anar nagilbaz

Anar Nağılbaz: “Deyirlər ki, hətta sürücü də olsa, işləyə bilərsən” – MÜSAHİBƏ

Baxış sayı: 366
“Gencaile.az” “Musavat.com”-a istinadən məşhur reper Anar Nağılbazın müsahibəsini təqdim edir:
– Anar bəy, öncə son olaylardan başlayaq. İş axtarmanızla bağlı sosial şəbəkədə yazdığınız status xeyli müzakirələrə səbəb oldu…  
– Ondan başlayım ki, mən Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsini bitirmişəm. İxtisasım televiziyadır. Telekanallara müraciətimə və bir çoxlarının rəhbərləri ilə şəxsi görüşlərim olmasına baxmayaraq, iş tapa bilməmişəm. Bir çoxları ştat olmadığını, bəziləri isə hətta işçilər arasında ixtisarlar etdiklərini bildiriblər. 10 illik televiziya stajım olsa da, öz sahəm üzrə işlə təmin edilə bilmirəm.
– Siz neçə vaxtdır işsiz qalmısız? 
– 2013-cü ilin oktyabrın 1-dən Qaraçuxur Mədəniyyət Sarayının direktor müavini vəzifəsindən çıxarıldım. Məni Bakı Mədəniyyət Turizm İdarəsinə dəvət edib dedilər ki, ərizə yazıb, işdən çıx.
– Bu nə ilə bağlı idi? 
– Heç bir məlumat vermədilər. Baxmayaraq ki, 2012-ci ildə nazirliyimiz və idarə tərəfindən ilin ən yaxşı bədii rəhbəri seçilmişdim. Amma 2013-cü ilin avqustun axırlarında “Gəl seçkilərə” adlı mahnı çıxarmışdım. Məqsədim insanları seçkilərə ruhlandırmaq idi. Orada heç kimə tərif yox idi. Sadəcə insanları ruhlandırmaq üçün nəzərdə tutulmuşdu.
– Yanlış anlaşıldı mahnınız? 
– Mən elə başa düşürəm ki, o mahnı ilə əlaqədar işdən çıxarıldım. Fəaliyyətimin yəqin ki, təsiri var.
– Sizin bir Praqa mərhələniz də olub. Bir neçə ay orda qaldınız və sonra qayıtdınız. Baxmayaraq ki, həmin vaxt sizin mühacir kimi ora müraciət etmənizlə bağlı xəbərlər çox geniş yayıldı. Telekanallarda bununla bağlı süjetlər getdi, saytlar və qəzetlər bu haqda yazdı… 
– Mən ora Şelder proqramı əsasında getmişdim. Bu proqram reabilitasiya proqramıdır. İnsanın səhhətində nəsə bir problemlər olarsa, insan o proqram əsasında müalicə üçün xarici ölkəyə gedə bilir. Bununla yanaşı, getdiyin ölkənin mədəniyyəti ilə də tanış olursan. Dil öyrənmə imkanları yaranır. Mənim üçün o proqram maraqlı idi. Ən əsası isə səhhətimə görə getmişdim. Orda hospitallar çox güclüdür, tibb sahəsi çox inkişaf edib. Başqa bir problemim yox idi. Hətta oranın ilk rep qrupu “Pioskrop”la tanış olmuşdum. Onların hər həftənin sonunda keçirdikləri “End of the veek” adlı proqramlarında da fəxri qonaq kimi iştirak etdim.
– Orada nə qədər müddət qaldız? 
– 2014-cü ilin aprelin axırından avqustun əvvəlinə qədər. 3 aylıq bir proqram idi.
Amma daha çox yayılan fikir sizin orda qalıb məskunlaşacağınızla bağlı idi. Hətta orda yaşayan azərbaycanlılarda da belə təsəvvür vardı ki, siz orda qalıb yaşamağa davam edəcəksiz… 
– Bu, bilirsiz nədən irəli gəlirdi? Onların Nova kanalı mən proqram üzrə reabilitasiya keçdiyim dönəmdə çəkiliş etdilər. Amma ANS kanalı bunu götürüb yaymış və fərqli şəkildə yozmuşdular. Çex dilində yayımlanan süjetdə qeyd olunurdu ki, tanınmış azərbaycanlı reper proqram üzrə reabilitasiya keçir. Bizimkilər isə bunu sığınacaq istəməyim kimi yozmuşdular. Xeyr, mən sığınacaq-filan istəməmişdim. Elə bir şey olsa, ordakı başqa təşkilatlar var. Onlar mənə qalmaq üçün təklif etsələr də, mən öz ölkəmə qayıdacaqdım. Çünki nə istədiyimi bilirdim. Sosial şəbəkədə də bunu hər zaman demişdim.
– Praqada mühacirlər üçün nəzərdə tutulan yataqxanada qalırdız, ya necə? 
– Birotaqlı, kirayə ev idi.
– Ailəniz bəs? 
– Onlar Bakıda idilər. Bu faktın özü də sübut edir ki, mühacirət üçün getməmişdim. Getsəm, ailəmi də özümlə aparardım. Mən ailəmi heç vaxt yalnız buraxa bilməzdim. Bu, mümkün deyildi.
– Elə həmin ərəfələrdə sosial şəbəkə vasitəsilə namaza başlamanızla bağlı bir statusunuzu oxudum… Davam edirsizmi yenə? 
– Səhhətimlə bağlı ciddi müalicələrdən keçdim. Ona görə də dayandırmalı oldum. Bir müddət sonra da işsizlik-filan mənim səhhətimə bir az təsir etdi. Psixoloji təsiri güclü oldu. İş tapa bilməyəndə, ailəsini dolandıra bilməyəndə, insan ruhdan düşür, sarsılır. Bizim ailənin bir büdcəsi, əlavə gəliri də yoxdur ki, nəyisə həll edək. 2000-ci ildən 2003-cü ilə qədər Qafqazın ən böyük prodüser mərkəzi “Azəri Nyus Servis”in rəhbəri olmuşam. Ordan bir çox insanlar çıxıblar, bəhrələniblər. Hardasa 2004-cü ilə qədər prodüser mərkəzi kimi fəaliyyət göstərirdik, daha öncə ikimərtəbli bir yerdə məskunlaşmışdıqsa, sonra üçotaqlı bir yerlə kifayətləndik və sair. 2005-ci ildə İctimai Televiziyaya film departamentinə direktor müavini təyin edilmişdim. 2006-cı il bütövlüklə Amerikada çalışdım. Orda da sığınacaq istəmirdim, sadəcə artırma yolu ilə qalmaq istəyirdim. Amma sonra geri döndüm, 2007-ci ildə ailə həyatı qurdum. Ondan sonra bir neçə yerdə işlədim. Onu da siz bilirsiz.
Siz ümumiyyətlə, nədən müalicə olunurduz? O 3 aylıq müalicə kursu hansı istiqamət üzrə idi? 
– Məndə tənəffüs yollarında problemlər var. Bu da öd kisəsi ilə bağlı idi. Böyrəkdə, öd kisəsində daş var, ciyərdə də piylənmə var idi.
– İki övladınız var səhv etmirəmsə… 
– Oğlum 8 yaşındadır, qızım 4 yaşında. Məktəbə və bağçaya gedirlər. Biz də onların qayğıları ilə məşğuluq. Onları özümlə tədbirlərimə də aparmışam ki, atalarının hansı fəaliyyətlə məşğul olduğunu görsünlər. Amma öz sahəmdən özüm də razı deyiləm. Çünki rep özü milli yem deyil. Bizdə milli yem muğam, meyxanadır. Bundan başqa, şou biznes 96-dan sonra formalaşdı. Şadlıq saraylarının üzərində qurulub şou biznes.
Yolda sizi görüb, salamlaşan gənclər yəqin ki, hələ də var. Çünki siz də bir dönəm şou biznesdə özünə yer edən, populyarlıq qazananlardan olmusuz. Onda demək olmaz ki, Azərbaycanda rep inkişaf etməyib. 
– Təşəkkür edirəm xoş sözlər üçün. Mənim bir səhvim onda oldu ki, özümə də, repçi dostlarıma da şadlıq saraylarında çıxış etməyi qadağan etmişdim. İstəməmişəm ki, şadlıq saraylarında rep oxunsun. Dost toyunda bir mahnı ifa edə bilərsən. Amma bunu toyxanalarda bir qazanc forması kimi etməyin əleyhinə olmuşam. Bunu öz səhvim kimi qiymətləndirmişəm. Çünki tanındığımız dövrün pik nöqtəsində, Brilyant xanımla duetlərimiz olan vaxt mən o toy dəvətlərindən imtina edirdim. Amma Brilyant xanım deyirdi ki, bütün şadlıq saraylarında, restoranlarda bizim o duetlərimizi istəyirlər. Amma mən razılıq vermirdim. Sadəcə qurduğum prodüser mərkəzi ilə kifayətlənirdim. Deyirdim ki, az olsun, mənə bəs edər. Gələcəkdə də istəyirdim ki, öz klubumuzu açaq, xarici repçiləri kluba dəvət edək.
– İllər öncə zirvədə idiniz, qazancınız da yüksək idi, populyarlıq da pik həddə. Eyni adamın illər sonra hətta mağazada satıcı işi üçün belə müraciət etməsi… nəyin nəticəsidir sizcə? Bunu adi həyat hadisəsi kimi qarşılayırsınız, ya necə? 
– Həyat özü dəyişkəndir. Həyatda hər insan üçün dövrlər olur. Heç nə və heç kim əbədi deyil. İstər qazandığın pul, istər şöhrət. Bir az öz səhvlərimin də nəticəsidir ki, repə qol-qanad açmağa imkan vermədim. Şanslarımızı vaxtında dəyərləndirmədiyimiz üçün nəticə belə oldu. İş tənəzzülə uğradı.
– Bildiyimiz qədəri ilə iş axtarırsınız. İndi həqiqətənmi satıcı belə olsa işləməyə hazırsız? 
– Əlbəttə. Bu yöndə də səriştəm var. Həm özümün kafem olub, işlətmişəm. Xarici dövlətdə, ABŞ-da menecer işləmişəm. Böyük bir karqonun satış meneceri idim. Müxtəlif sahələrdə çalışmışam. İş baxımdan çəkinmək yoxdur. Əsas məsələ işsiz qalmamaqdır. İşsiz qalmaq kişi üçün çox çətindir. Ailəni dolandırmaq lazımdır, ayağa durmaq üçün ilk addımı atmaq şərtdir.
– Atanız sizin istənilən işdə işləmənizə razıdırmı? 
– Çarəsizlikdən hə. Onlar da problem görmürlər. Deyirlər ki, hətta sürücü də olsa, işləyə bilərsən. Dünyada da tənəzzül, iqtisadi böhran var. İş yerləri bağlanır, ixtisarlar aparılır, maaşlar kəsilir. Yəni, bu, günümüzün reallığıdır. Proses bizim ölkədən də yan keçməyib. Hətta “Birja” qəzetindən tapdığım bəzi elanlara görə zəng etmişəm. Amma alınmayıb. Bəzi yerlər CV göndərməmi istəyiblər. Tanınmış adam olmağımı bilsələr də, heç bir yardım etməyiblər. Çox yerə CV-mi göndərmişəm, xəbər çıxmayıb. Bilinmir bu elanları yalandan asırlar, ya həqiqətən işçi axtarırlar.
– Bəs müraciət etdiyiniz yerlərdə sizin tanınmış reper olduğunuzu biləndə reaksiya necə olur? 
– Təbii ki, orda operatorlarla danışıram. Səsimdən də tanıyırlar və bilirlər ki, yalan danışmıram. Amma heç olmasa bir görüşə dəvət edə bilərdilər. Amma bunu etmirlər. “Stajirovka” üçün belə dəvət etmirlər. Çox istərdim ki, telekanallardan birinə dəvət edilim. Yeni verilişlərin birinin hazırlanmasında iştirak edim. Çünki öz sahəm üzrə işləmək mənə daha rahat olardı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir