intihar

Anadangəlmə psixi travma, kinolarda ölüm səhnələri, qəhrəmanın intiharı, məktəbdə, ailədə zorakılıq…

Baxış sayı: 1. 006

Azərbaycanda uşaq intiharlarının sayı artıb. Son vaxtlar media orqanlarında hansısa azyaşlı uşağın intihar etməsi ilə bağlı faktları çox eşidirik.

Nə baş verir? Sosial-iqtisadi, mənəvi-psixoloji problemlərlə daha çox yüklənən böyüklərin belə bir addımını haradasa izah etmək mümkündür, bəs azyaşlı uşağın ağlına intihar etmək fikri necə gələ bilər?

 

“Şablonçuluqdan çıxmaq lazımdır”

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, ümumiyyətlə, son 7-8 ildə intihar MDB məkanında, o cümlədən Azərbaycanda geniş yayılıb və durmadan artır. Onun sözlərinə görə, intihar faktı baş verərkən hadisə yerinə ilkin olaraq polis gedir. Polis müəyyən sənədlər hazırlayır və onu prokurorluğa verir. Polisin apardığı ilkin sənədləşmədən sonra intihar faktları ilə əlaqədar bütün materiallar prokurorluq orqanlarına təqdim olunur.

Mahmud Hacıyev bildirdi ki, Azərbaycanda əksər hallarda prokurorluq orqanları cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edir: “Təhqiqatı aparan zaman ehtiyatlı olmaq lazımdır. Azərbaycanda deyirlər ki, azyaşlıdır, yəqin ki, psixikasında müəyyən pozğunluq olub. Azyaşlıdırsa, onun ailə dolandırmaq problemi yoxdur. Məsələn, qız uşağıdırsa, bəlkə intihara məcbur edən amil olub? Bu, incə və çox diqqətlə yanaşma tələb edən məsələdir. Çünki diqqətlə yanaşanda bir də görürsən ki, bu, özünü öldürmə dərəcəsinə çatdırmadır. Yəni həmin şəxsi özünü öldürmə dərəcəsinə çatdıran bir amil olub və həmin amildə kimsə günahkardır. O halda bu, intihar deyil, hər hansı bir insanı özünü öldürmə dərəcəsinə çatdırmaqdır. Deməli, Azərbaycanda bir şablonçuluq var və prokurorluq orqanları bu şablonçuluqdan kənara çıxmalıdırlar”.

Sabiq polis rəisi qeyd etdi ki, sivli, demokratik ölkələrdə mövcud olan qaydaya görə, 6 ay, 1 il, yaxud 2 il ərzində baş verən belə faktlar toplanır, bu intiharların hansı yaş kateqoriyasındakı insanlar arasında, ölkənin hansı ərazilərində tez-tez və hansı səbəbdən baş verməsi araşdırılır. Prokurorluq orqanları təhqiqat aparan zaman qərarın təsviri hissəsində intiharın səbəbi əsaslandırılır. Həmin faktlar üzrə də hüquqşünaslar və sosioloqlar ümumilikdə təhlil aparırlar, bir rəyə gəlinir: “Təəssüf ki, Azərbaycanda bunu etmirlər. Əslində qeyd etdiyim prosedur həyata keçirilməli, bu problemin aradan qaldırılması yönündə hüquq-mühafizə orqanları, sosioloqlar, qeyri-hökumət təşkilatları tərəfindən hökumətə, Nazirlər Kabinetinə tədbirlər planı təqdim olunmalı, müəyyən metodik, proflaktik tədbirlər həyata keçirilməlidir”.

Mahmud Hacıyevə görə, Azərbaycan şəraitində psixikasında problem olan, ona qarşı gizli şəraitdə törədilən zorakılıq hadisəsi uşağı ölümə məcbur edə bilər. Ailə başçısı sərxoşluğa, narkomaniyaya qoşulubsa, bu da azyaşlıya təsir edə və onu intihara sövq edə bilər.

 

“İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamasından da irəli gəlir”

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, uşaqların intihar etməsi onlara qarşı törədilən zorakılıqdan irəli gəlir. Zorakılıq ailədə, məktəbdə baş verə bilər: “Uşaqlar isə zəif təbəqədir, onların mənliyi mənliyi çox zəif olur, hər şeyi qəbul etmirlər. Ola bilər ki, böyüklər hər sözü qəbul edə bilərlər, uşaqlar qəbul etmirlər”.

Yusif Bəkirov xatırlatdı ki, BMT tərəfindən Uşaq Konvensiyası qəbul olunub. Konvensiyanın mahiyyətində uşaqların da bir vətəndaş kimi qəbul olunmaları durur: “İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamasından irəli gəlir. Uşaqlara yanaşma incə, mülayim olmalıdır. Məsələn, bir dəfə Mərdəkanda internatda uşaq intihar etmişdi. İnternat rəhbərliyi uşağı otağa salıb, qapını bağlayaraq anasıyla görüşməyə icazə vermədiyi üçün uşaq özünü asmışdı”.

Yusif Bəkirov uşaq intiharları ilə bağlı Azərbaycanda böyük tədqiqat aparılmadığını da vurğuladı. Onun sözlərinə görə, nə beynəlxalq təşkilatlar, nə də Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən tədqiqatlar aparmayıblar və uşaq intiharlarının səbəbləri dəqiq aşkarlanmayıb: “Ola bilər ki, uşaq intiharlarının başqa səbəbləri də var. Tədqiqat aparılmadığı üçün həmin səbəblər aşkara çıxarılmayıb. Biz də uşaq intiharlarından mətbuat yazan zaman xəbər tuturuq. Mətbuat yazmasa, biz uşaq intiharları barədə məlumatları toplaya bilmirik. Bu məlumatların hamısı prokurorluq orqanları tərəfindən gizli saxlanılır və heç kəsə verilmir”.

 

Uşaq Hüquqlarını Müdafiə Liqası bu sahədə araşdırma aparmağa cəhd göstəribmi?

Yusif Bəkirov bildirdi ki, Uşaq Hüquqlarını Müdafiə Liqası 2004-cü ildə ilk dəfə uşaq intiharı məsələsini BMT-nin Uşaq Komitəsi qarşısında qaldırıb. Həmin vaxt təşkilat Azərbaycan dövlətinin uşaq hüquqları ilə bağlı hazırladığı hesabata alternativ hesabat hazırlayıb və BMT-nin Uşaq Komitəsinə təqdim edib: “BMT-nin Uşaq Komitəsi uşaq intiharlarının araşdırılması və onun qarşısının alınması barədə Azərbaycana 2006-cı ildə tövsiyələr verdi. Təəssüflər olsun ki, bu tövsiyələr kağız üzərində qaldı”.

 

Xırda bir təkan…

“Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Samir Əhmədov uşaqların hansısa bir süjetdən təsirlənərək, hansısa bir idealı yamsılayaraq intihar etdiklərini söyləyir. Məsələn, uşaq kinoya baxır və görür ki, kim kimisə sevir və sevgisi cavabsız qaldığı üçün özünü haradansa ataraq, asaraq, yaxud zəhərləyərək, intihar edir. Bu, onun üçün pis bir nümunə ola bilər. Əgər uşaqlarda anadangəlmə psixi travma varsa, bu da intiharda rol oynayır. Yəni xırda bir təkan belə uşaqların intiharına yol açır: “14 yaşına qədərki dövrdə uşaqlar hələ yetkinlik yaşına çatmamış olurlar. Bu dövrdə uşaqlarda inkişaf daha güclü gedir və orqanizmlərində tam şəkildə dəyişiklik əmələ gəlir. Bu dəyişiklik zamanı orqanizmdə hər şey dəyişir. Onların xasiyyətləri, davranışları, yeməkləri dəyişir, çox vaxt stressləri də olur. Ona görə də valideynlərə tövsiyə olunur ki, bu yaş dövründə olan oğlan və qızlarla münasibətdə çox həssas olsunlar. Valideynlərin həssaslığından uşaqlarının gələcəyi asılıdır”.

Psixoloq xəbərdarlıq edir ki, bu yaş dövründə uşağa bir travma yetirilsə, bu travma ömrünün axırına qədər davam edəcək. Bu travma da intihara səbəb ola bilər.

Samir Əhmədov hazırda telekanallarda nümayiş olunan qorxulu filmlərdə, teleseriallarda və əyləncəli verilişlərdə maarifləndirici bir şeyin olmadığını qeyd etdi. Hazırkı teleseriallarda, filmlərdə döyüb-öldürmə səhnələri çoxdur: “Yuxarıda da dediyim kimi, olub ki, kinoların hansındasa qəhrəman intihar edib, bu da digərinin intiharının səbəbi olub. Çünki o uşaqlar əvvəlcədən intihar yönümlü olurlar və intihara hər hansı səbəb lazım olur. Bu səbəblərdən biri də bu kinolar ola bilər. Hazırda telekanallardan senzuranı yığışdırıblar. Ancaq televiziya insanlara kütləvi təsir vasitəsidir və incə məqamlar hansısa formada nəzərə alınmalıdır. Bir faktı qeyd etmək istəyirəm. Uşaqdır, hələ baxçadadır. Gəlir evdə hansısa döyüş filminə baxır, səhəri gün baxçada stulu öz yoldaşının başına keçirir. Çünki uşaq fikirləşir ki, kinoda qəhrəman belə edirsə, mən də qəhrəmanam, niyə etməyim”.

 

Ramiz Mikayıloğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir