koronavirus

Artan koronavirus statistikası: “Döyüşən əsgərlərimizi düşünməliyik”

Baxış sayı: 658

“Biz koronavirusun qarşısını almalıyıq”. Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyir. Nazirlik rəsmisi bildirir ki, insanlar mütləq sanitar-gigiyenik normalara riayət etməlidirlər:

“Hazırda cəmiyyət olaraq bizim başımız müharibəyə qarışıb. Hamı ancaq müharibəni düşünür və virus ikinci plana keçir, unudulur. Koronavirusa yoluxanların sayı isə günbəgün artmaqda davam edir.

İstər qapalı məkanlarda, istərsə də açıq səmada mütləq şəkildə maskadan istifadə edilməlidir. Təəssüf ki, hazırda insanlar maskanı ancaq cərimə yazılmaması üçün taxır. Biz düşünməliyik ki, maska taxaraq ilk olaraq özümüzü, daha sonra isə ətrafımızı xəstəlikdən qoruya bilərik.

Həmçinin artıq özümüz, yaxınlarımız qədər vətənimiz üçün döyüşən əsgərlərimizi də düşünməliyik. Ona görə də hamı koronavirusla mübarizədə diqqətli olmalıdır”.

Xatırladaq ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib, aktiv xəstə sayı 6 151 nəfərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir