usaq

Arzulanmayan övlad: Cəmiyyətin, yoxsa fərdin faciəsi?

Baxış sayı: 173
Lənkəranın Darquba kəndində baş verən məlum olay – yeni doğulan qız uşağının quyuya atılaraq öldürülməsi xəbəri cəmiyyətdə demək olar ki, şok effekti yaradıb. Tibbi ekspertiza atası tərəfindən öldürülməsi ehtimal edilən altı günlük körpənin bədənində iynə deşikləri də aşkarlayıb. Faciəli hadisə təkcə cənub zonasında deyil, ümumən ölkəmizdə ailələrin qız uşaqlarının doğulmasına qarşı dözümsüzlük göstərməsi ilə bağlı münasibətləri müzakirə mövzusuna çevirib. Qız uşaqlarının ailələr tərəfindən bəzi hallarda arzulanmayan övlad olmasının isə tarixi faktlardan tutmuş, bu günə qədər baş verən müxtəlif hadisələr təsdiqləsə də, ekspertlər olayın cəmiyyətin ümumi problemi kimi qəbul edilməsinin tərəfdarı deyillər. O mənada ki, bu cür baxışlarla yanaşı, cəmiyyətdə “qız övladı valideyn üçün çox vacibdir” kimi fikirlər yaşanır və qız övladlarına böyük dəyər verilir. Ancaq həyatın inkişafı, qloballaşma, müasirliyə meyllik bütün düşüncələri eyni istiqamətə dəyişmək iqtidarında olmadığından, bəzi hallarda bu tip faciələr cəmiyyəti silkələyir. Həm də təsadüfən yox… Hətta qadağalar düşüncələrə və baxışlara bəzən təsir edə bilmir. Məsələn, Azərbaycanda uşaqların cinsiyyətinin əvvəlcədən öyrənilməsinə qoyulan qadağa, o cümlədən qız uşaqlarının ana bətnində tələf olunmasının qarşısının alınması üçün ultrasəs müayinəsinin (USM) öncədən öyrənilməsi qadağası da bu sferada vəziyyəti o qədər dəyişməyib. Çünki yenə də qanunsuz abortlar edilməsi, dölün ana bətnində öyrənilməsi ilə bağlı faktlar və narahatlıqlar yaşanmaqdadır. Üstəlik, illərlə haqqında maarifləndirmə işi aparılan “Ailə planlanması”nın hələ də həllini tapmaması bu tip faciələrə yol açır. Hamını narahat edən suala cavab axtarılır: arzulanmayan uşağın doğulmasının qarşısının alınması üçün yeganə yol, körpənin öldürülməsidir?
 
Bu gün cəmiyyətin hadisəyə baxışı demək olar ki, üst-üstə düşür: hamı birmənalı şəkildə hadisəni pisləyir, cinayətkarın cəzalanmasını tələb edir. Sosial media iştirakçılarının statuslarında, şərhlərində haqlı olaraq pislənilən olay, həmçinin ailəyə və övlada münasibəti, oğulla qızın fərqinin olub-olmamağı kimi fikirlərə də münasibəti ortaya qoyur.
 
Millət vəkili Elşən Musayev “facebook” səhifəsində hadisəyə münasibət bildirərək “Övladın cinsini fərqləndirənlər bu dünyanın ən bəsit, ən bekar, ən cahil adamlarıdır. Oğlanı da, qızı da verən Tanrıya min kərə şükürlər olsun! Bu DƏYƏRin qiymətini bilməyənlərə, bəsirət gözü kor olanlara, naşükürlərə isə milyon kərə yazıqlar!!!” yazıb.
 
“Lənkəran rayonunda körpənin öldürülməsi ilə bağlı xəbərin dəhşəti ifadə oluna biləcək səviyyədə deyil” deyə sosial şəbəkədə status paylaşan “Bakcell” şirkətinin kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova günahsız insanı öldürməyi cinayət adlandırır: “Körpəyə qıymaq vəhşilikdir, cahillikdir və bunu edən adam ən ağır cəzaya layiqdir”. S.Cəfərova hesab edir ki, məsələ təkcə bu sahədə çalışan beynəlxalq təşkilatların diqqət və araşdırmalarını yox, həm də dövlətin müdaxiləsini tələb edir: “Və elə məsələnin ciddiliyini nəzərə alaraq, sosial şəbəkələrdə bu haqda yayılan xəbərlərin mənbəyini araşdırmaq lazımdır”.
 
Baş verən hadisəyə ziyalıların, hüquq müdafiəçilərinin münasibəti də olayı ümumiləşdirməkdən uzaq olsa da, səbəblərini araşdırmağı tələb edir.
 
Fərdi hadisə
 
Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda qız-oğlan ayrı-seçkiliyinin olduğunu düşünmür: «Əksinə, ölkəmizdə bir çox ailələrdə qız uşağının dünyaya gəlməsinə daha çox sevinirlər və onların doğuluşu bayrama çevrilir». S.Rüstəmxanlı hesab edir ki, yeni doğulan körpələrin öldürülməsi və ya onlardan imtina edilməsi kimi hadisələr ümumi maddi vəziyyətlə, dolanışıqla, çoxuşaqlı ailələrdəki problemlərlə və ya valideynin ümumi-psixoloji vəziyyəti ilə əlaqəli ola bilər: «Baş verən olay fərdi hadisədir. Hadisəni ümumiləşdirmək və Azərbaycanda qız uşaqlarına ümumi münasibət kimi təqdim etmək doğru deyil. Çünki ölkəmizdə heç vaxt belə adət və ənənə olmayıb. Bu tip ənənə vaxtilə ərəblərin arasında olub. Belə hadisələri Azərbaycanın adı ilə bağlamaq və ümumiləşdirmək doğru deyil”.
 
Təhsil üzrə ekspert, professor Əjdər Ağayevin fikrincə, hadisə haqqında fikir yürütməzdən, baş verənləri analiz etməzdən öncə, ailənin durumu ilə maraqlanmaq lazımdır: bu ailədə neçə uşaq var, ata neçə yaşındadır, fiziki durumu necədir və s. Hətta psixi çatışmazlığın olub-olmaması baxımından nəsil-nəcabət öyrənilməlidir. Hadisəyə gəlincə, ekspert bildirir ki, bütün vəziyyətlərdə yeni doğulan uşağı quyuya atıb öldürmək ən böyük cinayətdir: “Əgər cinayət ata tərəfindən törədilərsə, bu onun günahlarını iki və ya üç qat artırır”. Ekspert ərəblərin İslam dinindən öncə qız uşaqlarının doğulmasına münasibətini yada salır: “O zaman ərəblər arasında qız uşaqları dünyaya gələndə onları diri-diri torpağa basdırırdılar. Elə bir kritik vəziyyətdə İslam dini meydana gəldi və bu yanaşmanı qadağan etdi. İslam dini övladın – istər qız olsun, istər oğlan, Allah tərəfindən verilən pay olduğu fikrini meydana qoydu”. Ekspertin fikrincə, bu gün cəmiyyətdə fanatizmin inkişafı insanlara dinin əsl mahiyyətini, onun mütərəqqi cəhətlərini, mədəniyyət səviyyəsini başa düşməyə mane olur: “Elə bilirlər ki, vaxtilə belə ənənə olub və bu gün də kapitalizm cəmiyyətinin meydana çıxardığı qüsurlar o qədər çoxalıb ki, əxlaqsızlıq baş alıb gedir. Bəlkə ata onunla paralellər aparıb və deyib ki, əxlaqsızlığın güclü olduğu zamanda belə ediblər, mən də edim”. Ə.Ağayev bəzi ataların qız uşaqlarının doğulmasını arzulamamağı faktlarının olduğunu inkar etmir: “Bəzən doğulan qız uşaqlarının doğum evindən götürülmədiyi faktları da var. Bəzən kişilər qız övladı dünyaya gəldiyi üçün həyat yoldaşını döyür, təhqir edir. Bütün bunlar savadsızlığın və səviyyəsizliyin əlamətləridir. Heç bir səbəb bu tip hadisələrin törədilməsinə haqq qazandıra bilməz. Cəmiyyət özü bu faciəyə münasibət göstərməli və kəskin şəkildə pisləməlidir». Ekspert bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasının tərəfdarıdır: «Sovet təcrübəsində maarifləndirməni həyata keçirmək olurdu. İndi internet maarifləndirməni “gücləndirib”. Digər tərəfdən, maarifləndirmə təlimləri pulludur. Valideynlərin isə həmin təlimlərdə iştirak etməyə pulu yoxdur. Biz vaxtilə kapitalizmin eybəcərliklərini ifşa edərdik. İndi həmin eybəcərliklər qarşımıza çıxır. Ancaq biz bu eybəcərliklərə qarşı mübarizə aparıb onları neytrallaşdırmırıq. Kim necə istəyir, elə də hərəkət edir. Ancaq demokratiya dərəbəylik deyil, qanunların aliliyidir. Qanunların aliliyi mədəniyyətin yüksəlməsi deməkdir”. Ə.Ağayevin fikrincə, cəmiyyətdə maarifləndirmə müxtəlif yollarla – dini və təhsil yolu ilə aparılmalıdır.
 
Ailə planlanmasının vacibliyi
 
Hüquq müdafiəçisi Vasif Akifli cəmiyyətdə qız uşaqlarının doğulmasının birmənalı qarşılanmaması fikirlərinin hələ də olduğunu etiraf edir: «Bu cür hallarla daha çox regionlarda rastlaşmaq olur. Erkən nikahlar da qız uşaqlarının istənməməsi ilə bağlı olan vəziyyətdən doğur. Ona görə, qız uşaqlarını sevməyən atalara həmişə «Siz özünüz də qadından dünyaya gəlməyibsinizmi, o zaman öz ananızı, bacınızı niyə sevmirsiniz?» – sualını verirəm”. V.Akifli bildirir ki, dini baxımdan yanaşdıqda, körpənin qətlə yetirilməsi günah, qanun baxımından yanaşdıqda cinayətdir. Xüsusən, körpənin öldürülməsi faktının valideynin əli ilə baş verdiyi sübut olunarsa, bu, daha ağır cinayətdir. Hüquq müdafiəçisi bir neçə il bundan öncə qız uşaqlarına qarşı qətliama görə abortun qadağan edildiyini, hətta uşaqların ana bətnində olarkən dölü müəyyən etmək üçün ultrasəs müayinəsindən keçmələrinin qadağan olunmasını xatırlayaraq, yenə də qeyri-qanuni yolla həm müayinəni aparan, həm də abortu edən həkimlərin olduğunu bildirir: “Əgər 9 milyonluq əhalinin içərisində hər 3 ailədən biri qız uşağını qətlə yetirərsə, bu, kütləvi qətl sayılır. Cəmiyyətimizdə nümunəvi iş xanımları və ev xanımları var. “Qadın” və “qız” sözündən qorxan kişilərin qorxularının səbəbini hələ də aydınlaşdıra bilməmişik». V.Akiflinin sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması hər hansı bir qurumun və ya şəxsin işi deyil. Belə ki, bu istiqamətdə cəmiyyət bütövlükdə maariflənməlidir: “Avropa ölkələrində telekanallar bu məzmunda 30-35 saniyəlik müəyyən sosial çarxlar yayımlayırlar. Ancaq bir fərd və ya uşaq hüquqlarının müdafiəçisi olaraq, 30 saniyəlik sosial çarx hazırlasam, bunu bizdə hansı telekanal yayımlayar? Və yaxud hansı xəbər saytlarından biri bunu öz bannerində yerləşdirər? İnanın ki, heç biri”.
Rayonlarda, bölgələrdə bu məzmunda yetərincə təlimlər keçirildiyini deyən hüquq müdafiəçisi, bu istiqamətdə maariflənmənin nəticəsinin olmadığını təəssüf edir: “Deməli, maariflənmənin nəticəsi yoxdur ki, , bir körpənin meyiti quyudan tapılır. Gələcəyin bir anasını, bir qızını, bir tələbəsini, nəhayət, bir vətəndaşını öldürürlər. Səbəb isə qız uşağının arzulanmamasıdır. Bu, avamlıqdan, cahillikdən doğan bir vəziyyətdir. Bu cür hadisələrin baş verməsində təhsilsizlik, mütaliəsizlik rol oynayır”. Hüquq müdafiəçisi hesab edir ki, xüsusən regionlarda ailə planlanması olmalıdır: “Əgər ailə planlaşması olsa, kişi də, qadın da, ümumiyyətlə, onlara neçə uşaq lazım olduğunu müəyyənləşdirərlər. «Uşaqları öldürməyin”, “qız uşaqlarını abort etməyin” şüarları ilə maarifləndirmə aparsaq da, heç nə əldə etməyəcəyik. Öncə ailə planlamasını həyata keçirməliyik. Bu gün sığınacaqda qalan uşaqların hər biri natamam ailələrdə böyüyən uşaqlardır. Ailə planlaşdırmasının olmaması ucbatından dünyaya gələn bu uşaqlar sığınacaqlarda yaşamalı olurlar». Hüquq müdafiəçisi hesab edir ki, ümumiyyətlə, cütlüklər ailə qurmamışdan öncə psixoloqlar və hüquqşünaslar tərəfindən reabilitasiyaya cəlb olunmalıdır. Onların ailə qurmasında psixoloqun tibbi arayışı rol oynamalıdır.
 
Ekspertlərin fikirləri də bir sıra bölgələrimizdə qızların doğulmasına qarşı çıxan ailələrin olduğunu təsdiqləyir. Qadınların bəzən məcburi, bəzən könüllü şəkildə selektiv abort yolunu seçmələri isə doğulanların cins nisbətinin pozulması problemini gündəmdə saxlayır.
 
Körpənin öldürülməsinə gəlincə, hələ faciəli olayın kim tərəfindən törədilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Media xəbərlərində, sosial şəbəkələrdə körpənin atası tərəfindən öldürüldüyü qeyd edilsə də, bu ehtimalların təsdiq olunacağı öncədən dəhşət doğurur. Əgər atanın övladının qatilinə çevrilməsi təsdiq olunarsa… Belə təqdirdə, nadanlığı, cahilliyi maarifləndirmənin hər hansı forması ilə aradan qaldırmağın da mümkünlüyü şübhə yaradır. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir