aile

“Arvad mənimdi, özüm bilərəm” – Ailədaxili zorakılıqlar nələrdən qaynaqlanır?

Baxış sayı: 236
“Bir kişi elm alarsa, o ancaq təhsilli bir insan olar. Amma əgər bir qadın təhsil alıbsa, o həm təhsilli qadın, həm də bilikli, savadlı bir anadır. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”. Bu sözlər Azərbaycanın ən böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə məxsusdur.
Qızların, qadınların təhsil almasınının vacibliyini Tağıyev hələ 116 il bundan öncə ictimailəşdirmiş və müsəlman şərqində ilk dünyəvi qız məktəbini açmışdı. 116 il keçdi. Amma biz hələ də təhsilsizliyin fəsadlarını görə-görə gəlirik… Bununla bağlı mətbuatda yayılan son statistika həyəcan təbili çalmağa əsas verir. Belə ki, Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədənlərin 92 faizi orta təhsillidir: “Məişət zorakılığını törədən şəxslərin 1,1 faizi ali, 3,8 faizi orta ixtisas, 3,2 faizi ilk peşə ixtisas, 91,9 faizi isə tam orta təhsillidir.Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə, deməliyəm ki, cinayətlərin 95,7 faizi kişilərin, 4,3 faizi isə qadınların payına düşür”.
Komitə sədri Hicran Hüseynova da az təhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qaldığını vurğulayıb: “Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlirik. Xüsusilə hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi vacibdir. Dövlətin əsas prioritetlərindən biri qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır”.
Nə etməliyik? Mətbuatın, aidiyyatı qurumların apardığı kampaniyalardan təhsilsiz insanların xəbəri olurmu? Bəs sosial şəbəkələr? Bölgələrdə yaşayan “orta təhsilli” zorakılıq qurbanları sosial şəbəkələrdən istifadə edirmi ki, oradakı kampaniyalardan xəbərdar olsun? Bəlkə problemə baxış bucağını dəyişək?
Suallarımıza cavab tapmaq üçüm ekspertlərlə söhbətləşdik.
“Savadlı cəmiyyət savadlı anadan keçir”
 
Millət vəkili Qənirə Paşayeva mətbuata açıqlamasında bu problemə toxunub və zorakılığa məruz qalan qadınların əksəriyyətinin təhsilsiz qadınlar olduğunu bildirib: “Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir. Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir. Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa, bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır”.
“Ali təhsillilər də zorakılıq qurbanı olur”
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova düşünür ki, zorakılığa məruz qalanlar arasında orta təhsilli insanların sayı çox görünsə də, ali təhsillilər də az deyil: “Bizə də müraciət edənlər daha çox orta təhsillilərdir. Çünki bu şəxslər iqtisadi cəhətdən asılıdırlar. İqtisadi asılılıqları onları hər şeyə dözməyə vadar edir. Bu baxımdan onlar son mərhələdə belə, polisə müraciət etmirlər. Lakin zorakılığa məruz qalan ali təhsillilər də az deyil. Yayda bizim sığınacağa bir həkim xanım müraciət etmişdi. Əri tərəfindən zorakılığa məruz qalırdı və qorxusundan sığınacağa gəlməyə cürət etmədi. Kifayət qədər ziyalı ailədən idi. Amma buna baxmayaraq, evdən çıxa bilmədi. Bəzi hallarda təhsilli xanımlar bu barədə susurlar. Ona görə ki, öz nüfuzlarına xələl gətirmək istəmir və vəziyyəti açıqlamağa cürət etmirlər. Bütün peşə sahibləri arasında bu və ya digər formada fiziki də olmasa, psixoloji zorakılıq faktorlu var. Rayon yerlərində bu barədə ümumiyyətlə danışmırlar və bəzi hallarda zorakılığın mahiyyətini də dərk etmirlər. Bunu ənənə və ya qaydalar kimi qəbul edirlər, hər hansı formada polisə müraciət onların özləri üçün qəbuledilməzdir”.
Mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniyalara gəldikdə isə, həmsöhbətimiz düşünür ki, zorakılıq qurbanlarının əksəriyyətinin bunlardan xəbəri olmur: “Bəli, mən düşünürəm ki, zorakılığın elə pis forması ilə üzləşən insanlar var ki, onlar hara müraciət etməklə bağlı kifayət qədər məlumatlı deyillər. Televiziyada xidmət paketləri göstərən təşkilatlarla bağlı roliklər göstərilməlidir. Ən əlçatan mənbə televiziyalardır. Təəssüf olsun ki, bizdə reklam roliklərinin verilməsi üçün kifayət qədər imkanlar yoxdur. Düzdür, çox az ödəniş tələb olunsa da, belə layihələri görmürük. Yaxud rolikləri elə vaxtda yayımlayırlar ki, tamaşıçıların çoxu baxa bilmir… Əslində televiziyalar özləri bu işdə maraqlı olmalıdır. Rusiya və digər ölkələrdə belə sosial reklamlar pulsuz verilir”.
“Arvad mənimdi, özüm bilərəm”
 
Sosioloq Cavid İmamoğlu isə hesab edir ki, məişət zorakılığı bütün Azərbaycanı cənginə alan epidemiyadır: “Məişət zorakılığı elə bir epidemiyadır ki, bütün Azərbaycanı cənginə alıb. Azərbaycanda qadınlara qarşı zorakılıq bir çox sahələrdə mövcuddur. Təəssüflər olsun ki, ailə daxilində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmış xanımların sayı da çoxluq təşkil edir. Qohumluq münasibətlərindən istifadə etməklə heç bir kişinin haqqı yoxdur ki, qarşı cinsin nümayəndəsinə zorakılıq tətbiq etsin. Ailədaxili zorakılığın baş verməsinin bir sıra səbəbləri var. Təbii ki, onlardan ən başlıcası təhsil və maarif faktorudur. Yəni, ər-arvad nə qədər çox bilik və məlumatlı olarlarsa, bir-birlərinə qarşı münasibətdə qeyri-zorakı rəftara üstünlük verərlər. Statistikaya görə, ən çox zorakılıq orta təhsilli kişilər tərəfindən edilir. Təbii ki, orta təhsil insanın bacarıqlarının formalaşmasında çox vacib bir mərhələdir və orta təhsilli şəxslərin ailə qurduqdan sonra zorakı rəftarı yolverilməzdir. Orta təhsil bizə ünsiyyətə girmək, qanunlara əməl etmək kimi vacib təlimləri verir. Məişət zorakılığı haqqında qanunda ailədaxili zorakılıq etmiş istənilən şəxs üçün ciddi cəzalar nəzərdə tutulub. İstər qardaş-bacı münasibətləri, istərsə də ər-arvad münasibətlərində zorakılıq etmiş şəxslər üçün maliyyə sanksiyasından tutmuş, azadlıqdan məhrum etməyə qədər cəzalar müəyyənləşdirilib. Təəssüflər olsun ki, bir çox kişilərimiz bu haqda məlumatlı olsalar da, etdikləri zorakılıqdan sonra bəzi vaxt özlərini haqlı bilmələri, “arvad mənimdi, özüm bilərəm” prinsipi ilə yanaşmaları, cəmiyyətin və polisin də məsələyə “ailədaxili məsələ” kimi baxışı qadınlarımızı çıxılmaz vəziyyətdə qoyur. Düşünürəm ki, təhsilimiz inkişaf etdikcə, orta təhsilli kişilər tərəfindən zorakı rəftar azalacaq. Bundan ötrü məktəblərdə həyat bilgisi, insan hüquqları, cinsi yetişkənlik və s. mövzulara üstünlük verilməlidir ki, 18 yaşına çatmış hər bir gənc ailə qurarkən öz hüquq və vəzifələrini, məsuliyyət və öhdəliklərini anlasın və ailədaxili zorakı rəftar etməsin”.
“Həyati əhəmiyyətli mövzular tədrisə daxil ediləcək”
Bəs insanın hüquqlarını bilməsi üçün orta təhsil kifayət etmirmi? Məktəblərdə ailə ilə bağlı hansı fənnlər tədris olunur və ya olunmalıdır?
Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirdi ki, orta məktəblərdə tədris olunan dərsliklərdə və fənlərdə bu məsələ o qədər də təbliğ olunmur: “Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil haqqında qanunun tələblərinə görə, orta ümumtəhsil məktəblərinin şagirdləri onlara tədris olunan fənlərin nəticəsində şəxsiyyət kimi formalaşmalıdır, dövlətini, cəmiyyəti, insanları sevməli və insan hüquqlarına hörmət edən bir fərd kimi cəmiyyətə qədəm qoymalıdır. Lakin son illər ərzində baş vermiş ağır cinayət hadisələri, xoşagəlməz hallar, ailədaxili münaqişələr onu göstərir ki, bu sahədə ciddi problemlər var. İlk növbədə tədris proqramına nəzər salsaq, görərik ki, orta məktəblərdə tədris olunan dərsliklərdə və fənlərdə bu məsələ o qədər də təbliğ olunmur. Düzdür, Həyat Bilgisi dərsliyində bununla bağlı müəyyən paraqraflar olsa da, dünya təcrübəsi ilə müqayisədə çox azdır. Əvvəllər İnsan və cəmiyyət, Azərbaycan Respublikası Konstitusiyası fənləri tədris olunurdu ki, bu fənlərin müəyyən paraqraflarında müəllimlər ailə dəyərləri, insani rəftar kimi məsələlər ətrafında geniş məlumat verir, maarifləndirici söhbətlər aparırdılar. Lakin bu kimi faydalı fənlər ləğv olundu. Bundan sonra orta məktəb dərsliklərində şagirdlərin gələcək həyat və fəaliyyəti barədə məlumat verəcək fənlər salınmadı. Hesab edirəm ki, bu barədə ciddi şəkildə müzakirə aparılacaq və həyati əhəmiyyətli mövzu və fənlər tədrisə daxil ediləcək. Çünki orta məktəb insanları həyata hazırlayır. Əgər bu barədə məlumat yoxdur və öyrədilmirsə, hazırlıq necə həyata keçirilə bilər?”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir