Asiq Zulfiyye

Aşıq Zülfiyyə: “Atam dedi, səni övladlıqdan siləcəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 778

“Gencaile.az” Aşıq Zülfiyyənin oğlu Babəklə birgə “Lent.az”-a verdiyi müsahibəni təqdim edir.

 

– Ana-bala duet ifa etmək çətin deyil ki?

– Bizim üçün çətin deyil. Mahnı seçimində də çətinliyimiz yoxdur. Çünki əksər mahnıların sözlərini və musiqisini özüm yazıram.

 

– Sənətlə ailəni bir arada saxlamaq…

– Ümumiyyətlə, hər bir sənətin çətinliyi var. Sadəcə bacarmaq lazımdır ki, hər bir işdən alnı açıq, üzü ağ çıxasan. Amma bu aləmdə barışmadığım bir şey var ki, sənət adamlarının bəziləri deyir, istəməzdim, övladım müğənni olsun. Niyə? Əgər mən bu gün o sözü övladım üçün deyirəmsə, niyə özüm o yolu gedirəm? Bu sənət adından məlum olduğu kimi incə və müqəddəs sənətdir. Hər bir sənət ağılla oturub durmağı tələb eləyir. Bir dəfə mənə sual vermişdilər ki, incəsənət qurban tələb edir? Mən də cavabında dedim ki, incəsənət ağıl tələb edir. Ümumiyyətlə, ağıl başda olsa, hər iş öz qayasında gedər. Demirəm ki, mən ağıllı, başqası dəlidir. Sadəcə, bu sənətin elə yolları var ki, orada sənət yox, ağıl işləyə bilər. Hər sahədə insanın qarşısına iki yol keçir. Bacarıb düz yolu getmək lazımdır.

 

– Bir çoxları iddia edir ki, sənətdə olanların əksəriyyətinin ailəsi yoxdur.

– Niyə sənətkarın ailəsi olmamalıdır? Qadın baş nazir ola bilər, təyyarə sürə bilər, amma sənətkar ola bilməz? Bu, fikir yanlış fikirdir. İnsan istəsə, ailəsini də, sənətini də əlində saxlamağı bacarar. İnsan “nə oldum?” yox, “nə olacam?” deməlidir. Heç kim 5 dəqiqə sonra başına nə iş gələcəyini bilə bilməz. Ona görə də heç kəsə zirvədən aşağı baxmaq olmaz. Sənətə, ailəyə, övlada xor baxanda hər şey qarışır. Nəinki sənətçinin, hər kəsin ailəsi olmalıdır.

 

– Yoldaşınızın sizə qadağaları varmı?

– Bəli, bəzi verilişlərə qadağaları oldu. Elə verilişlər var ki, mənim nə yaşıma, nə də xarakterimə uyğundur. Elə verilişlərə dəvət alanda normal şəkildə deyirəm ki, məni bağışlayın, işim var.

 

– Babək, məşhurun övladı olmaq çətin deyil ki?

– O adı qoruyub saxlamaq çətindir. Həm özümə, həm də ailəmə görə bir addımı atanda diqqətli oluram. Addım atanda düşünürəm ki, sabah ailəm əziyyət çəkməsin. Çətinlik bir budur, başqa çətinliyi yoxdur.

– (Aşıq Zülfiyyə) Elə sahə var ki, orada nəsə edəndə tez hiss olunmur. Amma incəsənət sahəsi elədir ki, asqıranda da ehtiyatla asqırırıq ki, görəsən nə deyəcəklər?

 

– Oğlunuza bu sənətdə nələri öyrətdiniz?

– Mən 14 yaşımdan sənətdəyəm. Sənətə gələndə atam dedi ki, qızım, bu sənət adından məlum olduğu kimi incə sənətdi. Gərək elə hərəkət edəsən ki, adına ləkə düşməsin. Dedi ki, haqqında xoş olmayan nəsə eşitsəm, sənə nəsə etməyəcəm. Sadəcə, səni övladlıqdan siləcəm. Onu da söylədi ki, səhnənin işıqları gözünü qamaşdırmasın. Hansı evdən, hardan gəldiyini unutma. O vaxt atamın mənə dediyi sözü mən də oğluma dedim.

 

– Babək, ananızdan başqa kimlə duet ifa etmək istəyərdiniz?

– Bu barədə heç düşünməmişəm. Ağlımda da başqa kimsə də yoxdur. Şou-biznesdə adımız var, amma içində deyilik. Hər zaman şou aləminin kənarında olmuşuq. Şükürlər olsun ki, bu günə qədər kiminləsə qalmaqalda adımız hallanmayıb.

 

– Gələcəkdə solo fəaliyyət göstərmək niyyətin varmı?

– Elə indi də solo ifalarım çoxdur. Fəaliyyətimi həm solo, həm də duet şəklində davam etdirirəm. Janrımda heç bir dəyişiklik etmək fikrim yoxdur. Mahnılarla bağlı heç bir çətinliyimiz yoxdur. Özümüz yazıb, özümüz də oxuyuruq.

 

– Amma bu da sənət aləmində birmənalı qarşılanmır. Bir çox müğənnilər söyləyir ki, müğənnilərin özləri yazıb, özləri oxuduqlarına görə mahnıları uğursuz alınır.

– Əgər bəstəkardan aldığım mahnı mənim ifamda yaxşı alınmırsa, bunu bəstəkar yazıb deyə oxumalı deyiləm ki… Təbii ki, bizim çox dəyərli bəstəkarlarımız var, hər birinə də ayrı-ayrılıqda hörmətim var. Sadəcə, bizim sənətdə elədir ki, aşıqların əksəriyyəti bütün havaları özləri yazıb, özləri oxuyublar. Məndən də yaxşı oxuyan xanımlar da var. Sadəcə, mən ona görə sevildim ki, özüm yazıb, özüm oxudum. Məsələn, ömür boyu klassiklərdən oxuyurdum. Amma sonra elə oldu ki, “O tayda yarım qalıb” adlı mahnı yazdım. Bir dəfə efirdə oxudum, sonra hara gedirdimsə, o mahnını oxuyurdular. Elə məclislər olub ki, yalnız o mahnıya görə bizi dəvət ediblər. Yaxşı olduğuna görə, insanlar qəbul edib. Bir də müğənnilərdə qəbul etmədiyim bir şey var. Deyirlər ki, “Bozbaş mahnılar”. Bu nə deməkdi? Bunu da bəyənən tamaşaçıdır, digərini də. Deməli, biz mahnı yox, tamaşaçı seçirik? Bozbaş bizim ən sevdiyimiz yeməkdir. Bu sözü gətirib mahnıya calamaz biabırçılıq deyilmi? Bir mahnını kütlə qəbul edirsə, bizim haqqımız yoxdur ki, ona nəsə deyək.

 

– Elə həmkarlarınız var ki, deyir, aşıq qadın sənəti deyil. Sonuncu dəfə bu fikri aşıq Əli demişdi.

– Bu, çox yanlış fikirdir. Aşıq Əli sözünü dedi, sonra geri götürdü. Ola bilsin, o, bu fikri sözgəlişi deyib. Əslində, bu sözü aşıq Əli Quliyev demişdi, bunu cavan Əlinin üstünə yazdılar. Qadın baş nazir ola bilər, aşıq ola bilməz? Niyə? Aslanın erkəyi, dişisi olmur. Bir Bizim klassik aşıq ədəbiyyatımızda çox gözəl məhəbbət dastanlarımız var. Bir çox dastanlarımız qadın aşıqlar vasitəsi ilə yaranıb. Əgər qadından aşıq olmazsa, o zaman gəlin keçmişimizi silək. Bu da mümkünsüz bir işdir. Bu gün bizim məhəbbət dastanlarımız varsa, qadın aşıqlarımız da olmalıdır.

 

– Məşhurların mənəm-mənəmliklərinə münasibətiniz…

– İlk öncə onu deyim ki, sənət insanı qaldırır, insan sənəti yox. Hər kəs özünə mənəm-mənəm deyir. Özlərinə ulduz deyə bilərlər, amma ulduz yerdə olmur. Hər yeməyin öz dadı, hər çiçəyin öz ətri olduğu kimi, hər sənətkarın da öz sevəni var. Kimsə deyə bilməz ki, onu 9 milyon əhalinin hamısı sevir. Bu, mümkünsüzdür. Məni də sevən, sevməyən var. Ona görə də mən və ya həmkarlarımın özlərinə “Nömrə 1” deməyə haqqı yoxdur. Sadəcə, bu sənətdə özümüzə görə bir iz qoya biliriksə, nə xoş bizə.

 

– Babək, bu sənətə gələn zaman Zülfiyyə xanım sizə hansı qadağaları qoydu?

– Əslində, xüsusi bir qadağası olmadı. İnsan gördüyünü götürər. Şükürlər olsun, elə bir ailədə doğulmamışam ki, tərbiyəsizlik, yanlış bir hərəkət görüm. Nə görmüşəmsə, onu da götürmüşəm. Onun bəhrəsidir ki, yanlış işlərdə, qalmaqallarda adım hallanmır. Sadəcə, mənə deyib ki, bu sənətdə təmkinli, səbirli ol. Hər bir işdə problemlərlə üzləşə bilərsən. Bizim sənətimizin də öz çətinlikləri var. Məsələn, biri toyda içkili olur. Hər birinə təmkinlə cavab vermək lazımdır.

 

– (Aşıq Zülfiyyə) Çox şükürlər olsun, bu günə qədər elə hallarla rastlaşmamışıq ki, kimsə də gəlib yaramaz hərəkət etsin.

 

– Zülfiyyə xanım, hər zaman eyni imicdə, üslubda olmusunuz. İmicinizi dəyişmək barədə düşünmüsünüz?

– Heç bir zaman dəyişməyəcəm. Səhnəyə gələndə də bir söz dedim. Necə gəlmişəmsə, elə də torpağa gedəcəm. Mən gözəllik salonlarına gedən deyiləm. Çox nadir hallarda ora müraciət edirəm. Əgər mənim evimdə işim çoxdursa, onu yarımçıq qoyub, salona gedə bilmərəm. Belə görünməyim həyat yoldaşıma, övladıma xoşdursa, deməli, mənə də xoşdur. Məni sevən belə də sevir. Günlərin bir günü salonda işləyən xanımlardan biri dedi ki, Zülfiyyə xanım, gəlin imicinizi dəyişək. Dedim ki, istəmirəm. Başqa cür özümü görsəm, pis olacam. Oğlum da məni maşında gözləyirdi. Bir sözlə salonda işləyən qızın sözü ilə razı oldum. Saçımı düzləşdirdilər. Maşına gedib oturanda oğlum mənə dedi ki, ana, elə bil, bu sən ana deyilsən. Bu söz məni yerə vurdu. Maşını evə sürdürdüm, saçımı təzədən yudum, köhnə saçıma qayıtdım, daha sonra toya getdik. Əgər mənim övladım məni belə qəbul etmirsə, o imici neynəyirəm?

 

– Yoldaşınızın xüsusi bir qadağası yoxdur?

– Yox, mən sadəcə, dəyişilməyi xoşlamıram. Görürəm ki, bu haldan özü də razıdır.

 

– Zülfiyyə xanım qayınana kimi necə qayınanadır?

– Bunu mənim evimə gələn qonaqlar bilər. Hətta “Xəzər TV”-də işləyən aparıcı Aytəkin bizdə qalmışdı, gəlinim də yuxudan durub gəlib mənlə öpüşüb görüşdü. Aytəkin də təəccüblə soruşdu ki, həmişə belədi? Mən də dedim ki, gəlinim bizim ocağa gələn gündən hər səhər yuxudan duran kimi mənlə öpüşüb görüşür. Mən onu heç gəlin gözündə yox, övlad gözündə görürəm. Ömrümün axırına qədər də belə olacaq.

 

– Nəvənizin musiqiyə marağı varmı?

– Siz onu atası sintezatorun arxasına keçəndə  görəsiniz. Atası musiqini ifa edənə qədər yanından kənara getmir.

 

– Babək bəy, oğlunuz sənətə gəlmək istəsə, seçiminə qarşı çıxacaqsınız?

– Ola bilər. Amma mən istəyərdim ki, oğlum polis olsun. Musiqiçi olmaq istəsə, qarşısını kəsmərəm.

 

– (Aşıq Zülfiyyə) Çox maraqlıdır ki, mən Babəkin musiqiçi yox, idmançı, polis olmasını, istəmişdim. Ən çox idmançı olmağını istəyirdim. Özünün də fikri var idi. Sonradan fikrini dəyişdi, musiqiyə gəldi. Mən də etiraz etmədim. İndi həmin arzunu övladı üçün arzu eləyir. Mənim özüm də aşıq olmasaydım, idmançı olardım. Uşaq vaxtı şüşənin üstündə oynayırdım.

 

– Bu günə qədər haqqınızda xoşunuza gəlməyən şayiə nə olub?

– Yalandan demişdilər ki, guya Zülfiyyənin ailəsi dağılıb. Biz 28 ildir ki, ailə qurmuşuq, belə bir şey heç vaxt olmayıb. Biz yoldaşımla cəmi 3 gün küsülü qalmışıq. O da oğlumun üstündə. Olmayan bir şeyi efirdə danışmaları mənə çox pis təsir eləmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir