skripkaçı

“Atam qadın düşkünü olub” – MÜSAHİBƏ

Baxış sayı: 1. 952

Meyin ilk çıxışı doqquz yaşında baş tutmuş, on üç yaşında isə (1991-ci ildə) əsl sensasiyaya çevrilən ilk debüt diskini yazdırmışdı.Vanessa məşhur klassik parçalara yeni ruh qatır, onları fərqli tərzdə ifa edir, bununla milyonları öz pərəstişkarına çevirə bilir… Meyi, daha çox, dahi skripkaçı Nikkolo Paqanini ilə müqayisə edirlər. Onlar eyni gündə anadan olublar – 27 oktyabrda. Hərçənd 196 il fərqlə…

“İlk dəfə oğlanla iyirmi yaşım olanda görüşmüşəm”

Vanessanın dörd yaşı olarkən valideynləri ayrılırlar. İxtisasca pianoçu olan Meyin anası ingilis Qrem Nikolsona ərə gedir və Vanessanı özü ilə Böyük Britaniyaya aparır.

“Beş yaşım olanda skripkada çalmağı öyrənməyə başladım, – Mey xatırlayır. – Anam hər gün, ən azı, dörd saat məni skripka ilə məşğul olmağa məcbur edirdi. İstisnalar ancaq ad günümdə olurdu.

Anam deyirdi ki, onun mənə məhəbbəti musiqiçi kimi özümü necə təsdiq eləməyimdən asılıdır. Əslində, bu, insafsızlıq idi. Ancaq deyə bilmərəm ki, buna görə məndə hansısa komplekslər yaranmışdı, xeyr, belə deyildi.

Anam adımın “Ginnesin rekordlar kitabı”na düşməsini çox arzulayırdı. Şəxsən, bu, mənim üçün heç vaxt maraqlı olmayıb. Səkkiz yaşımdan günümün yarısını məktəbdə, digər yarısını isə məşqlərdə keçirirdim. On iki yaşımdan qastrol səfərlərinə çıxmağa başladım. Məktəbə iki həftədən bir, sonralar isə ümumiyyətlə, ayda bir dəfə baş çəkirdim. Anam məktəb yoldaşlarımla ünsiyyət qurmağıma da mane olurdu. O düşünürdü ki, onlar məni skripkadan yayındırırlar. İlk dəfə oğlanla görüşə 20 yaşımda çıxmışam.

Anam hətta bank hesablarıma, geyimimə də nəzarət edirdi. Evdə heç bir iş görə bilməzdim, əlimi yaralayaram deyə heç çörək də doğraya bilməzdim. Yanıma cangüdənlər də qoymuşdular, hər yerdə məni müşayiət edirdilər. Bu, dəhşət idi. Ancaq mən yenə də anama minnətdaram. O olmasaydı, mən bu qədər uğurlu musiqiçi olmazdım, buna əminəm…”

1999-cu ildə anasının onun şəxsi həyatına və karyerasına basqısından bezən Vanessa Mey anası, həm də meneceri olan Pamelanı işdən azad edir. Onlar həmin vaxtdan etibarən danışmırlar. Vanessanın anası qızının barışıq cəhdlərini israrla rədd edir: “Həyatımın Vanessa ilə bağlı hissəsi mənim üçün əbədi olaraq sona çatıb”.

Meyin heç atasıyla münasibətlərini də ata-qız münasibəti adlandırmaq olmaz…

“Atam həyatımdan on yaşımda yox olub. Çox-çox illər sonra peyda oldu və dedi ki, indi budda rahibidir. Mən çox təəccübləndim, axı o, həmişə qadın düşkünü olub. Sonra öyrəndim ki, müflisləşib və yanıma pul üçün gəlib. Buna görə o qədər əsəbiləşdim ki, neçə il onu görmədiyimə görə zərrə qədər peşmanlıq hissi keçirmədim…”

İndi Vanessa ən isti, ən səmimi hissləri nənəsinə və atalığı Qrem Nikolsona qarşı keçirir: “Qrem məni, həqiqətən, sevirdi və dəstəkləyirdi…” Mey indiyə qədər onu atası adlandırır.

Nikah mənim üçün xüsusi bir önəm daşımır…

Vanessa Meyin həyatı 1999-cu ildə Lionel Katalonla tanış olduqdan sonra kökündən dəyişir:

– Lionelə rast gəlməmişdən öncə indiki kimi müstəqil deyildim. Mən heç mağazadan adi süd ala və kömək olmadan yolu keçə bilmirdim. Lionel böyüməyimə yardım elədi. Bizdə hər şey ciddidir. Mən oğlanlarla boş-boşuna vaxt keçirən və ya sevgi təcrübəsi yığmaq üçün onlarla görüşən qızlardan deyiləm. Lioneli sevməsəm, onunla bu qədər müddət yaşamazdım…

2006-cı ildə 70 milyon dollarlıq sərvətə sahib olan Vanessa Meyin adı otuz yaşdan gənc ən varlı Britaniya musiqiçilərinin siyahısına başçılıq edir:

 “Uşaqlıqda anamdan soruşurdum: “Hər gün qara kürü yemək üçün nə qədər pul almalıyam?…

Pulu qazanmağın yollarını bilirəm, ancaq pulla davranmağı qətiyyən bacarmıram. Əvvəllər mühasib saxlayırdım, ancaq onlar məni aldadırdı. Xoşbəxtlikdən, pul hərisi deyiləm…”

Asiyalı gözəl özünü seks-simvol hesab etmir:

“Çirkin olmadığıma görə məni seks-simvol adlandırırlar. Musiqini satmaq üçün xarici görünüşümdən istifadə edilməsindən isə xoşum gəlmir. Bəzən ifa etdiyim musiqi tərzini tənqid edirlər. İddia edirlər ki, mən klassikaya dəyişiklik edirəm. Düz deyirlər. Ancaq mən yalnız səslənmədə dəyişiklik edirəm, buna rəğmən, bir notu belə dəyişmirəm. Öz sənətimlə mən insanlara skripkanın keçmişdə qalmadığını sübut eləmək istəyirəm…” (1937.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir