usaq

Analar balalarına niyə və necə qıyırlar?

Baxış sayı: 1. 504

Ana sevgisi safdır, müqəddəsdir, lakin uşaq dünyaya gətirən hər qadına “ana” deməyə adamın dili gəlmir. Yeni doğulan körpəsini hər cür yaşamaq şansından məhrum edən, körpəni zibilliyə, quyuya atan, soyuducuda buzxanaya basan valideynlər də olur.
Axı, analar balalarına niyə və necə qıyırlar?

Psixoloq Ahmet Tuğrul Demirin bildirdiyinə görə, ananın doğma balasını öldürməyinin müxtəlif səbəbləri ola bilər. Bu səbəblər uşağın yaşına görə də fərqlənir. Övladlarını öldürən qadınların bir qismi ağıl xəstəsi dərəcəsində ağlı qarışan, ruhi xəstə olan insanlardır.

“Aralarında şizofreniyalı xəstələr ola bilər, ya da doğumsonrası alovlanmış bir psixoloji dönəm keçirə bilərlər. Çox sıx rast gəlinən öməmli bir durumdur. Doğumsonrası psixoza girən qadında bu dönəmdə dəlilik əlamətləri olur. Bunlardan biri də uşağa yönələn ola bilər. Bəzi belə durumlarda ana gerçək olmasa da, övladını öldürdüyünü düşünə bilir, uşağın südündən zəhərləndiyini zənn edə bilir. Yəni ağlı özündə olmur” deyən müsahibimiz bildirir ki, bu məsələdə psixoloji olaraq “analığa hazır olmayan qadın” amilinə də yönəlmək lazımdır. Dediyinə görə, analıq instinkti inkişaf etməmiş qadınlarda körpənin yeməyini hazırlamaq, altını təmizləmək, rejimli baxmaq kimi analıq öhdəliklərinə hazırlıqsız olması və analıq öncəsi yaşadığı əyləncəli sosial həyatdan uzaqlaşma qorxusu qadını körpəsini bir günahkar kimi görməkdən başlayaraq körpədən qurtulmaq hisslərinə qapılmasına qədər yönləndirir.

“Körpənin yeni doğulan dönəmdə öldürülməsi, ümumiyyətlə, ananın, yəni doğan qadının, analığı və körpəni tam olaraq ruhsal anlamda qəbul edə bilməməsi ilə əlaqəlidir. Ruhən analığa qədər inkişaf edə bilməyən bir qadından bəhs edirik. Onda qadınlıqdan başqa analıq vəzifələri yoxdur. Yəni, uşağı dünyaya gətirə bilər, amma ana ola bilməz. Bayaq da qeyd etdiyim ki, ruhən buna hazır deyil. Bu, bir neçə səbəblə olur. Yaşları azdır, ya da zehni və ruhi baxımdan sinirlərində problem olan insanlardır.

Atanın (ərin) yanında olmaması da buna səbəb ola bilər. Nikahdan kənar uşaq dünyaya gətirmək, sosial baxımdan problem yaradacaq məsələlər də buna gətirib çıxara bilər. Qeyri-qanuni dünyaya gələn bir körpə var, atası isə yoxdur, o, körpəyə sahib çıxmır. Belə vəziyyətlərdə toplumun, anaya qarşı əxlaqi dəyərləri pozduğuna görə basqısı ilə atası məlum olmayan uşaq dünyaya gətirən qadının ağlını itirməsi nəticəsində körpəsini öldürdüyünü görürük. Ancaq bunu əsla unutmamalıyıq ki, instinkt olaraq qadına analıq hissləri verilsə də, kişiyə atalıq hissləri verilib”.

Statistikaya görə, ananın cinayət törədərək körpəsini öldürmə halları çox olsa da, bir körpə cinayətinin iki qatili var. Ana görünən tərəf olsa da, onu bu həddə gətirən atanın da günahı bir o qədər çoxdur. Ata ananın yanında ona dəstək olduğunu, qadına dəyərli olduğunu, ona qarşı diqqətli olduğunu hiss etdirməlidir. Yalnız qalan qadının kişinin dəstəyinə ehtiyacı var. “Bəzi hallarda ana və atanın uşağı uşaq evinə buraxdığını görürük. Ağlı başında heç bir ana və ata övladından vaz keçməz.

Bu, analıq davranışının təbiətinə xas deyil. Amma müxtəlif həyati vacib çətinliklər və travmalar səbəbi ilə uşağa baxmağı bacarmaya, çətinlik yaşaya, ətrafındakı insanlar tərəfindən basqıya məruz qala bilər. Ata ilə problemlər yaşaya bilər, ikinci evlilik qurmaq üçün problemləri olar, maddi sıxıntı yaşayar və s. Əslində problem tərk edilən uşaqda deyil, ağır gələn üzləşdiyi çətinliklərdir. Tərk etmə duyğusu: keçici duyğusal özəllikləri olsa da, sadəcə tərk edilənə deyil, tərk edənə də acı verir. Yəni bu durumun acısını valideyn və uşaq çəkir”.

Onun sözlərinə görə, belə analar körpəni onlara verilmiş böyük yük, bir eyib kimi görür və ondan qurtulmaq istəyirlər: “Övladından imtina edən elə valideynlər də var ki, uşağı uşaq evlərinə dövlətin qoruması altında daha rahat baxılması üçün qoyur. Son zamanlar uşaq evlərində böyüyən uşaqlarda müşahidə etdiyimiz bəzi problemlər ortaya çıxır: duyğusuzluq pozuntusu, ailə qura bilməmək kimi böyük psixoloji rahatsızlıqlar. Uşaq evində onlar ailə sevgisi, valideyn qayğısını tam tapa bilmir”.

Hüquqşünas Vüqar Səfərli bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən uşaqlarına qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur: “Valideynlər övladlarının məsuliyyətini dərk etməlidirlər. Əgər hər hansı bir valideyn uşağını saxlamaqdan imtina edirsə, onu küçəyə atmaq yerinə işgəncə vermək əvəzinə dövlətin himayəsinə və yaxud da müvafiq prosedurları yerinə yetirərək qanunvericiliyin tələblərinə uyğun olaraq övladlığa verməli, uşağın faktiki sağlam həyatını davam etdirməsini təmin etməlidir”.

V.Səfərli qeyd edib ki, övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir: “Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir”.

Hüquqşünas deyir ki, övladını əzab verərək həyatını sonlandırmaq ağır cinayətdır və cinayət qanunvericiliyinə əsasən işin hallarına uyğun olaraq hətta ömürlük azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilə bilərlər.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir