qaynana-gelin

Ana və həyat yoldaşı arasındakı tarazlığı necə qorumalı?

Baxış sayı: 1. 931

Ananın da, həyat yoldaşının da ayrı-ayrılıqda öz yerləri var. Ancaq yol verilən ən böyük səhvlərdən biri də onları öz yerlərinə görə qiymətləndirməməkdir. Yəni, ananın sizə analıq hissi ilə yanaşması nə qədər təbiidirsə, sizin də ona qarşı bir övlad kimi yanaşmanız o qədər təbiidir. Ancaq bütün bunlarla yanaşı həyat yoldaşı olduğunuzu da unutmamalı, həyat yoldaşı kimi vəzifələrinizi nəzərə almalısınız.

Analara gəlincə, analar daha çox emosionallıqları ilə tanınırlar və onlarda təbii olaraq, övladlarını qorumaq instinkti var. Bəzən elə olur ki, bu instinktin təsiri ilə analar övladlarını hətta, həyat yoldaşlarından belə qorumağa çalışırlar. Əslində, bu da təbiidir. Ancaq burada qarşı tərəfin mövqeyi də çox vacibdir. Belə ki, övlad ananın yanında övlad kimi davranmalı, ancaq həyat yoldaşının yanında eyni psixologiya ilə hərəkət etməməlidir. Əks halda bu, evlilik üçün böyük təhlükə ola bilər. Başqa sözlə, tərəflər analarının məsələlərə bir ana kimi yanaşdığını nəzərə almalı və həyat yoldaşları ilə münasibətdə obyektiv olmağa çalışmalıdırlar.

Related image

Əslində, həm kişilərin və həm də qadınların analarının təsiri altında qalaraq həyat yoldaşlarına qarşı pis rəftar etmələri daha çox yuxarıda qeyd etdiyimiz bu faktlarla bağlıdır. Məsələn, qadınlar anaları ilə dərdləşmək üçün evlərindəki bütün məsələləri onlarla bölüşmək istəyirlər. Bir qadının anası ilə dərdlərini bölüşməsi əlbəttə ki, yaxşı haldır. Ancaq elə məsələlər var ki, nə olursa, olsun ailə sərhədlərindən kənara çıxmamalıdır.

Başqa bir məsələ isə ananın məsələyə münasibətidir. Belə ki, heç bir ana övladının pisliyini istəməz və buna görə də, kömək məqsədilə övladının bəzi emosional məsləhətlər verə bilər. Lakin analar bu addımı atarkən nə qədər xoş niyyətli olsalar da, obyektivliyi əldən verə bilərlər. Çünki analar hadisələrə əsasən öz övladlarının prizmasından qiymət verirlər. Buna görə də, ananın verdiyi məsləhətlərə əsaslanaraq həyat yoldaşınıza qarşı sərt mövqe tutmaq evliliyinizə zərbə vura bilər. Ancaq bütün bunlarla yanaşı ananızın verdiyi müsbət məsləhətləri və ya tənqidləri də öz süzgəcinizdən keçirə və yeri gəldikcə istifadə edə bilərsiniz.

Image result for erekek evlatlar anne

Kişilərin bu məsələdəki ən böyük səhvləri isə həyat yoldaşlarına qiymət verməyi adi bir şey hesab etmələridir. Bəli, bəzi kişilər həyat yoldaşlarına qiymət verməkdən çəkinirlər. Xüsusilə, analarının mənfi fikirlərini nəzərə almamaq onlar üçün anaya qarşı bir növ vəfasızlıq sayılır. Sanki analarından gələn fikirləri beyinlərinə həkk edir və həyat yoldaşları ilə danışmadan, onların fikirlərini öyrənmədən hücuma keçirlər. Unutmaq olmaz ki, qayınana–gəlin dialoqunda müəyyən problemlər ola bilər. Buna görə də, qayınanalar gəlinləri ilə bağlı mənfi fikirlərini oğulları ilə bölüşmək istəyə bilərlər. Kişilər bu vəziyyəti bir dərdləşmə kimi qəbul etməməli və həyat yoldaşları haqqında vaxtsız hökm çıxarmamalıdırlar.

Bir sözlə, kişilər (elə qadınlar da) ana psixologiyasındakı emosionallıqla yanaşı, qayınana psixologiyasını da nəzərə almalı və ana-həyat yoldaşı arasındakı tarazlığı qorumalıdırlar.

 

Aydan Kərimli




1 şərh “Ana və həyat yoldaşı arasındakı tarazlığı necə qorumalı?

  1. natiq

    tək oğulam. anam və atam 80 yaşındadılar. valideynlərim yoldaşımla bir evdə yaşamaq istəmirlər. yoldaşımla anam arasında soyuq düşmənçilik var. bir övladım var. yoldaşımın mənfi xüsusiyyətləri çoxdur, bunlarla barışmışam. mənfi xüsusiyyətlər məndə də var. amma mən iki ev arasında qalmışam. həm valideynlərimə həm də ailəmə diqqət ayırmalıyam. çox çətindi. işdən çıxıb anam gilə gedirəm sonra evə gəlirəm. başqa psixoloji hücumlara da məruz qalıram həm anam həm yoldaşım tərəfindən amma bu artıq başqa mövzudu. heç bir pulla, var dövlətlə bu problemi həll etmək olmur. heç kim heç cür bu işdə köməklik edə bilməz. ailəni dağıtmaq yaxud valideynlərdən üz döndərmək çıxış yolu deyil. çıxılmaz faciədi.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir