usaq

“Anam evə getmədiyim o gecə keçinmişdi” – Ünvansız sakinlər haqda ARAŞDIRMA

Baxış sayı: 203

“Mən küçənin adamıyam. Hesabımda olduqca az dost insan və xeyli dost küçə var. Onlar – küçələr, məni gecəylə gündüzün hər anında görürlər. Tez-tez yanımı onların səkilərinə pərçimləyir, kölgəmi divarlarına buraxıb fənərlərinə söykənərək otururam. Düşünürəm ki, onlar da məni sevir, axı mən onları sevirəm…”.

Onu hər zaman iş başında, ya da çömbələrək torpaqdan nə isə tapacaqmış kimi gözlərini yerə dikmiş vəziyyətdə görəndə Eduard Limonovun yaddaşımda iz buraxan bu cümlələri beynimdə canlanır…

 

***

– Olar, maşınınızın şüşəsini silim?

– Lazım deyil, rədd ol kənara!

Balacaboy və sısqa bu oğlan aldığı cavabdan sonra üzündə heç bir narazılıq ifadəsi olmadan səkiyə yaxınlaşır. Təmkinini pozmadan əlində tutduğu su dolu qırmızı kiçik vedrəni və yaş süngəri kənardakı taxtanın üstünə qoyaraq, yanından şütüyən avtomobilləri yenidən diqqətlə nəzərdən keçirir. Birdən gözlərində ümid qığılcımı parlayır və əşyalarını götürərək, işıqforda dayanan bəyaz avtomobilə yaxınlaşır.

Sürücüyə nəsə dedikdən sonra avtomobilin şüşələrini silməyə və bərk-bərk sürtərək, parıldatmağa çalışır. Qısa müddət ərzində işinin öhdəsindən layiqincə gəlir və sürücüdən zəhmət haqqını alıb, geriyə qayıdır.

14 yaşlı Fərhad deyir ki, bir müddət əvvəl anası ilə birlikdə kirayədə qalırmışlar.

– 6 yaşım olanda atam yol qəzasında rəhmətə gedib. Bundan sonra rayonda yaşamaq çətin olduğu üçün Bakıya gəlmişik. Anam isə bizə qalmaq üçün yer tapdıqdan sonra evlərə gedib xadiməlik edirdi. O vaxt mən məktəbə gedirdim. Bir gün məktəbdən evə gələndə gördüm ki, həyətdə “həkim maşını” var. Anam “paraliç” olmuşdu, sol tərəfi demək olar ki işləmirdi…

Fərhad bu sözləri deyərkən şaxtadan cadar-cadar olmuş barmaqlarını köksünə sıxır və daha nəsə demək istəyir, amma sözlər qəhərlənib, boğazında düyünlənir… Bir xeyli ciblərini eşərək siqaret qutusunu tapır, siqaretin birini yandıraraq dərin bir qullab alıb, tüstünü ciyərlərinə çəkir.

 

***

Fərhad atası vəfat edəndən bəri özünü bu qədər çarəsiz hiss etməmişdi. Həkimlər gedəndən sonra anası elə hey ona baxırdı və sadəcə sağ yanağından muncuq kimi axan yaş damlaları kip bağlanmış dodaqlarını isladaraq, sinəsi aşağı tökülürdü…

Elə həmin gündən də oxumağın daşını atdı və küçələrə üz tutdu Fərhad. Çox kiçik olduğu üçün başqa uşaqlar onu döyür, olan qəpik-quruşunu da əlindən alırdılar. Həmin qış baş vermiş bir hadisəni xatırlayır Fərhad. Xeyli qar yağmışdı, əlindəki bir neçə stəkanlıq tumu satmaq istəyirdi. Artıq hava da qaralırdı, yanından keçən bir dəstə uşaq ya qəsdən, ya da bilməyərəkdən ona bərkdən toxundu və əlindəki tum tamamilə qarın üzərinə səpələndi. Əlləri göm-göy göyərmişdi, amma ağappaq qarın üzərinə səpələnmiş kömür kimi qaralan tumları ciddi-cəhdlə toplamağa çalışırdı. Əslində bilirdi ki, artıq həmin tumları toplasa belə, islandıqları üçün sata bilməyəcək. Bunu ona görə edirdi ki, daha qaldıqları evin yaxınlığındakı zibil yeşiklərini eşərək çörək tapmaq istəmirdi… Nə olur-olsun pul qazanmaq istəyirdi. Anasına təzə, isti çörək alıb aparmaq istəyirdi… Amma nə yolla…

Beləcə, o axşam evə getmədi. Onun səhərisi də. Anasının üzündəki öz balasını doyura, kömək edə bilmədiyi üçün qınaq ifadəsini görmək istəmirdi.

Və bir səhər qərarlı şəkildə gecələdiyi zirzəmidən çıxaraq yola düzəldi. Dilənəcəkdi. O, əllərini gəlib keçən insanlara uzadır, evdə yatan xəstə və naəlac anası üçün çörək pulu istəyirdi. Gün ərzində ovcuna qoyulan soyuq dəmir pullar ürəyinə bir istilik, sevinc yayırdı. Mağazadan seçdiyi ən isti çörəyi soyumaması üçün paltarının altına, düz ürəyinin üstünə qoyub, küçələrlə yel kimi evə tələsirdi.

…Gecikmişdi. Artıq anası bir gün idi ki, keçinmişdi. Və bunun günahkarı o idi. Anası xəstəlikdən, aclıqdan, susuzluqdan deyil, Fərhadın nigarançılığına dözməyərək ölmüşdü. Qonşu qadınlar anasının üzünə ağ vermişdi və təəssüflə ona deyirdilər ki, anan elə hey qapıya baxaraq səni gözləyirdi…

Fərhad dizləri taqətdən kəsilmiş kimi yerə çökmüşdü. Sinəsində bərk-bərk gizlətdiyi isti çörək isə diyirlənərək anasının ayaqları altına düşmüşdü…

– Daha nə deyim? Yaşım az olsa da, bu həyatda az şey yaşaşamamışam. Elə həmin gündən mənim tək ünvanım oldu küçələr. Bu küçələrdə tum da satmışam, dilənçilik də eləmişəm, cibgirlik də, şüşə də silmişəm. Necə deyərlər, olmuşam əsl küçə uşağı…

 

***

Küçələrdəki uşaqların yarısı…

Dövlət Statistika Komitəsi Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektorunun müdiri Fərid Əhmədov bildirir ki, bir neçə ildir Azərbaycanda olan küçə uşaqlarının statistikası ilə bağlı sorğu keçirməyiblər. Komitə son olaraq 2008-ci ildə “küçə uşaqları” adlı seçmə statistik müayinə aparıb. Həmin müayinə əsasında Bakı şəhərində yaşayan və 9-17 yaşda olan 208 baxımsız küçə uşağından -165 oğlan və 43 qızdan sorğu götürülüb. 208 küçə uşağının 94 faizinin ailəsi olub. Bununla belə, uşaqların 61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Sorğu olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir: “Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman bütün sorğu aparılan küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır. Oğlanların 14 faizi ailə üzvləri tərəfindən işləməyə məcbur edildiyini qeyd ediblər. Qızların 44 faizi da həmin səbəbi göstərib.

Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləyib, qalanları isə bu suala cavab vermək istəməyib”.

 

Səbəblər eynidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyir ki, küçə uşaqları ilə bağlı konkret olaraq 2010-cu ildə araşdırma aparılıb: “O zaman aşkar olunan sırf küçə uşaqları arasında sorğu aparmışdıq. Deyim ki, üstündən bir neçə il keçsə də, orada qeyd olunan məsələlər hələ də aktuallığını itirməyib. Uşaqların küçəyə düşmə səbəbləri yenə də eynidir. Biz o zaman küçədə 438 uşaq aşkarlamışdıq. Onların da haradasa böyük əksəriyyəti 11-16 yaşlı uşaqlar idi. Əksəriyyətini oğlanlar təşkil edirdi. Burada müxtəlif kateqoriyalardan olan ailələrin uşaqları var idi. Elə uşaqlar vardı ki, onların hər iki valideyni sağ idi. Eləsi də vardı ki, valideynsiz idi. Çoxunun isə yalnız bir valideyni var idi. Əsas məsələ də bundan ibarət idi ki, valideyn işə getdiyinə, yaxud uşağına nəzarət edə bilmədiyinə görə uşaq küçə həyatına məruz qalmışdı. Ailədə olan münaqişə nəticəsində evdən qaçmış az sayda uşaq da vardı. Yaxud elə uşaq vardı ki, sərbəst yaşamaq istəyindən küçəyə düşürdü ki, bu da dolayısı ilə zorakılıqdan irəli gəlir. Çünki uşaq evdə zorakılığa məruz qaldığından küçə həyatına üz tutur. Bu, geniş bir tədqiqat idi. Tədqiqatı bütün ölkə üzrə həyata keçirmişdik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax kimi böyük şəhərləri seçmişdik, amma əksəriyyəti Bakı şəhərindən idi. Aşkarlanan uşaqların əksəriyyəti təhsildən yayınmış, ailələri isə əsasən risk qrupuna aid idi. Məsələn, tək valideyn uşağına nəzarət edə bilmir, yaxud boşanıb, işləyir və s”.

 

Avaralıq və dilənçiliyə cəlb edilmiş 400-500 uşaq

Komitə rəsmisi qeyd edir ki, sonrakı illərdə də Daxili İşlər orqanları və digər aidiyyəti qurumlarla mütəmadi olaraq bu istiqamət üzrə işlər aparıblar: “Komitəyə hesabatlar daxil olur ki, nə qədər uşaq küçə həyatına məruz qalır, nə qədəri aşkarlanır, hansı işlər görülür. Bununla bağlı hər bir orqan hesabat verir. Komitə də həmin hesabatlar nəticəsində ölkədə uşaqların vəziyyətini müəyyənləşdirir və təhlildən irəli gələrək hökumətə müxtəlif təkliflər təqdim edir. Son illərin statistikası ilə bağlı təxmini rəqəmlər isə belədir: “İl ərzində həmin rəqəmlər demək olar ki, dəyişmir və stabildir. Təxminən 450-500 uşaq. İl ərzində rəqəm təxminən belə dəyişir. Bu rəqəmdə nə artım olur, nə azalma. Onlar sırf avaraçılıq və dilənçiliyə cəlb edilmiş uşaqlardır. Yəni bunun adı küçə uşağı yox, sırf avaraçılıq və dilənçiliyə cəlb edilmiş uşaqlar kimi gedir”.

 

Aşkarlanan uşaq yenidən küçəyə buraxılmır

P.Əliyev bildirir ki, mütəmadi reydləri Daxili İşlər Orqanları keçirir. Komitənin keçirdiyi reydlər isə mütəmadi olmur: “Küçə uşaqlarını aşkarlamaq polisin birbaşa vəzifə səlahiyyətinə daxildir. Həm də polisin bunun üçün imkanları da var. Onların hər bir rayonda polis bölməsi var. Amma Komitənin ölkə üzrə o qədər strukturu yoxdur. Polisin apardığı araşdırma və reydlər nəticəsində aşkarlanan uşaqlar təhsildən yayınıbsa, təhsilə qaytarılır, əgər ailə mühitinə qaytarmaq mümkün deyilsə, internata yerləşdirilir, yaxud uşağın valideyni çağırılır və inzibati qaydada məsuliyyətə cəlb edilir. Uşaq ailəyə yerləşdirilir, sonra ona icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən nəzarət olunur. Aşkarlanan uşaq yenidən küçəyə buraxılmır. Bəzən hansısa küçədə, yerdə dilənçiliklə məşğul olan uşaqlarla bağlı komitəyə kifayət qədər müraciətlər daxil olur. Biz də bununla bağlı polis orqanına müraciət edirik ki, onu aşkarlasınlar. Bəzən polis həmin yerə getdikdə orada heç kimi aşkarlamır. Çünki onlar mütəmadi olaraq yer dəyişdirirlər. Bu da bir az çətinlik yaradır”.

 

Dilənçiliklə məşğul olan 106 uşaq saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif mövzu ilə bağlı  sualları cavablandırarkən bildirdi ki, 2017-ci il ərzində bölmənin əməkdaşları paytaxt ərazisində məktəblərdə dərsdən yayınma, uşaq əməyinin istismarının qarşısını almaq üçün reydlər aparıblar: “Keçirdiyimiz tədbirlər zamanı Bakının əksər rayonlarında yuxarı sinif şagirdlərinin dərsdən yayınma halları aşkar edilib. Həmin şagirdlər əməkdaşlarımız tərəfindən oxuduqları məktəbə və ya ailələrinə təhvil verilib və onlarla maarifləndirici söhbətlər aparılıb. Ötən il ərzində dilənçilik edən 106 azyaşlı uşaq saxlanılıb. Onların arasında evlərindən qaçan uşaqlar da var. Həmin uşaqların ailələri qeydiyyatda, uşaqların özləri isə nəzarətdədir. Reydlər zamanı aşkarlanan uşaqların sağlamlığı da yoxlanılır. İndiyə qədər hələlik onlarda elə bir ciddi xəstəlik aşkarlanmayıb. Həmin uşaqların ailələri varsa, onlara təhvil verilir, yoxdursa, müvafiq prosedurlara əsasən uşaq evlərinə verilir, təhsil alması istiqamətində müəyyən addımlar atılır”.

 

Ailədə cinsi zorakılığa məruz qalanlar

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirdi ki, birliyin tərkibində olan küçə uşaqlarının sığınacaq evində vaxtının çoxunu küçədə keçirən, valideynlərin diqqətindən, nəzarətindən kənarda qalan uşaqlar var: “Onlar polis tərəfindən reydlər zamanı aşkarlanır və bizim sığınacağa yerləşdirilir. Sığınacaqda yerləşdirildiyi müddətdə onların ailələrinin axtarışı istiqamətində birgə əməkdaşlıq nəticəsində DİN ilə araşdırıb tapırıq və valideynlərə qaytarılması üçün söhbətlər aparılır. Uşaqlarla iş aparıldıqda onlarda zorakılıq faktları aşkarlanıbsa, onunla bağlı artıq DİN, yaxud yerli prokurorluq orqanları təhqiqata başlayırlar. Bizim sığınacağımız sırf zorakılığa məruz qalmış uşaqlar üçün nəzərdə tutulub. Aşkarlanan uşaqlar heç də hamısı küçədən gəlmir. Ailələrdə zorakılıq, şiddət görmüş və ya küçəyə atılmış uşaqlardır. Təəssüf ki, sığınacağa daxil olan uşaqların sayına əsasən deyə bilərik ki, bu, o qədər də az deyil”.

K.Ağazadə deyir ki, sığınacaq normal olaraq 15 nəfər üçün nəzərdə tutulsa da, hazırda buraya 40 nəfər yerləşdirilib. Yaşları isə 1 yaşdan 18 yaşa qədər olan uşaqlardır. Burada olan 40 uşaqdan təqribən 31-i qızdır. Qızların 60-70 faizi ailədə zorakılığa, cinsi zorakılığa məruz qalıblar.

 

Küçədə onu anlayanlar daha çoxdur…

Məsələnin psixoloji aspektlərinə aydınlıq gətirən psixoloq Vəfa Rəşidova söyləyir ki, küçə uşaqları hər zaman var olub: “Mən uzun illər bu cür uşaqlarla iş aparmışam. Təbii ki, bunun kökü, yaranma səbəbi var. Nəyə görə uşağın ailəsi ola-ola küçə həyatına, küçəyə meylli olurlar? Əvvəlcə bildirim ki, küçəyə meyl edən uşaqların psixologiyası birdən-birə belə olmur. İstənilən insan doğuluşdan gözəl bir əxlaqda, xislətdə yaranır. Amma sonradan mühit, valideynlər, situasiyalar və insanın yanaşması onun bütün həyat tərzində böyük dəyişikliklər edə bilir. Və onun yaşam tərzinə belə desək, böyük bir damğa vurur. Bir məqam da deyim. Bəzən diqqət etmişəm – ana xəstə olursa, səhhətində problem varsa, uzun illər müalicə alırsa, eyni zamanda ya depressiyadadır, ya ailəsində böyük bir itki olub onun depressiyasından çıxmayıbsa, yeniyetmə uşaqlar küçə həyatına meyllənirlər. Həmin uşağın düşüncəsinə görə, küçədə onu anlayanlar, onun düşüncəsində olan uşaqlar var. Onun aləmində artıq o həyatını nəşələndirib, ya da dərdlərdən uzaq olub. Amma hər yeniyetməyə də bunu şamil etmək olmaz. İnsan var ki, situasiya onu lider edir, insan var ki, çətin situasiya onu əzir. Yəni o, həyatda hər şeydən küsür və heç bir şeyə həvəsi qalmır. Məhz belə psixologiyada olan uşaqlar problemlə üzləşdiyində küçəyə meylli olurlar”.

 

Valideynlər arasındakı problem…

V.Rəşidova bildirir ki, bəzi valideynlər göz görə-görə bunun qarşısını almırlar və “gücüm çatmır” deyirlər: “Bəzi valideynlər acizlik göstərib, “mənim gücüm çatmır” deyirlər. Bax, bu, ən təhlükəlisidir. Çox hallarda belə uşaqların valideynləri evdə tez-tez münaqişələr yaşayırlar. Belə ailələrin uşaqları da küçəyə meyl edirlər. O uşaqlar ya ögey atasından, ya öz atasından mütəmadi olaraq şiddət görürlər. Bu həyat isə onlarda usandırıcı, yorucu olur. Buna görə küçədə özünün aləmində qurduğu bir həyata qovuşmaq istəyi yaranır. Bu məqamda valideynlər diqqətli olmalıdırlar. Özlərinin arasında problemlər varsa, onu uşaqlara yansıtmasınlar. Çünki uşaqlar çox həssasdır. Onlar tez yorulur, usanırlar. Buna görə də uşaqları evdə yormaq lazım deyil ki, küçəyə meyllənsin. Bir insanın rahatlığını, komfortunu əlindən alırsansa, o, həmin rahatlığı başqa yerdə axtarmağa başlayır.

Bu məsələdə mən daha çox valideynlərə fokuslanıram. Valideynlər bilməlidir ki, onların yaşadığı problemlər uşağı və yeniyetməni bu kimi həyata sövq edir. Və sonra da əlbəttə ki, narkomaniya və toksikomaniyaya başlayır. Bu, zəncirvari vəziyyətdir. Çünki küçə həyatını yaşayan uşaq küçədə mütləq toksikoman uşaqlarla, ya da bir başqa yolun yolçusu olan uşaqlarla rastlaşır. Onlar üçün ən birinci yerdə siqaret dayanır. Siqaret çəkmək onlara özlərini cəmiyyətdə möhkəm durmuş kimi hiss etdirir. Siqaret çəkən uşaq və yeniyetmədən nə zaman siqaret çəkməyə başladın soruşuruq və analiz edəndə görürük ki, evdə söz-sohbət olub, ya atası anasını döyüb, ya anası evdən gedib, ayrılıq yaşayıblar, həmin andan uşaqlar başlayır siqaret çəkməyə və küçəyə meyl etməyə. Onların da həyatla bağlı çox böyük arzuları olur. Xəyal qırıqlığı yaşadıqlarına görə bu kimi həyata meyl edirlər. Bəziləri reallıqla əlaqəsi olmayan arzular arzulayır. Və onlar həyata keçmədiyinə görə xəyal qırıqlığı yaşayırlar və olur-olsun, olmursa, artıq küçəyə meyllənirəm deyirlər. Bu kimi yeniyetmələri və uşaqları asanlıqla yoluna gətirmək çətin olur. Yəni belə deyək, iş-işdən keçmiş olur. Formalaşan dövründə o həyatın dadını görüb, ora alışır və onun xəmiri belə yoğrulur”.

 

Onlar küçədə olduqlarının fərqindədirlər

Küçə psixologiyası fərqli olduğuna görə ora meyl edən yeniyetmə və uşaqların da psixologiyası fərqli olur deyə V. Rəşidova vurğulayır: “Onlarda, ilk növbədə, özünəinamsızlıq olur. Əlbəttə ki, özünəinamsızlıqdan küçə həyatına meyllik yaranır. Məsələn, mən deyən olmalıdır, buradakı 3-5 uşağın başında dayanmalıyam kimi özgüvənsizlik olur. Eyni zamanda, onlar şiddətə meylli olurlar. Kiməsə şiddət göstərirlər. Çünki zamanında onun özünə küçədə şiddət göstəriblər. Əslində isə daxildən çox qorxaq uşaqlar, yeniyetmələr olurlar. Bu kimi – vuraram, yıxaram, öldürərəm, kəsərəm kimi davranışlarla özlərini güclü göstərməyə çalışırlar. Çünki onlar harada olduqlarının və hansı həyatı yaşadıqlarının fərqindədirlər.

Burada ən önəmli məqamlardan biri də sevgisizlik və diqqətsizlikdir. Hər bir uşağın və yeniyetmənin müəyyən yaşa qədər diqqət və qayğıya ehtiyacı var. 30-35-40 yaşlı insanın bəlkə də o qədər qayğıya ehtiyacı yoxdur”.

 

***

Küçə uşaqları öz arzuları ilə küçələrə meyl etmirlər. Buna onlar hansısa situasiyalar ucbatından məruz qalırlar. Kimisi anasını itirir, kimisi atasını. Kimisi ailədə şiddətə məruz qalır, kimisi sevgi, diqqət, qayğı görmür. Ailə qayğısından uzaq qalaraq, bu sevgini küçələrdə tapmağa çalışır. Bu dünyaya bir övlad, bir insan gətirirsinizsə, onu sevin. Sadəcə, sevin… (Ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir