Art terapiya

Art terapiya insana necə təsir edir?

Baxış sayı: 2. 402

Tarixi qədim olsa da, müasir zamanda da geniş tətbiq olunan art terapiya ilə özünü ifadə həyatın ən çətin və dəhşətli anlarında belə insanı rahatladır, özünə inamı artırır. Bir çoxları art terapiya sayəsində ən təhlükəli xəstəliklərdən belə müalicə olunub. Art terapiya insanı istənilən xəstəliyə qarşı mübarizə aparmağa ruhlandırır.

Psixoloq Könül Mikayılzadənin dediyinə görə, insana çətin anlarda kömək etmək üçün art terapiyanın müxtəlif növlərindən istifadə olunur: “Bəzən elə olur ki, insan özünə rahatlıq tapa bilmir. İçində müəyyən boşluqlar, cavabsız sualların yarandığını hiss edir. Çox vaxt insanlar üzləşdiyi dərdin qarşısında çarəsiz qalır, mübarizə aparmağa gücü olmur. Bu hallarda art terapiyanın tədbiqi yaxşı nəticələr verir”.

Psixoloq bildirib ki, hissləri, kədəri rəsmlə səmimi etiraf etdikcə insan daha da rahatlaşır: “İnsan öz kədərini şəklə köçürəndən sonra o şəkli cırıb atmalıdır. Art terapiya əsasən güclü stressə məruz qalan, bədbəxt hadisə ilə üzləşən, yaxınlarını itirən və ya yaxınları ağır xəstə olan insanlara, psixiatrik diaqnozlu insanlara, depressiyalara meyilli olanlara, həmyaşıdları arasında özünü narahat hiss edən, dərslərini çətin oxuyan uşaqlara və kəllə-beyin travmalarından sonrakı dövrlərdə tədbiq olunur”.

Müalicə zamanı art terapiyanın müxtəlif növlərindən istifadə olunur. Məsələn, izoterapiya, musiqi terapiyası, rəqs terapiyası, nağıl terapiyası və s. İzoterapiya art terapiyanın ən geniş tətbiq olunan növüdür. İzoterpiya zamanı insanlara rəsm çəkmək təklif olunur. İzoterapevtlər insanlara öz həyacanlarını düşünmədən, qəfildən rəsm çəkməklə ifadə etmələrini məsləhət görürlər. Emosiyaları, gizli fantaziyaları, problemləri danışmaqdansa, çəkmək daha asandır. Rəsm çəkərkən insan özünü qınayan fikirləri, onu çərçivəyə salan sərhədləri aşır. Bu terapiya zamanı yuxuların rəsmə köçürülməsi də təklif olunur.

Musiqi terapiyası sağlamlığa müsbət təsiri ilə seçilir. Musiqi terapiyasından ən çox Alsqeymer xəstəliyi, yuxusuzluq, müxtəlif depressiv hallar zamanı istifadə edirlər. İş qabiliyyətinin artırılması və fiziki ağrıların azalması üçün də musiqi terapiyasınnı xeyri var. Bu terapiya zamanı əsasən klassik musiqiyə qulaq asılır.

Rəqs terapiyası emosiyaların rəqsdə təzahürüdür. Rəqs edərkən isə insan yığılıb qalan mənfi enerjini özündən kənarlaşdırır.
Nağıl terapiyası zamanı insan emosiyaları, fikirləri haqqında yazır. Bu terapiya xəyalpərəst adamlar üçün daha xeyirli olur. Nağıl terapiyası insanın psixi vəziyyətinin analizi, çətinliklərin dəf edilməsi, xarakterin dəyişilməsi üçün də istifadə olunur. Mütəxəssislər nağıl terapiyasında psixoterapevtik və psixoloji nağıllardan istifadə edirlər.

Müsahibimizin sözlərinə görə, art terapiyanın bütün növləri insanın daxili dünyasının açılmasına kömək edir. Art terapiya həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Art terpiya zamanı insanın gizli bacarıqları üzə çıxır, istedadı varsa, daha da inkişaf edir. Müntəzəm art terpiya ilə məşğul olmaq diqqəti, yaddaşı artırır. Terapiya insanda əminlik hissini gücləndirir və insanı rahatlaşdırır.

Mikayılzadə qeyd edib ki, art terapiya başqa psixoterapiyalar ilə paralel aparıla bilər: “Bu terapiyanın insana heç bir ziyanı olmur. Bir çox asılılıqlara qarşı da art terapiya yaxşı mübarizə metodudur. O, insanı daha güclü etməklə yanaşı psixoloji problemlərin həllinə kömək edir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir