usaq

“Atam məni aparandan sonra anam intihar etmişdi…” – DAĞILAN TİFAQIN QURBANLARI

Baxış sayı: 173

Beş yaşım var idi. Az-maz xatırlayıram. Qəribədir ki, ən yadımda qalan şey əynimdəki  qırmızı palto idi. Damaları və iri düymələri hələ də gözümün qabağındadır. Yadımdadır, həmin düymələr düşüb itməsin deyə anam onları tikərək bərkitmişdi. O gün hamımız tanımadığım bir yerə getmişdik. Orada çoxlu adamlar var idi, nə isə danışırdılar, baxırdım ki, atam hirslidir, anam ağlayır. Sonra hamımız həyətə çıxdıq, atam məni qucağına alaraq, tələsə-tələsə üzü küləyə tərəf aparmağa başladı. Mən küləkdən qorunmaq üçün başımı arxaya çevirəndə gördüm, anam bizimlə gəlmirO, yerə diz çöküb mənə tərəf baxaraq ağlayırdı…

 

İndi günahkar axtarıram…

Bunları bizə Xumar Cəbiyeva danışır. O deyir ki, anasının əksi indi də gözlərinin qabağındadır. Həmişə də onu yerə çöküb ağlayan yerdə təsəvvür edir: “İndi 17 yaşım var. Çox şeyləri başa düşürəm, anlayıram. Amma bircə onu anlaya bilmirəm ki, bir balanı anadan ayırmaq nə qədər doğrudur? Səbəb nə olursaolsun. Sonra öyrəndim ki, guya anamın müəyyən xoşagəlməz davranışları olub və buna görə də boşanma zamanı məhkəmə mənim atamla qalmağıma qərar çıxarıb. Atam anamla mənim görüşməyimə qəti şəkildə icazə vermədi. Mən o zaman çox ağlayırdım, xəstə olurdum, qızdırma içində anamı sayıqladığımı deyirlər. Bir müddət sonra atam ikinci dəfə ailə quraraq Rusiyaya getdi və məni də özü ilə apardı. O vaxtdan atam mənə anamla bağlı nəsə soruşmağı qadağanetmişdi. Düz 10 ildən sonra Azərbaycana qayıtdıq və mən qərara gəlmişdim ki, nə olurolsun anamın yanına gedəcəm, lap elə onunla qalacam… Amma çox gecikmişdim. Öyrəndim ki, anam biz Rusiyaya gedəndən 6 ay sonra intihar edib…

İndi tamamilə tənha qalmışam. Əvvəl bilirdim ki, anam haradasa sağdır, nə vaxtsa onu tapacam, görüşəcəm. Amma indi… İndi bu olanlara görə günahkar axtarıram, atamdırmı günahkar?!

 

***

Hər insan həyatda fərqli bir şey axtarır. Uşaqlıqdan etibarən gördüyü ailə tərbiyəsi, aldığı təhsil, ana və atasının şəxsi keyfiyyətləri, yaşadığı şərait və sair insanın dünyaya baxışını formalaşdırır. Bəs dağılan ailələrin uşaqlarının gələcək həyatı hansı təməl üzərində qurulur? Bəzən ana, ya ata, yaxud hər ikisi valideynlikdən məhrum edilir. Bu natamam ailədə böyüyən uşaqların psixoloji vəziyyəti necə olur? Ümumiyyətlə, valideynlər hansı hallarda övladlıqdan məhrum edilir?

 

Gözləri başqa ailələrdə olur

Psixoloq Vəfa Rəşidova deyir ki, yarımçıq ailələrdə böyüyən uşaqlar psixoloji travmalar yaşayır: “Bütün uşaqlar, yaşından asılı olmayaraq, tamam ailədə yaşamağı hər zaman arzulayır, istəyirlər. Uşaqlar ana və atanın ayrıldığını görəndə böyük sarsıntı keçirirlər. Çünki çox zaman bu proses onların gözü önündə baş verir. Boşanma prosesində böyük söz-söhbətlər olur. Hər ailə sivil şəkildə ayrıla bilmir. Çox hallarda boşanma dava-dalaşla, qalmaqalla baş verir və uşaq da bütün bu proseslərin şahidi olur”.

Psixoloq deyir ki, natamam ailədə böyüyən uşaqlar daha çox özgüvən problemi yaşayırlar. Depressiv olurlar, onlarda həyat eşqi elə də yüksək olmur: “Eyni zamanda bütün günü başqa ailələri izləməklə keçirirlər. Gözləri başqa ailələrdə olur. “Onun anası-atası birdir, mehribandır, birlikdədir. Mənim anam, atam isə ayrıdır” – belə bir kompleks yaşayırlar. Bu özgüvən əskikliyi onları daim izləyir. Belə uşaqlar cəmiyyətdə də özlərini təsdiq etməyə çəkinirlər, özlərini əskik sayırlar. Çünki cəmiyyət özü də boşanan ailələrə birmənalı yanaşmır. Ata-anası ayrılan uşaqlara münasibət yaxşı olmur. Ona görə onlar da bu vəziyyəti bildirmək istəmirlər. Ofisdə, məktəbdə, universitetdə çalışırlar ki, bunu gizləsinlər”.

V.Rəşidovanın sözlərinə görə, bütün bunlar uşaqların psixikasına mənfi təsir edir, hətta onlar ailə qurmaq travması alır. Yəni böyüyəndə, ailə qurmaq vaxtı gələndə addım atmağa belə, ehtiyat edirlər: “Düşünürlər ki, “bəlkə mənim quracağım ailə də belə olacaq, belə ailə mənim nəyimə lazımdır? Ondansa tək qalaram”. Bu düşüncəylə bəziləri ailə qurmaqdan qaçır. Bəziləri ailə qurarkən bu travmaları öz həyatına köçürmür. Amma elələri də var ki, bu qorxuları həyatına daşıya bilir. “Amandır, mənim də həyat yoldaşım atam anamdan ayrıldığı kimi ayrılar” qorxusu izləyir onları. Bu da insanın rahat yaşamasına mane olur. Praktikamda da belə hallar olmuşdu ki, boşanan ailələrin uşaqları aqressiv ola bilirlər. Sevgi, mərhəmət göstərmək onlar üçün bir az ağır olur. Eyni zamanda ailə qurduqdan sonra həyat yoldaşlarından utanırlar, çəkinirlər, bunu kompleks edirlər. Soruşanda, niyə belə edirsən deyir, mən sevgi görməmişəm, gözümü açandan ailəmdə dava-dalaş görmüşəm. Mən öz ailəmə bu sevgini, diqqəti qayğını necə göstərə bilərəm ki?! Demək, bu insan ciddi narahatdır. Belə insan heç zaman həyatını sağlam şəkildə yürüdə bilməz”.

 

Kaş məni bu dünyaya gətirməzdiz

“Diqqət etdikdə görürük ki, boşanmış ailələrin uşaqları uzun müddət biri ilə münasibət qurub sonlandıra bilmirlər. Tez-tez ya xanımla, ya bəylə dalaşıb ayrılırlar. Yəni sevgilərini qoruya bilmirlər, özlərini natamam hiss edirlər. Qızlar qarşısındakı bəyi atası ilə eyniləşdirir, oğlanlar da seçdikləri xanımı anası ilə. Bu da o deməkdir ki, bütün travmanı həyatı boyu özünə yük edirlər. Belə insanlar xoşbəxt ola bilmirlər. Onlar daim güləcək, əylənəcək, amma sonda gəlib evdə için-için ağlayacaq. Bu, insanı depressiyaya da sürükləyir. Onlar atasını, anasını, ya da hər ikisini günahlandırmağa başlayır. Yaxud “kaş məni bu dünyaya gətirməzdiz” üsyanı başlayır. Atasından anasına qarşı şiddət görənlər isə nevroz yaşayırlar. Eyni şeyi təkrarlamaqdan həzz ala bilirlər. Bu isə problemin lap pik nöqtəsidir. Burada birmənalı olaraq psixoloq müdaxiləsi lazımdır. Praktikamda var ki, anası və atası boşanan biri ailə qurur, çox gözəl ailəsi olur, amma daim qorxu içində yaşayır ki, yoldaşım məni atacaq, boşayacaq. Daim yalvarışlar edir ki, and iç məni atıb getməyəcəksən. O, bu cür psixoloji pozuntusunu ailəsinə daşıyır. Bu da təbii ki, ailənin rahatlığını pozur”, – deyə psixoloq vurğulayır.

 

Valideynlikdən məhrum edilən analar intihara meylli olur

V.Rəşidova onu da deyir ki, uşaqları əlindən alınan, analıqdan məhrum olan qadınlar mövzusu yaralı bir mövzudur. Bu cür qadınlar depressiv, intihara meylli olurlar. Eyni zamanda həyat onlar üçün çox maraqsız olur: “Həmçinin onlarda məqsəd, istək, qayğı hissləri az olur. Həddindən artıq qısqanc olurlar. Heç bir ana övladından ayrılmaq istəmir. Düşünürəm ki, belə xanımlara mütləq psixoloji yardım etmək lazımdır. Onlara yaşamaq stimulu yaratmaq vacibdir”.

 

10 yaşına çatmış uşaqların fikri nəzərə alınmalıdır

Hüquqşünas Nailə Hüseynova məlumat verdi ki, valideynlik hüquqlarından məhrumetmə yalnız məhkəmə qaydasında həll edilir: “Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlik hüququndan məhrum etmənin əsasları sadalanır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə məhrum edilirlər. Həmçinin valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə və uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törətdikdə də bu hüquqdan məhrum edilirlər. Məhkəmə bu zaman valideynlik hüququndan məhrum edilmiş şəxsin üzərinə aliment qoyulması məsələsini də həll edir”.

Hüquqşünas bildirir ki, nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir: “Azərbaycan Respublikası məhkəmələrində formalaşmış təcrübəyə əsasən, azyaşlı uşaqlar bir qayda olaraq ananın himayəsinə verilir. Lakin ananın yüngül həyat tərzi, qeyri-əxlaqi davranışları, uşağın həyatına təhlükə törədə biləcək hallar olduqda uşaq atanın yanında saxlanıla bilər. Bundan başqa, 10 yaşına çatmış uşaqların fikri məhkəmə tərəfindən mütləq nəzərə alınmalıdır. Bu zaman uşağın mövqeyi qərarın qəbul edilməsində məcburilik təşkil etmir. Hər iki valideyn valideynlik hüququndan məhrum edildikdə məhkəmə uşağın kimin yanında saxlanılması məsələsini həll edərkən qəyyumluq və himayə orqanının iştirakı təmin edilməlidir. Bir qayda olaraq, hər iki valideyn valideynlik hüququndan məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir. Lakin uşağı hər hansı qohumu övladlığa götürmək istədikdə bu zaman qəyyumluq və himayəçilik orqanının bu barədə müsbət rəy verməsi tələb olunur”.

 

Valideynlik hüququ o halda bərpa edilə bilər ki…

“Ailə Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən valideynlik hüquqları o halda bərpa edilə bilər ki, valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı və uşağın tərbiyəsinə münasibətləri dəyişsin. Bildirim ki, valideynlik hüquqlarının bərpası bu hüquqlardan məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən yalnız məhkəmə qaydasında həll edilə bilər və belə işə məhkəmədə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Məhkəmə valideynlik hüquqlarının bərpası işinə baxan zaman belə bərpanın uşağın mənafeyinə zidd olacağı qənaətinə gələrsə, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Əgər uşaq 10 yaşına çatıbsa, yalnız onun razılığı ilə valideynlik hüquqları məhkəmə tərəfindən bərpa edilə bilər. Lakin uşaq övladlığa götürülmüşsə və bu övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz”, – deyə N. Hüseynova qeyd etdi.

Sonda isə qeyd etmək istərdik ki, bizim nələri edib, edə bilməyəcəyimizin təyin olunduğu yer ailədir. Təməllər burada atılır. Evlilik yalnız uşaqların ana və ataları ilə yaşaması lazım olan bir ortam deyil. Bəzən radikal qərarlar verib boşanan şəxslər çox zaman uşaqları düşünmürlər. Onların bu davranışlarından sonra geriyə travmalar içində sevgisiz və hər şeyə meylli uşaqlar qalır. Ana və ataların bir-birləri ilə olan münaqişələri səbəbi ilə travmatik nəsillər yetişir…

Bütün bu neqativ halların yaşanmaması üçün ailənin düzgün qurulması vacibdir. Çünki sağlam gələcəyin təməli ailədir və onu müqəddəs bir yuva kimi qorumaq lazımdır, mütləq lazımdır… (aile.lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir