usaq

Anaları seyrələn cəmiyyət

Baxış sayı: 1. 698

Bu günə qədər yarı kinayə, yarı da ironiya ilə səslənən, günümüzdə isə reallığa çevrilən bir deyim var: “Qız qızıla dönüb, yox xəbəri oğlanların”. Çox yox, cəmi 10 ildən sonra oğlanlar evlənməyə qız tapmayacaqlar. İndi hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunur.

Bəli, uzun illərdir Azərbaycanın demoqrafik inkişaf sistemində müşahidə olunan və kifayət qədər narahatlıqla daim müzakirə obyekti olan bir məsələ bu il özünün məntiqi sonluğunu göstərir. Vaxtı ilə çox deyilən, amma heç vaxt eşidilməyən məsələ bu günümüz üçün aktual problemdir. Cəmi bir neçə ildən sonra evlənmək üçün qız axtaran cavanlara heç anaları da kömək ola bilməyəcək. İndi ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verirlər. Bununla bağlı cəmiyyətdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var. Hətta mütəxəssislər hesab edirlər ki, ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər.

 

Gender Bərabərliyi İctimai Birliyinin əməkdaşı Bağdagül Quliyeva qızların sayının azalmasının cəmiyyətdə kəskin sosial problemlər yarada biləcəyini qeyd edib: “Dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. “Əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik” fikrindən insanları çəkindirmək lazımdır”.

B.Quliyeva deyir ki, ilk növbədə ultrasəs müayinəsi aparatlarında çalışan həkimlərin uşaq dölü haqqında qabaqcadan məlumat vermələri qadağan olunmalıdır: “Düzdür, həkimlər pula görə indi də bunu edirlər. Amma buna ciddi nəzarət olmalıdır. Məhz bunun üzündən hazırda da abort edən qadınlar kifayət qədərdir. Ailədə də çox vaxt qızın doğulmasını problem kimi qarşılayırlar. Kişilər: “İki qızım var, üçüncünü nə edirəm?” – deyə vaxtında ondan xilas olmağa çalışırlar. Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə ailədə boşanma halları da baş verir. Bu cür qadınlara oğlan anasına nisbətən daha az hörmət edilməsi də faktdır. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bunun üçünsə, ilk növbədə maarifləndirmə işi aparılmalıdır”.

 

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin rəhbəri Ülkər Abdullayeva isə ailə planlaşdırılmasında imperativ metodlardan istifadənin doğru olmadığını bildirib: “Bu hardasa ailələrin daxili işinə müdaxilə kimi qiymətləndirilə bilər. Yəni heç bir ailəni məcbur etmək olmaz ki, qız və ya oğlan uşağı istəsin. Bu sadəcə müəyyən maariflənmə işinin aparılması vasitəsilə tənzimlənə bilər. Hesab edirəm ki, bunun üçün həm də millətin mədəni səviyyəsi yüksəlməlidir. Mədəni səviyyə yüksələndən sonra bu vasitələrin heç birinə ehtiyac qalmayacaq. Qanunvericilikdə bununla bağlı qadağaların nəzərdə tutulması kütləvi şəkildə insan, ailələrin hüquqlarının pozulması kimi başa düşülə bilər. Ona görə də güman etmirəm ki, bununla bağlı hər hansı bir qadağa effekt versin. Qız uşaqlarına verilən müavinətlər simvolik deyil, cəlbedici olsa, bunun faydası daha çox olar. Yəni ailələr bunu dəyərləndirər. Bütün bunlarla paralel, çalışmalıyıq ki, illərdir cəmiyyətdə mövcud olan bu cür arzuolunmaz stereotiplər silinsin. Hesab edirəm ki, bu elə də çətin və mürəkkəb məsələ deyil. Sadəcə, bunun üçün müəyyən iş görmək lazımdır. Ən başlıcası, savadı az olan ailələrlə iş aparmağa üstünlük vermək lazımdır. Bunun üçün də regionlarda bu yöndə geniş məlumatlandırma işi aparılmalıdır. Dövlət qurumları ilə yanaşı, QHT-lər də bu işdə fəal olmalıdır. Çünki regionlarda maarifləndirmə işinin aparılmasına daha çox ehtiyac var. Mütəmadi olaraq ailə planlaşdırılması mövzusunda gənc ailələrlə maarifləndirmə işi aparılmalıdır. Həmçinin, reproduktiv sağlamlıqla bağlı söhbətlər, işlər təşkil olunmalıdır. Bütün bunları bir araya gətirə bilsək, aparılan işin ciddi səmərəsini görmək olar”.

 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu problemin yeganə həllini gənc ailələrin sosial rifahının yüksəldilməsində görür. “Hələ doğulmamış qız uşaqlarının abort olunması birbaşa cəmiyyətin qadına qarşı ögey münasibətidir. Bu, qadına qarşı zorakılığın bariz nümunəsidir. Ailələrin sosial müdafiə sisteminin möhkəmləndirilməsi, sosial yardımların kasıblar üçün əlçatan edilməsi problemin birbaşa həllidir”.

 

Abortun qadağan edilməsinin problemin həllinə təsir edəcəyinə gəldikdə isə birlik sədri bunun həlldən daha çox, əlavə problemlər yaradacağını deyib. Onun sözlərinə görə, hər hansı qadağa qanunsuz abortların, cinayətlərin sayını çoxaldacaq. “Viruslar artacaq. Eyni zamanda küçə uşaqlarının, internat uşaqlarının sayını kəskin şəkildə artıracaq. Abort problemə heç də kompleks yanaşma deyil. QHT-lər qadınlara qarşı zorakılığın qarşısını almaq üçün kişilərlə iş aparmalıdır. Onlara qadınların da insan və onların da hüquqları olduğunu başa salmaq lazımdır. O cümlədən yeni nikaha girən ailələri maarifləndirməyə böyük ehtiyac var. İstənilən halda bütün iş hökumətin üzərinə düşür. Cəmiyyətdə qız uşaqlarına qarşı mövcud münasibəti dəyişmək lazımdır. Dövlət qadına qarşı zorakılıq edənlərə cinayət tərkibli iş açmalıdır. Belə insanları cəzalandırıb, digərlərinin gözlərini qorxutmaq lazımdır.

 

Şəymən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir