqiat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi vəzifəsini müvəqqəti icra edən elmi işçisi Leyla Məmmədova bildirir ki, istər hamiləlik, istər doğuş, istəsə də doğuşdan sonra ana ölümləri baş verə bilər: “Ana ölümlərinin səbəbləri müxtəlifdir. Bu, qadınların hamiləlikdən əvvəlki sağlamlığı ilə, eləcə də, hamiləlik zamanı yaranan problemlərlə bağlı ola bilər. Vərəmli hamilə, təzyiqli hamilə, böyrəklərində patalogiya olan hamilə qadınlarda doğum zamanı ölüm riski çoxdur”.

Ana ölümlərinin qarşısının alınmasıyla bağlı L.Məmmədova deyir ki, ilkin olaraq ancaq hamilə qadınlar deyil, qız uşaqları da ginekoloqa müayinəyə getməlidirlər: “Ailədə kimin qız övladı varsa, bu məsələni diqqətdə saxlamalı, qız övladlarının sağlamlığına ciddi fikri vermək lazımdır. Qadınların və qızların reproduktiv, somatik sağlamlıqları nəzarətdə saxlanılmalıdır. Qızlarda infeksiyalar, ürəyi, böyrəyi, ayrı-ayrı orqan sistemləri yoxlanılmalıdır. Çox vaxt qız uşaqlarını bununla bağlı həkimə aparmırlar. Xəstə-xəstə ailə qurmaqla iş bitmir. Qadın hamilə olmazdan öncə onun bədəninin hamiləliyə hazırlığı müəyyən olunmalıdır. Qız vaxtı hansısa problem varsa, ailə qurduqdan sonra problemlər üzə çıxır. Nəticədə qadınlar hamiləliyini başa çatdıra bilmir”.

Məmmədova bildirir ki, qadın uşağa qaldıqda erkən hamiləlik zamanı həkimə getmək, qeydiyyata düşmək vacibdir: “Sonra da həkim təyin etdiyi müddətlərdə hamilə qadın həkimə getməli, bütün təyin olunan prosedurlardan keçməlidir. Hamiləlik dövründə qadın ən azı 7 dəfə ginekoloqun müayinəsində olmalıdır. Qadın ginekoloqa gəlirsə, qız vaxtı keçirdiyi xəstəlikləri, səhhətində olan problemləri gizlətməməlidir. Elə olur ki, qadınlar keçirdikləri xəstəlikləri gizlədirlər və sonradan bunun ciddi fəsadları ola bilər. Qadın həkimin qəbuluna gəlib deyir ki, “tam sağlamam, heç bir problemim yoxdur”. Elə də olur ki, sonradan qadında çox ciddi hamiləliyə imkan verməyən xəstəliklərin olduğu müəyyənləşir”.

Onun sözlərinə görə, bütün dünyada ana ölümlərində əsas səbəblər sırasında doğum zamanı qanaxmalar və təzyiqin yüksəlməsidir: “Doğumdan sonra ola bilsin ki, qadının uşaqlığı normal sıxılmasın, qanaxmaya səbəb olsun. Çox şey tibbi personalın bacarığından asılıdır. Hamilə qadında anemiya da ola bilər. Bəzən elə olur ki, azacıq qanaxma belə qadının vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Ona görə də, hamiləlik zamanı qadınlarda qanın klinik analizi aparılmalıdır”.

Müsahibimiz əlavə edir ki, daxili qanaxma, uşaqlıqda çapıq, uşaqlıqda cırılma da ana ölümlərinə səbəb olur: “Bəzən olur ki, cift qopur, kənara tökülmür, içəridə qanaxma olur, həkim görmür”.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, hamiləlikdən öncə və hamiləlik dövrü qadınların hamiləlik dövrünə hazırlıq proseduru olmalıdır: “Əgər ana azyaşlıdırsa, demək, bu sahədə bilgisi azdır. Mütləq hamiləliklə bağlı məlumat toplamalıdır. Hamilələr hamiləlikdən öncə və sonra mütləq həkim müayinəsindən keçməlidirlər. Qadın məsləhətxanalarına müraciət etməlidirlər. Vaxtlı-vaxtında həkimin dediklərini etməlidirlər”.

 

 

Aynurə MƏMMƏDOVA




1 şərh “Ana ölümləri: kimdir günahkar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir