qida

Antibiotiklərdən geri qalmayan təbii vasitələr

Baxış sayı: 430

Təbiətdə insan orqanizminə antibiotik kimi təsiri göstərən bəzi bitkilər və maddələr var. Onlar da antibiotiklər kimi, orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə, bu təbii vasitələr virus əleyhinə təsir edir, immuniteti möhkəmləndirir, bağırsaqların faydalı mikroflorasını məhv etmir, allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə, təbii antibiotiklərin bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotikləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin bəzilərini sizlərə təqdim edirik.

Moruğun tərkibində aspirin kimi tanıdığımız asetilsalisil turşusuna oxşar maddələr var. Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihab əleyhinə, ağrıkəsici təsir edir. Qrip və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələk əleyhinə təsir edir. Bu, əsl təbii antibiotikdir.

Xardal da orqanizmə güclü iltihab və mikrob əleyhinə təsir edir. Məhz bu səbəbdən soyuqdəymənin ilk simptomlarında xardal əlavə olunmuş isti ayaq vannaları çox yaxşı təsir edir. 5 litr isti suya 2 xörək qaşığı quru xardal əlavə olunur. Bundan əlavə, xardal boğaz iltihabları zamanı da istifadə oluna bilər. 1 stəkan ilıq suya 1/2 çay qaşığı quru xardal əlavə olunur, qarışdırılır və qarqara edilir. Boğazda qaşınma hissini və ağrını yox edir, iltihab azalır.

Sarımsaq və soğan da orqanizmə güclü iltihab, mikrob və virus əleyhinə təsir edir. Angina zamanı sarımsaqla qarqara etmək yaxşıdır. Bunun üçün 1 diş sarımsağı xırda doğrayın, üzərinə 1/2 stəkan isti su tökün, 15 dəqiqədən sonra süzün və gün ərzində 3-4 dəfə qarqara edin.

Qara qarağat və qara qarağat mürəbbəsi də soyuqdəymə və iltihab zamanı geniş istifadə olunur.

Ağ turpun şirəsi çox yaxşı iltihab əleyhinə təsir edir və bəlgəmgətirici vasitə kimi istifadə olunur. Öskürək, bronxit zamanı çox güclü müalicəvi təsir edir.

Qıtığotu kökünün tərkibində də antibiotiklərin tərkibinə oxşar maddələr var. Qıtığotu müxtəlif iltihablar zamanı və profilaktik məqsədlə istifadə oluna bilər.

Qreypfrutun tərkibində olan bəzi maddələr müxtəlif mikroblar, viruslar, göbələklərlə mübarizə aparır.

Propolis mikrob və viruslara öldürücü təsir göstərir. Angina zamanı propolislə qarqaralar güclü iltihab əleyhinə təsir edir. Propolis bağırsaqlarda, sidik yollarında və sidik kisəsində olan iltihablarla da mübarizə aparır.

Bəzi otlar da güclü iltihab əleyhinə təsirə malikdir. Bu otların arasında çobanyastığı, sürvə, kalendula, aloe, kalanxoe kimi otlar var. Çobanyastığı, sürvə, kalendula kimi otların dəmləmələri angina, bağırsaqlar və sidik yolları iltihabları zamanı uğurla istifadə olunur. Aloe və kalanxoe şirəsini zökəm və haymorit zamanı burna damızdırmaq lazımdır. Bu vasitələrin çox güclü təsiri olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir