Ana ölümləri: günahkar kimdir?

Baxış sayı: 1. 487

Son zamanlar ölkədə doğuş zamanı ana və uşaq ölümlərinin artması müşahidə edilir. Qeyri-rəsmi statistikaya görə, bu il 27-yə yaxın ana doğuş zamanı müxtəlif səbəblərdən dünyasını dəyişib. Qeyd edək ki, 1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100000 diri doğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədovanın APA-ya verdiyi məlumata görə isə Azərbaycanda ana ölümü göstəricisində artım deyil, azalma müşahidə olunur. Məmmədova bildirir ki, Azərbaycanda ana ölümünün strukturunda hipertenziv vəziyyətlər – preeklampsiya əsas səbəblərdən biridir: “Məhz preeklampsiyanı vaxtında aşkar edib vaxtında müvafiq tibb müəssisəsində tibbi yardım göstərməklə ana ölümlərini azaltmaq mümkündür. Lakin əfsus ki, qadınlar bəzən qeydiyyata çox gec dayanırlar və yaxud da ancaq hansısa bir problem yarandıqdan sonra həkimə müraciət edirlər. Bu gün biz anaların vaxtında qeydiyyata dayanmaları, antenatal dövrün vacibliyini diqqətlərinə çatdırmaq üçün maksimum səylərdən istifadə edirik”.

L.Məmmədovanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana ölümü qadının hamiləlik dövründə, hamiləliyin müddətindən və lokalizasiyasından asılı olmayaraq və ya hamiləlik başa çatdıqdan sonra 42 gün ərzində hamiləliklə əlaqəli hər hansı bir səbəbdən, yaxud da hamiləliklə, hamiləliyin aparılması ilə əlaqəli ağırlaşan hər hansı bir səbəbdən ölüm kimi təyin edilir. Bədbəxt hadisə və ya təsadüfən meydana çıxan səbəbdən hamilə və zahı qadının ölümü ana ölümü hesab olunmur. “Ana ölümü göstəricisi hər 100000 diri doğulana ana ölümü hadisələrinin sayı kimi göstərilir. Minilliyin 5-ci inkişaf məqsədinə uyğun olaraq dünya ölkələri 1990-2015-ci illər ərzində ana ölümü göstəricisini 75 faiz azaltmaq öhdəliyini götürüblər. 1990-cı illə müqayisədə ana ölümü halları dünya üzrə 45 faiz azalıb”.

Elmi katib əlavə edib ki, hər bir ana ölümü halı ölüm baş verən doğuşayardım müəssisəsinin Tibbi Şurasında və Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm isə mamalıq ağırlaşmaları təhlili üzrə Doğuşayardım Komissiyasında ciddi müzakirə olunur: “Hamiləliyin ilk həftələrindən başlayaraq son günə qədər aparılan bütün müayinələr və müalicə taktikası Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən təhlil olunur və Doğuşayardım komissiyasının iclasında müzakirə olunur. Təhlil nəticəsində aşkar olunmuş təşkilati nöqsanlar, tibbi xidmətdə yol verilmiş nöqsanlar müvafiq tibb müəssisəsinin rəhbərinin və tibb işçilərinin nəzərinə çatdırılır. Hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölüm tibb işçisi tərəfindən qarşısı alına bilən səbəbdən baş veribsə, tibb işçisi lazım olan tibbi xidmət göstərməyibsə, bu halda həkim barəsində müvafiq intizam tədbirləri görülür”.

Ginekoloq Yayla Babayevanın sözlərinə görə isə ana ölümlərinin əsas səbəbi hamiləliyin ilk dövrlərindən anaların həkimə müraciət etməməsidir. Belə hallar daha çox regionlarda baş verir. “Regionlarda, eləcə də Bakı kəndlərində qadınlar hamiləliyin ilk aylarından həkim nəzarətində olmur. Bunu bəzi şəxslər maddi imkansızlıqla əlaqələndirir, bəziləri isə nəzarət dövrünün həkimlər tərəfindən uydurulduğunu iddia edir. Çox zaman qayınanalar və ya gəlinin digər yaxınları qadının həkim nəzarətində olmasının tərəfdarı olmurlar”.

Həmsöhbətimizə görə, qadınlarda ginekoloji baxımdan zəifləmələr müşahidə edilir ki, bu da ətraf mühit və ekoloji vəziyyətlə əlaqədardır. Ginekoloq bildirir ki, qadın hamiləliyini hiss etdiyi vaxtdan etibarən həkimə müraciət etməli, müəyyən analizlər verməli, qeydiyyata düşməlidir. Y.Babayeva hesab edir ki, bu analizlər hər 3 aydan bir təkrarlanmalıdır. “Analizlər 3 aydan bir verilməli və hamiləlik dövrü ərzində əlavə xəstəliklər yoxdursa, döl ən çoxu 4 dəfə USM-lə müşahidə edilə bilər. Hamilənin nəzarəti bir həkim tərəfindən aparılmalıdır. Əgər ehtiyac duyurlarsa, müalicə aparılmalıdır. 9 ayın tamamında hamilə qadının 9 aylıq həkim nəzarətinin xronologiyası doğum həkiminə təqdim edilməlidir ki, həkim xəstənin epikrizi ilə tanış olub onda olan problemlərdən xəbərdar olsun ki, doğuş zamanı baş verə biləcək fəsadların qarşısını ala bilsin”.

Müsahibimiz qeyd edir ki, ümumiyyətlə, doğuş zamanı, doğuşdan sonra ana və ya uşağın sağ qalıb və ya öləcəyinə heç kim zəmanət vermir. “Çünki həkim hər zaman çalışır ki, xəstəsini qorusun, ölməyə qoymasın. Amma bir xəstə dünyasını dəyişirsə, artıq bu, həkimin deyil, cəmiyyətin problemidir” deyən Babayeva valideynləri övladları hamilə olan zaman onları tibbi qeydiyyata düşməyə tələb etməyə çağırır. Ginekoloq onu da bildirib ki, əgər qadınlarda hamiləlik dövründə keçirdikləri xəstəliklər müəyyən edilərsə, həmin qadının ölüm riski daha az olar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 115 ölkəsində 60 mindən çox ana ölümü halının təhlili aparılıb. Bu təhlil üzrə tədqiqat nəticəsində sağlamlıqda olan mövcud problemlər, diabet, İİV, malyariya və piylənmə hamiləlik dövründə ağırlaşaraq ölüm hallarının 28 faizinə səbəb olub. Digər səbəblər – ağır qanaxma – əsasən doğuş zamanı və doğuşdan sonra 27 faiz, infeksiya – 11 faiz, fəsadlaşmış doğuşlar və digər bilavasitə mamalıq səbəbləri 9 faiz, abortun fəsadları – 8 faiz və tromb (emboliya) – 3 faiz təşkil edib.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir