Aliment

Atalar niyə aliment vermək istəmirlər?

Baxış sayı: 1. 570

“Bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var”. Bu barədə bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyyə İbrahimovanın sözlərinə görə, Dövlət Komitəsinə son on ildə 30 minə yaxın müraciət, 7796 şikayət daxil olub. Şikayətlərdən 2107-si məhkəmə qərarlarının icra olunmaması, 1593-ü məişət zorakılığı, 1284-ü inzibati orqanların fəaliyyəti ilə bağlı olub.

Şöbə müdiri əlavə edib ki, Dövlət Komitəsinə alimentlə bağlı məhkəmə qərarlarının icrasında yaranan problemlərlə bağlı daha çox müraciət daxil olur: “İkinci sırada isə məişət zorakılığı ilə bağlı müraciətlər gəlir. Müraciətlərin təhlili göstərir ki, eyni problemlər qalmaqdadır”.

Bəs atalar niyə aliment verməkdən imtina edir? Sosioloq Əhməd Mansurovun sözlərinə görə, alimentin verilməməsinə iqtisadi və sosial faktorlar təsir edir. Atanın maddi vəziyyətində olan problemlərə görə, aliment ödənişindən imtinalar olur. “Daha bir səbəb isə atanın öz bioloji statusunu qəbul etməməsi və məsuliyyət hissinin olmamasıdır. Bu cür hallar daha çox nikahdankənar doğulan uşaqlarla baş verir. Ata öz məsuliyyətini, öz övladını qəbul etmir, nəticədə uşağın böyüdülməsi yükü ananın üzərinə düşür. Bəzi hallarda isə ata öz keçmiş həyat yoldaşından qisas almaq bahanəsilə aliment ödəməkdəm imtina edir”.

Sosiloq bildirir ki, aliment verilməməsində əsas səbəb psixoloji təzyiqin edilməsi istəyidir. Bu da iqtisadi zorakılıq sayılır.

Ə.Mansurovun dediyinə görə, nə olursa-olsun, uşaqlar təzyiq aləti olmamalıdır. Ailə qurulan zaman hər bir insan məsuliyyətini dərk etməlidir. “Gənclər unutmamalıdır ki, ailə cinsi tələbatı ödəmək üçün qurulmur. Atalıq məsuliyyətini dərk etməyən kişi millətin, cəmiyyətin, dövlətin düşmənidir. Atalar çox zaman keçmiş ailəsinin səhv olduğunu düşündüyü üçün aliment verməkdən imtina edir. Qadın səhvim idi, övlad da səhvdir. O qadından doğulan uşaq nə olacaq və s. bu kimi düşüncələrlə atalar övladlarını psixoloji təzyiq altında saxlayaraq, iqtisadi zorakılığa məruz qoyur. Düşünürəm ki, gələcək dövr üçün iqtisadi zorakılıq da zorakılığın bir növü kimi Cinayət Məcəlləsinə daxil edilməlidir”.

Sosioloq bildirir ki, aliment verməyən ataların sayəsində bu gün ölkədə küçə uşaqlarının, fahişələrin, oğru və cinayətkarların sayı artır. “Ata aliment ödəmirsə, ana məcburdur ki, işləyib övladlarını saxlasın. Belə olan zaman uşaq nəzarətsiz qalır. Ata yox, ana işdə və uşaq küçə həyatına meyl etməyə çalışır. Xüsusilə qız uşaqları üçün təhlükə böyükdür. Nəticədə potensial risk qrupu, narkomanlar, toksikomanlar, fahişələrin yeni bir nəsli yetişir. Bütün bunlara isə hansısa kişinin övladına sahib çıxmaması, onun ehtiyaclarını ödəməməsi səbəb olur. Buna görə də, bu gün ata məsuliyyətsizliyindən gələcəkdə dövlət əziyyət çəkir. Buna görə də düşünürəm ki, aliment ödəməyən şəxslərə daha sərt cəzalar tətbiq edilməlidir. Təkcə həbslə kifayətlənmək olmaz. Əgər cəza kəsilirsə, məcburi əməyə cəlb olunma olmalıdır. Həmin məvacib də alimentə hesablanmalıdır”.

Hüquqşünas Vasif Rzayevin dediyinə görə, bu gün müraciətlərin çox hissəsi aliment problemləri ilə bağlı olur. Boşanan insanların təxminən 60%-i aliment problemi yaşayır. “Kişilər çox zaman aliment verməmək üçün hər yola əl atırlar. Digər tərəfdən, işsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiq edən arayış təqdim etməlidir və idarədə qeydiyyata düşməlidir. Belədə ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib, aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işə cəlbetmə reallaşa bilər”.

V.Rzayev qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsinə əsasən, alimenti gecikdirən və ya ödəməyən tərəf 500 manatdan 1000 manata qədər cərimələnə bilər. Valideyn alimentin icrasını qəsdən və qərəzli şəkildə icra etməkdən yayınarsa, Cinayət Məcəlləsinə əsasən, həmin şəxs 500 manatdan 1000 manata qədər cərimə olunmaqla yanaşı, 120 saatdan 260 saata qədər ictimai işlərlə cəzalana və yaxud da 3 ilədək azadlıqdan məhrum edilir.

Həmsöhbətimizin sözlərinə görə, cəzalar sərt olsa da, bu, valideynləri aliment verməyə məcbur edə bilmir: “Ata ailəli ikən saxladığı övladına sonradan sahib çıxmaq istəmir. Bunun da psixoloji məqamları var. Çox vaxt analar övladları ata ilə görüşdürmür və aliment tələb edirlər. Bu isə atada uzaqlıq yaradır. Təbii kii, qanun hamı üçün qanundur. Aliment ödənilməlidir”.

Psixoloq Fidan Əliyevanın sözlərinə görə, övlad hər zaman ata-ana nəzarətində, himayəsində böyüməlidir. “Bu gün boşanmaların sayı gün-gündən artmaqdadır, belə olan şəraitdə, təbii ki, uşaqlar valideynlərdən uzaq düşür. Bu da uşağın psixolgiyası ilə yanaşı ataya da təsr edir. Uzun müddət övladını görməyən ata onu saxlamaqdan da imtina edə blir. Çox şahidi olmuşuq ki, kişilər “uşağı göstərmirsənsə, get özün saxla” deyə aliment verməkdən imtina edib”.

Dediyinə görə, cəzaların sərtləşdirilməsi atada övladına qarşı kin-əsəb hissinin yaranmasına səbəb ola bilər. Buna görə də valideyn alimentdən imtina etmək üçün müxtəlif yollara əl atır. “Düşünürəm ki, boşanan ailələrdə kişilər və qadınlar üçün məcburi psixoloji yardım olmalıdır. Bəlkə o zaman ana övladını ataya göstərər və atalar da aliment verməkdən imtina etməz. Boşanan cütlük dost kimi ayrılmalıdır. Azərbaycanda isə düşmən kimi boşanırlar. Bizim bu sahədə problemlərimiz saysızdır, çarələrimiz isə yox dərəcəsindədir”.

 

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir