Haya Obeid

Anası azərbaycanlı olan iordaniyalı tələbə: “Burada oğlanların bəziləri evlənmək məsələlərinə ciddi yanaşmırlar”

Baxış sayı: 1. 764

İordaniya vətəndaşıdır. 10 ildir Azərbaycanda yaşayır. Ölkəmizə o qədər bağlanıb ki, hətta ərəb dilini belə unudub. Deyir ki, ona tez-tez “özünü harada tapırsan, Azərbaycanda, yoxsa İordaniyada” sualını verirlər. Cavabı isə həmişə “Azərbaycanda”  olur. Hətta ömrünün sonuna qədər Azərbaycanda yaşamaq istədiyini də deyir.
Müsahibimiz İordaniyalı tələbə Haya Obeiddir. Haya Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alır. Anası azərbaycanlı, atası ərəbdir. Damarlarında azərbaycanlı qanı axdığı üçün ölkəmizdən heç vaxt qopmayıb.
Haya ilə İordaniyaya “səyahət” etdik, azərbaycanlı tələbələrdən, onu təəccübləndirən xüsusiyyətlərimizdən danışdıq.
Məlumat üçün bildirək ki, İordaniya (İordaniya Həşimi Krallığı) yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimaldan Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir.

Zevsin, Artemidin məbədi…

Müsahibimiz deyir ki, İordaniya Azərbaycan kimi multikultural ölkədir. Onun sözlərinə görə, İordaniya turizm cəhətdən də turistlərə maraqlıdır: “İordaniya multikultural ölkədir. Orada müsəlmanlar və xristianlar dostcasına yaşayırlar. Sizin ölkədə olduğu kimi hər xalqın dininə, adət-ənənəsinə hörmət edilir. Çox adam bu ölkəni qaradərili insanların ölkəsi kimi tanıyır. Amma İordaniya avropalaşıb və əhalisinin əksəriyyəti sarışındır. Çox maraqlı ölkədir. Ölkənin ən çox diqqət çəkən məkanlardan biri Omman şəhərində olan Roma teatrıdır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura bilir. Turistlərin ən çox sevdiyi şəhərlərimizdən biri isə Petra və Ceraş şəhəridir. Burada tarixi abidələr – Zevsin və Artemidin məbədləri  yerləşir. Şəhərdə Bizans dövrünə aid 17 kilsə var”.

Əvvəlcə ərəb kofesi, sonra möhtəşəm süfrə

Həmsöhbətimiz deyir ki, İordaniyada düyü ən çox sevilən qidalardandır. Hayanın sözlərinə görə, onlar düyünü bizdən fərqli hazırlayırlar: “Düyü Azərbaycandakı kimi hazırlanmır. Burada düyünü suda bişirirlər, amma orda yağda qızardırlar və fərqli dadı olur. İordaniyada da ət yeməklərinə üstünlük verilir. Əsasən qoyun və toyuq əti yeyilir”.
Haya deyir ki, onun ölkəsində evə gələn qonaq kofe içməmiş gedə bilməz: “Əgər evə qonaq gəlirsə, öncə ona ərəb kofesi verirlər, sonra isə çox möhtəşəm bir süfrə açırlar. Ölkədə istədiyin növdə kofe var. Hətta kofe bazarları belə mövcuddur. İstədiyin zövqə uyğun kofe alırsan, təmizləyib qızardırsan. Kofeyə xüsusi ədviyyatlar da qatırıq”.

“Bayramlarınızı çox sevirəm, xüsusilə də…”
 
Yuxarıda da qeyd etdiyimiz kimi, Haya Azərbaycanı çox sevir. Azərbaycanda yaşamaqdan zövq alır: “Azərbaycanın bütün küçələrini, evlərini sevirəm. “Neftçilər”, “Həzi Aslanov” metrosunun yaxınlığındakı küçələri gəzməkdən doymuram. Burada mənə hər şey gözəl, xoş gəlir. Bayramlarınızı çox sevirəm. Xüsusilə də Novruz bayramını… Bizim ölkədə Yeni il, Novruz bayramı sizdəki kimi ölkə səviyyəsində qeyd olunmur. İordaniyada rəsmi istirahət günləri cümə, eləcə də bazar günləri sayılır. Cümə günü hətta mağazalar da işləmir. 1 may – Əmək günü, 15 yanvar – Ağac günüdür. Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may Müstəqillik günü kimi qeyd edilir. Ramazan, Qurban bayramları isə bizim ölkədə yüksək səviyyədə keçirilir”.

“Yarpaq dolması çox dadlıdır”

Ailələrində hansı ölkənin yeməklərinin bişirlməsinə gəldikdə isə həmsöhbətimiz deyir ki, hər iki ölkənini yeməkləri bişirilir: “Atam ərəb olduğu üçün mətbəximizdə hər iki ölkədən yeməklər olur. Azərbaycan mətbəxi də çox dadlıdır. Xüsusilə yarpaq dolmasını çox sevirəm. Hətta özüm də hazırlaya bilirəm”.

“Varlı ər axtarmaqdansa, oxumağa üstünlük versinlər”

Haya deyir ki, Azərbaycanda xoşuna gəlməyən cəhət qızların bəzilərinin dərdinin “ərə getmək” olmasıdır: ” İordaniyada oğlanlar məktəbə gedir, universiteti bitirir, əsgər gedir, işləyir və sonra evlənirlər. Oğlanlar əvvəlcədən düşünür, ailəsini saxlaya bilmək üçün karyera qurur, iş tapır. Çünki ata-anaya etibar edib, ailə qurmaq olmaz. Burada oğlanların bəziləri evlənmək məsələlərinə ciddi yanaşmırlar. Bəzi qızlar isə hər şeydən öncə ərə getmək haqqında düşünür, dövlətli adaxlı axtarırlar. Mənə özünüinkişaf çox maraqlıdır və xoşuma gəlir. Sizin də əksər qızlarınızın və oğlanlarınızın müasir, karyerist olması məni sevindirir. Lakin qismən də olsa, gələcəyi düşünmədən ərə getməyi və ailə qurmağı prioritet sayan oğlanlar və qızlar hər iki ölkədə var. Mən istəyirəm ki, Bakıda qızlar varlı ər axtarmaqdansa, oxumağa üstünlük versinlər. Bir də, universiteti bitirəndən sonra diplomu şkafda tozlandırmaq olmaz. Valideynlər övladlarının hədəflərinə, məqsədlərinə çatmalarına mane yox, dəstək olmalıdır”.

“Müəllimlər çox tələbkardır, amma…”

Haya deyir ki, Azərbaycan qonaqpərvər ölkədir və universitetini, müəllimlərini çox sevir: “Azərbaycanlılar çox qonaqpərvərdir. Evinə gələn qonaq üçün dəridən-qabıqdan çıxırlar. Xaricdən gələn insanı da çox isti qarşılayırlar. Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbirlidirlər. Bütün müəllimlərimi sevirəm. Burada müəllimlərlə, dekanla  rahat ünsiyyət qurmaq olur. Tələbəni motivasiya edirlər. Belə olanda adam daha çox oxumağa, təhsil almağa can atır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir