Kubra Meherremova

Ancaq qazancı düşünən toplum – KUBRA MƏHƏRRƏMOVA YAZIR

Baxış sayı: 1. 076

O gün deyirlər ki, ticarət mərkəzləri bağlanacaq, heç nə, acından öləcəyik, qazanc olmayacaq.

Bir neçə gündür cəmiyyətdə bu fikirlər dolaşır. Toplum olaraq ancaq və ancaq qazanc və pul barədə düşünürük. Bütün digər məsələlər o qədər də vacib deyil.

Amma və lakin heç kim düşünmür ki, bir balaca ehtiyatsızlıq etməklə ailəmizi, özümüzü, ən doğmalarımızı risk altına atırıq. Bu elə bil, alkoqollu içki içib sükan arxasına oturmaqdır. Bilir ki, olmaz, amma edir. On manat “ayıq sürücü”yə verməyə xəsislik edir, bütün ailəni riskə atır. Hamı da yüksək mədəniyyətdən, dünyagörüşündən, bahalı həyatdan dəm vurur. Hamı bilir, amma çox az adam riayət edir.

Məktəbləri bağladılar ki, uşaqlar evdə otursun, daha valideynlərlə qohum-qonşugilə qonaq, əyləncə mərkəzlərinə, insanların çox olduğu yerə getməsin. Görünür, bunu anlamaq bizim üçün hələ çətindir. “Tətil” deyib şəhərdən kəndə, kənddən şəhərə gəzməyə gedənlər də az deyil. Görünür, elə bu rahatlıq bizi öldürəcək, virus yox.

Dezinfeksiya işləri aparılır, amma insanlar əllərini yumur. Sual verəndə niyə, deyir ki, əşşi, Allah yaradıb, Allah da saxlayacaq. Yəqin Çin, İran və İtaliyadakı adamları Allah yaratmayıb. Ona görə də, xəstələnirlər.

Ana-ata, nənə, uşaqlar – xoşbəxt ailə tablosu bir yerdə marketə gəlir. Şöbələri bir-bir gəzir, kassa qarşısında tıxac yaradırlar. Uşaqlar rəflərdəki məhsullara toxunur, sonra əllərini üz-gözlərinə vururlar. Risk? Açıq-aydın. Niyə uşaqlar evdə nənə ilə qalmır ki? Qida məhsulu alarkən ailə məşvərətinə nə ehtiyac var, anlamadım. Hələ bu dəstə ictimai nəqliyyatla evə dönür.

Hə, o gün də feministlər marş keçiriblər. Deyiblər ki, yürüşün məqsədi “çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir. Xeyli sayda ən müxtəlif plakatlarla yürüşə çıxıblar. Amma xalqın yaddaşında ancaq bir plakat və orada yazılan qalıb.

Sonra da “aktivist”lərdən biri olan Aysel Ələkbərzadə bir gecəyə oldu qəhrəman. Onun üçün “qorxmaz qızdır, əhsən və alqışlar”! Elə bu hay-küy ortaya düşmüşdü ki, Qurban adında biri sosial şəbəkədə yazdı ki, bəs “bu qızdan qəhrəman etməyin, dələduzdur. Mənə xeyli pul atıb”. Sonra digər personajlar da ortaya çıxdı, qarşılıqlı ittiham və s. Bütün bu “Meksika serialının” sonunda Aysel dünən özünü 2-ci mərtəbədən küçəyə atıb. Sosial şəbəkədə də yazdı ki, bəs “intihar edirəm”. Camaat da cavab yazdı ki, biz 3-cü mərtəbədən o qədər tullanıb dərsdən qaçmışıq ki. Belə də ki, qız xəstəxanadadır, vəziyyəti orta ağırdır. Səbəb hələ araşdırılır.

Nəysə ki, “8 Marş” yaxşı ideya idi, yenə də özümüzünkülər aləmi qatdılar bir-birinə. Biz istənilən ideyanın “atasını” elə qəşəng yandırırıq ki, gəl görəsən. İndi kim düzdür, kim əyri, onu bir azdan biləcəyik.

Etiraf edək ki, qınamaqdır, söz-şəbədə qoşmaqdır, bunda bizə çatan olmaz. Amma əl yumaqdır, ətrafımızı təmiz saxlamaqdır, uşaqlarımıza gigiyena tərbiyəsi verməkdir, burada elə bil axsayırıq. Çünki bizim toplumda bu göstərici sıfıra bərabərdir yazsam, şanlı xalalar, əmilər deyəcək ki, bəs “pinti özünsən, bizdən gül qoxusu gəlir”. Yadıma lətifə düşdü, amma yazmayacağam. Qalın nigaran.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus bəyan edib ki, koronavirusa yoluxanların çoxu sağalıb, Çində xəstələnən 80 min adamın 70 faizi xəstəxanalardan evə buraxılıb. Çin, İtaliya, Yaponiya, Cənubi Koreya və ABŞ-da təcili tədbirlər görülür. ÜST 57 ölkəyə fərdi müdafiə vasitələri tədarük edib, 120 ölkəyə də laboratoriya vəsaitləri göndərib.

Elə dünən axşam Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Yəni bu xəstəliyə yoluxub sağalmaq yaxşıdır, yoxsa qorunmaq?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir