diz agrilari

Artrit və artroz xəstəliklərindən necə qorunmalı?

Baxış sayı: 1. 589
Dünən akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib ki, bu xəstəliyin müxtəlif müalicə üsulları var, artrit oynaqda yaranan iltihabı prosesdir.
Onun sözlərinə görə, bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır: “Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Dünyada 10 milyonlarla insan artritlərin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə xəstəliklərin sayı iki dəfə çoxalıb. Artritlərə müxtəlif yaş qrupundan olan insanlarda rast gəlinə bilər. 2016-cı ildə Respublika Klinik Xəstəxanasında 221 xəstə, 2017-ci ilin 9 ay ərzində isə 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən müalicə alıb”.
T.İbadov qeyd edib ki, son illər artrit və artroz ən çox yayılmış oynaq xəstəliklərindən biridir. Onun sözlərinə görə, artrit gənc yaşda, artroz isə 50-60 yaşda başlayır. “Artritin müalicəsində stasionar, bəzən ambulator, artrozlarda isə ambulator müayinədən istifadə edilir. Artritlərdə müalicənin nəticələrinin proqnozu müsbət, artrozda isə xəstəliklərə görə vəziyyət fərqli olur. Artroz ağır dərəcədə olduqda, şikəstliyə kimi gətirib çıxara bilir”.
Mövzunun aktual olduğunu nəzərə alaraq, bu xəstəliklərin yaranma səbəblərini və qorunma yollarını öyrənməyə çalışdıq.
Tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Sahib Musayev bildirir ki, bunların hər ikisi ayrı-ayrı xəstəlikdir: “Artrit oynaqların iltihabı, artroz isə oynaqların degenerativ xəstəliyidir. Artrit iltihab mənşəli, birləşdirici toxumanın autiumnin xəstəliyi olub daha çox gənclərdə, orta yaşlı insanlarda müşahidə olunur. Artroza isə ən çox orta yaşdan sonra, ahıl insanlarda rast gəlinir. Artroz oynaq qığırdağının qocalması və desturuksiya olması ilə xarakterizə olunur. Ona görə də artroz xəstəliyinin qarşısını almaq üçün artıq çəki ilə mübarizə aparmaq, travmatik zədələrdən uzaq olmaq lazımdır. Bu xəstəliyə xüsusən professional idmanla məşğul olan insanlarda daha çox rast gəlinir. Yaşlılarda isə hipodinamiya, yəni hərəkət məhdudluğundan əmələ gəlir.  Bunun profilaktikası travmalardan qorunmaq, kalsium ilə zəngin qidalarla qidalanmaq, balıq məhsullarından istifadəyə daha çox üstünlük verməkdir. Ağır yük qaldırmaqdan da imtina edilməlidir”.
Həkim deyir ki, artrit xəstəliyinin isə təəssüf ki, profilaktikası yoxdur. Bunun səbəbi məlum deyil: “Bədənin ayrı-ayrı toxuma və üzvlərindəki komponentləri bədən özü inkar edərək, qəbul etmir. Burada əsas iş immunitetin yüksəldilməsidir. Soyuqlama şəraitində immunitetin aşağı düşməsi ilə bu xəstəliyin ortaya çıxması baş verir. Sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq, iş rejiminin lazımı səviyyədə qurulması, stressdən uzaq, zərərli vərdişlərdən imtina bu xəstəliyin yaranmasının qarşını alır. Xüsusilə qadınlar arasında siqaret çəkmənin bu xəstəliyin əmələ gəlməsində rolu böyükdür. Bu, sübut olunmuş bir faktdır.  Bütün gün kompüter arxasında oturan insanlarda da bu xəstəliyin müşahidə olunma ehtimalı var. Onlara məsləhət görərdim ki, hər bir saatdan bir durub fiziki hərəkətlə məşğul olsunlar. Çində belə bir məsəl var, “hər yeməkdən sonra yüz addım atsan, yüz il yaşayarsan”. İltihabi xəstəliklərin fəsillə də əlaqəsi var.  Xüsusən yaz və payız aylarında, metroloji faktorların kəskin dəyişdiyi vaxtda bu kimi xəstəliklər müşahidə olunur”.
Revmatoloq Çinarə Səfərovanın fikrincə, artıq çəki bu xəstəliyi yaradan əsas səbəblərdəndir: “Bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə düzgün qidalanmalı, çəkimizi nəzarətdə saxlamalı və fiziki hərəkətlə məşğul olmalıyıq. Qəbul etdiyimiz preparatlardan da çox şey asılıdır. Revmatik xəstələrin istifadə etdiyi bəzi dərmanlar sümükdəki kalsini azaldır. Bu, oynaqlarda qığırdaqların yeyilməsinə səbəb olur. Xəstə bu kimi dərman vasitələrindən istifadə edirsə, mütləq onun qoruyucusunu da qəbul etməlidir. Və ya alınan travmalar da bu xəstəliklərin əmələ gəlməsinə şərait yarada bilər. Bir sıra revmatik xəstəliklər var ki, onlarda artrit müşahidə olunur. Revmatik xəstəliklər vaxtında müalicə olunmazsa, artrit əmələ gələ bilər. O cümlədən, oturaq işlə məşğul olan insanlarda hərəkətsizlikdən bu xəstəlik yarana bilər.  Hərəkətsizlikdən qan dövranı pisləşir, bu da maddələr mübadiləsinin pozulmasına, bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir