DERMAN

Antidepressantların narkotik tərkibi var? – PSİXİATR YANAŞMASI

Baxış sayı: 1. 033
Son illər ətrafımızdakı insanların çoxundan “depressiyaya düşmüşəm” ifadəsini tez-tez eşidirik. Bu şəxslərin bəziləri həkimə müraciət etsələr də, çoxu psixiatr yanına getmək istəmir. Bunu da həkim tərəfindən təyin olunacaq dərmanların – antidepressantların təhlükəsi ilə əlaqələndirirlər. Daha doğrusu, antidepressantların asılılıq yaratması ilə. Bəs antidepressantlar deyildiyi kimi, asılılıq yaradırmı? Psixiatr Orxan Fərəcli deyir ki, antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim peraparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir mexanizmi tam aydın olmasa da, bunu izah edən əsas nəzəriyyə beyindəki “xoşbəxtlik hormonu” dediyimiz serotonin və noradrenalin maddəsinin miqdarının artırmasına əsaslanır. Serotonin və noradrenalin beyində sinirlər arasında əlaqəni təmin edən maddələrdir: “Təbii ki, hər dəfə əhvalımız aşağı olduqda, beynimizə istəmədiyimiz fikirlər gəldikdə dərman qəbul etməməliyik. Dərman o halda təyin edilir ki, əhvalsızılıq hissi, depressiv əlamətlər 2 həftədən çox davam edir, intihar barədə fikirlər pasiyentimizi narahat edir. Antidepressantlarla müalicə qəbul edən xəstələrin 3 aylıq müalicənin sonunda 50-60 %-də ciddi mənada yaxşılaşma qeyd olunur”.
O.Fərəcli əhali arasında antidepressantlar haqqında yayılan fikirlərə aydınlıq gətirdi. O, bu tip preparataların asılılıq yaratması ilə bağlı deyilənlərin doğru olmadığını vurğulayıb: “Antidepressant dərmanların asılılıq yaratması ilə bağlı bir xof var. Halbuki buna əsas yoxdu. Antidepressantların heç bir narkotik təsiri də yoxdur. Bəzən yuxululuq və keyləşmə kimi hisslər dərmanı yeni qəbul etdikdən sonra olsa da, uzağı 5-7 gün sonra keçib gedir. Ümumiyyətlə, antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edim. Antidepressant dərmanlar insanda süni xoşbəxtlik yaratmır. Tam tərsinə, beyində pozulmuş müvazinəti yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir. Antidepressant dərmanların təsiri gec başlayır (2-4 həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz. Dərmanın qəbulunu həkim nəzarəti olmadan qəfildən kəsmək olmaz. Sağlamlığınızı əldə etsəniz belə, dərmanı 6 aydan tez kəsmək olmaz. Düşünüldüyü kimi, pasientin əlavə çəki alıb kökəlmək riski demək olar ki, yoxdur. Ürək, qaraciyər, mədə-bağırsaq sisteminə də heç bir ziyan vermir”.
Həkim antidepressantların əlavə təsirlərindən də danışdı. Onun sözlərinə görə, vitaminlərdən tutmuş antibiotiklərə qədər hər bir dərman qrupunun əlavə və yan təsirləri olduğu kimi, antidepressantların da var. Ancaq bu dərmanlar həkim nəzarətində qəbul edildiyində əlavə təsirlər ya heç olmur, ya da həddindən artıq qısa müddətə aradan qalxır: “Adətən əlavə təsirlər müalicənin ilk həftəsində ortaya çıxır. Ağız quruluğu, qəbizlik, əllərdə yüngül əsmə, baş gicəllənməsi, cinsi həvəzsizlik, orqazm gecikməsi kimi əlamətlər tez-tez rastlaşdığımız əlamətlər olsa da, bunlar dərman kəsildikdən sonra sürətlə aradan qalxan problemlərdir. Dərman qəbulunun ilk günlərində baş gicəllənmə, diqqət yayınıqlığı olduğu üçün avtomobil idarə etməkdən, cihaz və dəzgahlarda çalışan insanların isə işdən 2-3 gün uzaq durmaları tövsiyə edilir.
Yuxarıda da qeyd etdiyim kimi, bu qrup dərmanlar alkoqol, nikotin, digər narkotik maddələr kimi heç bir asılılıq yaratmır. Bəzi insanlarda dərman kəsilməsindən sonra ortaya çıxan halsızlıq, əsəbilik, bədəndə uyuşma hissi zamanla öz-özünə aradan qalxır. Həkim tərəfindən tərtib olunan və ya tövsiyə olunan dərman kəsmə cədvəli və ya sxemi ilə sadaladığım əlamətləri minimuma endirmək mümkündür”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir