728x542_1_2fbc08cf40ca4976919b1ab192a3dde51000x745_0xac120003_14250549671562663417

Aristokratların sirlərini bilən cadu kraliçası onları necə soyub-talayırdı?

Baxış sayı: 402

O, əslində müdrik qadın, bacarıqlı psixoloq və strateq idi. Dəlisov xarizmaya və qeyri-adi zəkaya sahib olan bu qadının həyatı ölümündən sonra əfsanəyə çevrildi. Onun şöhrəti illər keçsə də, azalmır. 21-ci əsrdə ona hələ də mahnılar, kitablar həsr olunur, obrazından kinoda geniş istifadə olunur. Məsələn, “American Horror Story”nin üçüncü mövsümündə Mari Lavo hekayənin mərkəzi personajlarından birinə çevrilib. Bəs adi bir gözəllik salonunun sahibindən Amerikanın ən məşhur cadu kraliçasına çevrilən bu qadın kimdir? Katolik Kilsəsi niyə onun vudu rituallarına və qurbanlarına göz yumurdu? Aristokratlar nə üçün ona baş əyirdilər?

“Gencaile.az” saytı “Publika.az”a istinadən oxucuları əhalinin bütün təbəqələri arasında ciddi təsir qüvvəsinə malik olan Mari Lavonun həyat hekayəsi ilə tanış edir.

 

Darkantrel ailəsində doğulan ilk azad qadın

Ehtimal olunur ki, Mari Lavo Yeni Orlen şəhərinin Fransız məhəlləsində anadan olub. Onun doğum tarixi ilə bağlı heç bir rəsmi məlumat olmasa da, sadə riyazi hesablamalardan tarixçilər 1801-ci ildə dünyaya gəldiyini təxmin edirlər. Anası Marqarita Darkantrel bir vaxtlar qul idi. O, varlı sahibkar Çarlz Lavo ilə sevgili idi, gələcək vudu kraliçası onların sevgisinin meyvəsidir. Onu da qeyd edək ki, dövrün sərt qanunları Marinin valideynlərinə rəsmi nikaha daxil olmasına icazə vermirdi.

Mari Darkantrel ailəsinin doğuşdan azad olan ilk övladı idi. Onun doğma nənəsi Ketrin Mari 1700-cü illərin ortalarında Qərbi Afrikadan Yeni Orleana gələn ömürlük qullardan idi. Lakin o, ahıl yaşında lazım olan məbləği toplayıb azadlığını satın ala bilmişdi. Qalan pulla Ketrin Fransız məhəlləsində öz kiçik evini tikməyə başladı. Onun nəvəsi Mari Lavo da bu evdə anadan olub.

330x500_0xac120003_3113936801562663416

Qısa evlilik və müəmmalı ölüm

4 avqust 1819-cu ildə gənc Mari Lavo Sent-Luis Katedralində Jak Parislə evləndi. Onun seçdiyi kişi əslən Haiti adasından olan azad bir insan idi. Marinin atasının anası ilə rəsmi nikahı olmasa da, qızının həyatında müəyyən qədər iştirak edirdi. Məlumatlara görə, qızın atası yeni evlənənlərə çox səxəvətli davranmış və onlara Sevgi küçəsində ev bağışlamışdı. Lakin nədənsə Jak və Mari ora köçə bilməyib. 1822-ci ildə onlar Dauphine küçəsində bir ev kirayələməli olurlar. Jak maun ağacından mebel istehsalı ilə məşğul olurdu, o dövrdə belə iş yüksək qiymətləndirilirdi.

Əksər tarixçilər Mari və Jakın uşaqlarının olmadığını iddia edirlər. Müqəddəs Lui Katedralında saxlanılan Mari Anjeli Paris (1823) və Felisita Paris (1824) haqqında vəftiz qeydləri bu cütlüyün qızları olduğuna işarə edir. Təəssüf ki, qızların mövcudluğu barədə yeganə sübut elə bu qeydlərdir. Onlar doğrudan da Mari Lavonun uşaqları idimi? Niyə onlar haqqında heç bir məlumat yoxdur? Bu sualların cavabını heç vaxt bilməyəcəyik. Böyük vudu kraliçasının həyatı ilə bağlı yeganə sirr bu deyil. Marinin birinci ərinin necə və hansı şəraitdə yoxa çıxdığını da heç kim bilmir. Arxivlərdə nə ölüm şəhadətnaməsi, nə də onun qəfil yoxa çıxmasını izah edən başqa bir sənəd yoxdur.

 

Çoxdan gözlənilən ailə ittifaqı

1826-cı ildə Marie Lavo Lui Kristopher Dumensnil de Qlapion adlı bəyə aşiq olur. Lui Kristopher Dumensnil de Qlapion görkəmli bir ailədən çıxan açıq dərili, varlı bir centlmen idi. Bu adam onun həm əri, həm də uşaqlarının atası olmaq istəyirdi. Qarışıq nikahlar əlbəttə ki, Yeni Orleanda geniş yayılmışdı, lakin onları rəsmiləşdirmək mümkün deyildi. Onlar təxminən 30 il birlikdə ömür sürdülər, 1855-ci ildə mülki ərinin ölümündən sonra Mari ömrünün sonuna qədər ona sadiq qaldı.

Mari və Luinin mülki nikahlarından 15 övladının olduğu barədə şayiələr yayılsa da, rəsmi sənədlər başqa faktları göstərir. Əksər tarixçilər bu nikahından yeddi uşağın doğulduğunu, onlardan üçünün körpəlikdə dünyasını dəyişdiyini iddia edirlər. Məşhur vudu kraliçasının bütün varislərinin taleyinin təfərrüatlarını bilmirik, ancaq öz adını verdiyi qızı Marinin anasının işini davam etdirdiyi deyilir. Tarixi mənbələrdə o, II Mari Lavo kimi tanınır.

Ailə həyatının ilk illərindən Lui özünü Marinin qayğısına qalan və onun istəklərinə hörmət edən səxavətli bir insan kimi göstərdi. 1826-cı ildə Mari Lavonun nənəsi vəfat edəndə məlum oldu ki, o, kiçik evinin bütün pulunu ödəyə bilməyib. Kreditorlar evi hərraca çıxarmağa qərar verdi. Mari boya-başa çatdığı evin əllərindən alınmasına çox kədərlənmişdi. Elə bu zaman onun qeyri-rəsmi əri köməyə gəldi və lazımi məbləği ödədi.

 

Xüsusi istedadlı saç ustası

Gözəllik biznesi ilə eyni yanaşı Mari Lavo vudu ritualları ilə məşğul olur və bunu gizlətmirdi. Salonun sahibinin hazırladığı müalicəvi iksirlər və amuletlər tezliklə məşhurlaşmağa başladı. Marinin amuletləri “qri-qri” adlanırdı və iki növ idi. Birincilər sahibinə xoşbəxtlik gətirən, ailə ocağını qoruyan və bütün işlərdə uğur bəxş edən zərərsiz amuletlər idi. Digərləri qaranlıq gücə sahib idilər, insanların və heyvanların kiçik sümükləri və cəsəd küllərindən hazırlanırdı. Qapısının ağzında belə bir cadu tapan sakinlər dəhşətli lənətdən qurtulmaq üçün əllərindəki bütün pulu verməyə hazır idilər. Əlbəttə ki, cadunu Mari Laovdan yaxşı təmizləyən yox idi. Çox az adamın ağlına gəlirdi ki, “qris-qris”i Mari özü də ata bilərdi. Bax Mari şəhər sakinlərini, hətta qulları belə bu üsullarla soyub-talayırdı…

Mari Lavo bazar günləri Konqo meydanında şənliklərin xüsusi qonağı olur, orada iştirak edən qullarla mümkün qədər ünsiyyət saxlayır, amulet satır və onlara müəyyən məsləhətlər verirdi. Günün sonunda o, vudu kraliçası tacını taxaraq qədim musiqi ritmlərinin sədaları altında rəqs edirdi. Konqo Meydanında bayram hər həftə keçirilirdi. Bundan başqa xüsusi təntənə ilə qeyd olunan başqa bir bir gecə var idi – Vəftizçi Yəhyanın Mövludu Yeni Orleanın bütün vudu icması üçün son dərəcə əhəmiyyətli idi. Qədim inancların davamçıları gecə çayda çimmək və alovun ətrafında rəqs edərək rituallar həyata keçirmək üçün bir araya toplaşırdılar. Mari Lavo həmişə rituallarda fəal iştirak edirdi. Buna görə də, bir neçə il sonra bu mərasimin kraliçası adını qazandı. Mari Lavonun Zombi adlı nəhəng pitonla rəqsi hər kəsdə silinməz təəssürat yaratmışdı.

Maraqlıdır ki, vudu icması üzərində güc qazanan Mari köhnə ayinlərə katolik mədəniyyətindən elementlər gətirmişdi. Məsələn, səcdəgahlarda müqəddəslərin heykəlləri bəzi Afrika maskaları ilə əvəz edildi və kilsədən gələn müqəddəs su təkcə ritualın bütün canlı iştirakçılarına deyil, həm də ölülərə – yəni qurban kəsilən heyvanlara səpilirdi. Əslində Mari Lavo əcdadlarının iki əsas inancını birləşdirərək hər birinə hörmətlə yanaşırdı. Afrikadan olan əcdadları vudu ardıcılları idi, nənəsi və anası o dövrlərdə Amerikanın ağ əhalisinin xristian inanclarını qəbul etmişdi. Bəs katolik kilsəsinin nümayəndələri müqəddəs heykəllərin qanlı qurbanlarla əhatə olunmasına necə baxırdılar?

Nə qədər qəribə görünsə də, kahinlər Madam Lavonu az qala mükəmməl katolik hesab edirdilər. O, Nyu Orleanda tanınmış xeyriyyəçi idi, həbsxanaları ziyarət edir, xəstələrə qulluq göstərirdi. Sonralar məlum olur ki, o, məhbuslara həbsdən qaçmağa kömək edən amuletlər, xəstələrə isə şəfa gətirdiyini iddia etdiyi sehrli iksirlər təklif edirdi. Əlbəttə ki, sərfəli qiymətə. Bu və ya digər şəkildə, kilsənin nazirlərinin gözündə Mari Lavo saleh qadın imicini qoruyub saxlaya bildi. Ona vudu nümayəndələrinin ayinləri barədə sual verildikdə isə onlar haqqında heç nə bilmədiyini iddia elədi.

665x495_0xac120003_307411771562663435

Yeni Orleanda qorxu və pərəstiş

Birinci ərinin müəmmalı şəkildə yoxa çıxmasından sonra Mari Lavo əlində olan bütün pullarını bərbər salonuna yatırdı. Onun biznesi sürətlə böyüdü. Madam Lavonun salonunu həm Nyu-Orleanın qaradərili sakinləri, həm də yerli aristokratiya nümayəndələri ziyarət edirdilər. Salon sadəcə münasib qiymətlərinə görə deyil, hər zaman müştərilərini sevindirməyə hazır olan cazibədar və qayğıkeş sahibənin göstərdiyi xidmət səviyyəsinə görə yüksək qiymətləndirilir və əhalinin bütün təbəqələri arasında sevilirdi. Mari Lavonu ziyarət edən hər kəs bilirdi ki, salondan gözəl saç düzümü və əla əhval-ruhiyyə ilə ayrılacaq.

Ancaq salonun sahibəsi ilk baxışdan göründüyü qədər sadə deyildi. Mari ziyarətçilərinin saçlarını kəsərkən onların bütün söhbətlərinə diqqətlə qulaq asırdı. Buna görə də, altı ay sonra o, Nyu Orlean sakinlərinin bütün gizli eşq macəralarından və çirkin əməllərindən artıq xəbərdar idi. Onun gücü əldə etdiyi məlumatlarda idi. Çox keçmədən vudu kraliçası onlardan istifadə etməyə qərar verdi. Bütün sirlərinizdən agah olan bir qadının sizi nə qədər ağıllı şəkildə manipulyasiya edə biləcəyini özünüzü təsəvvür edin… Xüsusilə də, o, həm də cadugərdirsə.

 

Zamanla şəhərin ən məşhur və nüfuzlu qadınlarından birinə çevrildi

Tədricən bütün şəhər salon sahibinin sehrli qabiliyyətlərindən danışmağa başladı Eyni zamanda, bütün sakinlər artıq Mari Lavonun bir növ ixtiyarında idi. Pis lənətlərdən çəkinən qullar ona öz ağalarının bütün sirlərini açıb tökürdü. Aristokratlar isə Mari Lavonun qaradərili cəmiyyətin bütün nümayəndələrini cilovlamasına heyran qalır və bu daxili maraq onları cadugərin yanına aparırdı. Bəli, o, dövrünün ən güclü qadını sayılırdı.

Mari Lavonun səsli-küylü gecələri də populyarlıq qazandı. Bu, vudu icmasının üzvləri üçün nisbətən açıq tədbirlərə çevrildi. Bilet alan istənilən şəxs mərasimdə iştirak edə bilərdi. Mərasimdə hər kəs özünə bir əyləncə tapa bilərdi, ənənəvi əyləncələrdən doymuş aristokratlar üçün ritual seks, alçaldılmış qulların heyvanları qurban kəsməsi, qisas, sevgidə bəxti gətirməyənlər üçün ümid… Və bütün bunları misilsiz Mari Lavo idarə edirdi.

Vudu kraliçasının gücü haqqında bir hakəyə onun məşhurluğunun miqyasını daha da genişləndirdi. Varlı bir ailədən olan gənc bir sıra cinayətlərdə ittiham olunaraq həbs edilmişdi. Əslində isə cinayətkarlar onun dostları idi, bədbəxt gənc onların günahsız qurbanı olmuşdu. Ümidsizliyə qapılan atası son çarəni Mari Lavoda görmüş və kömək üçün yanına gəlib vəziyyəti olduğu kimi ona danışmışdı. O, sehrbaz qadına vəd verir ki, oğlunu azad etmək üçün sehrli güclündən istifadə edərsə, onu qiymətli hədiyyə ilə mükafatlandıracaq.

Məhkəmə günü çatanda Mari ağzına üç qırmızı bibər atıb Sent-Luis Katedralinə girir və səcdəgahın qarşısında diz çökür. Qadın dua etdikdən sonra ayağa qalxaraq məhkəmə zalına daxil olur. Hakim içəri girməzdən əvvəl vudu kraliçası bibərləri bir yolla stolun altına yerləşdirmişdi. Təsəvvür etmək çətin deyil ki, belə gözlənilməz və qəribə sürprizlə qarşılaşan hakim Mari Lavonu məhkəmə zalında görəndə, ağlından nələr keçib. Bəli, hakim çox düşünmədən elan edir ki, gənc tamamilə günahsızdır. Bu, vudu sehri idi, yoxsa başına gələcəklərdən qorxan hakimin verdiyi bir qərar? Əlbəttə ki, cavab ortadadır. Hamı kimi, hakim də başa düşürdü ki, Mari Yeni Orleandakı ən güclü insanların əksəriyyətinin sirlərini bilir. Ola bilsin ki, hakimin də gün üzünə çıxmağını istəmədiyi əməlləri var imiş…

330x500_0xac120003_693605541562663416

Epoxanın sonu

15 iyun 1881-ci ildə Mari Lavo 80 illik yubileyinə bir neçə ay qalmış evində vəfat edib. İndiyə qədər onun məzarı Yeni Orleanın bütün qəbiristanlıqlarında ən çox ziyarət edilən məzardır. “New York Times”in yayımladığı nekroloqda vudu kraliçasının ölmü belə təsvir olunmuşdu: “Bütün hüquqşünaslar, hakimlər, əkinçilər və tacirlər başsağlığı vermək üçün onun evinə gəldilər. Belə böyük şəxsiyyətin dünyadan köşməsi şəhər sakinlərinin əksəriyyəti üçün şok oldu”.

Mari Lavonun sehrli qabiliyyətlərinə inana və ya inanmaya bilərsiniz. Amma onun insanların psixologiyasına həssaslıqla yanaşan, başqalarının zəif tərəflərindən, istək və qorxularından öz xeyrinə istifadə etməyi bacaran, ağıllı və fərasətli iş qadını olduğunu danmaq mümkün deyil. Ümid edirik ki, Mari Lavo hekayəti oxuculara həyatın bəzi məqamlarında çılpaq həqiqəti görməyə kömək olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir