nuray

Atasının himayəyə götürmək istədiyi Nurayın taleyi necə olacaq?

Baxış sayı: 171

Bir neçə gündür 10 yaşlı qızcığaz Nuray Bayramzadənin məhkəmədə zorla xalasından alınıb atasına verilməsi haqqında sosial şəbəkələrdə yayılan video müzakirə obyektinə çevrilib. Kadrlarda məhkəmə icraçılarının Nurayın istəyinə zidd olaraq xalasından zorla alınması, uşağa qarşı kobudluq göstərilməsi, atanın qızının pis vəziyyətə düşməsinə məhəl qoymadan aqressiv davranması öz əksini tapıb.

2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü deyib ki, xalası ilə birgə qalmaq istəyir. İlk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur. Məhkəmə icraçıları isə uşağın dediklərinə əhəmiyyət verməyərək, onu zorla atasına veriblər.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb. Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba RİH-in üzvləri iştirak edib. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.

Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırır) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın 10 yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

N.Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba Rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apellyasiya Məhkəməsinin və 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N.Bayramzadə baş verənlərdən ağır stress keçirib: “Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin  ona mənfi təsir edəcəyi barədə rəy verib”.

Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: “Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən  dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.

“Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi zamanı yaşanan qalmaqalla bağlı hazırda araşdırma aparılır”. Bu barədə isə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, proses araşdırıldıqdan sonra nəticəsi barədə müvafiq tədbirlər görüləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək. “Ortada konkret məhkəmə qərarı var və məhkəmə qərarının icra olunma prosesinin yekun nəticələri xidməti yoxlamadan sonra bəlli olacaq. Kimin günahı varsa və ya hansısa formada müdaxilə olunubsa, onlarla bağlı müvafiq tədbirlər görüləcək”.

Hüquqşünas Aynur Musayevanın “Ekspress”ə bildirdiyinə görə, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir: “Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Göründüyü kimi, övladın hər hansı valideynin himayəsinə verilməsi məsələlərinə baxılarkən 10 yaşına çatmış uşağın mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Məhkəmə qərarının icrasına gəlincə, vurğulamaq lazımdır ki, icra məmuru tərəfindən icra hərəkətləri məhkəmə qərarı və məhkəmə tərəfindən verilmiş icra sənədinə əsasən həyata keçirilir. Belə ki, bu halda icra qurumu mövcud məhkəmə qərarını icra edir, məhkəmənin göstərişlərini yerinə yetirir. İcra mərhələsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu şəraitində mümkündür. Yəni icra məmuru artıq qanuni qüvvəsini almış məhkəmə aktını icra edir”,- deyən həmsöhbətimiz bildirib ki, uşağın mənafeyinin müəyyənləşdirilməsi, onun fikrinin nəzərə alınması, ailədəki vəziyyət, konkret işdə olan diqqətlayiq hallar məhz məhkəmə tərəfindən məhkəmə araşdırması mərhələsində araşdırılır. İcra bunun nəticəsidir. İcra mərhələsi araşdırmanı yox, araşdırmanın nəticəsi olan məhkəmə aktının icrasını nəzərdə tutur. Bütün araşdırmalar məhkəmədə aparılmalı, tərəflər narazı qaldıqda məhkəmə qərarından şikayət verə bilərlər. “Şikayətin verilmədiyi və ya şikayət etmə vasitələrinin tükəndiyi hallarda qərar qanuni qüvvəsini alır və icraya yönəldirlir. Qanuni qüvvəsini almış qərarın icrası hamı üçün məcburidir. Onun icra olunmaması şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır”.

A.Musayeva deyib ki, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri verildikdə və ya məhkəmə aktında verilmiş şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edildikdə icra mərhələsində icra hərəkətləri məcburi qaydada dayandırılır.

Psixoloq Vəfa Rəşidovanın qəzetimizə dediyinə görə, məhkəmədə qızın zorla alınıb atasına verilməsi və atanın aqressiv davranışı Nuraya bütün həyatı boyu unuda bilməyəcəyi zərbəni vurdu, olduqca qorxulu anlar yaşatdı: “Həmin qızın qoruyucu ata obrazı düşüncələrində darmadağın oldu. O balaca qızcığazın həyatının gələcək dönəmlərində atasının timsalında qarşısına çıxan, onu sevən, ona dəyər verən kişilərdən alacağı qisas az olmayacaq”.

V.Rəşidova qeyd edib ki, uşaq bir himayədardan alınıb başqasına veriləcəksə, onu buna hazırlamaq lazımdır: “Uşağın buna psixoloji adaptasiyası olmalıdır. Uşağı birdən-birə alıb başqasına verirlərsə, uşaq onu nə gözləyəcəyini, himayəsində olacağı insanın onunla necə rəftar edəcəyini bilmir. Uşağa qarşı bunu gözlənilmədən etmək, sevdiyi bir insandan qoparıb başqasına vermək doğru olmayan hərəkətdir”.

Dediyinə görə, uşaqlar stressə davamiyyətsizdir: “Uşaqlar həyatın bərkinə-boşuna düşməyiblər, eyni zamanda da çox həssasdırlar. Uşağı himayəsində olduğu insandan zorla alınıb başqasına verilməsi ona altından çıxa bilməyəcəyi ağır travmalar yaşadır. Uşaqlıq dövründə yaşanan xoşagəlməyən hadisələr, məcbur etmə halları unudulmur. Uşaq bunu yaşayıbsa, ömrü boyu nəsə ona bu hadisələri xatırladacaq.

Uşaq aldığı travmaları həyatı boyu başqa situasiyalara, başqa insanlara yansıdacaq. Bütün insanları onu anlamayan tərzdə qəbul etməyə başlayacaq. Belə uşaqlar güvəni sarsılmış insan kimi formalaşır”.

Həmsöhbətimiz bildirib ki, uşağın öz fikirləri, seçim hüquqları var: “Valideynlər, qohumlar, müəllimlər hər bir uşağın fikrinə hörmətlə yanaşmalıdır. Uşağın fikri nəzərə alınmalıdır”.

Qeyd edək ki, Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov bu məsələ ilə bağlı açıqlama verib: “Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

Ə.Bayramovun sözlərinə görə, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb: “Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib: “Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O, vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

O qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub: “Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

Nurayın xalası Mehriban Eldarova isə bildirib ki, bacısı Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub: “2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq. 2010-cu ildə bacım uzun sürən xəstəlikdən sonra vəfat edib. 2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.

Onun sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atasının əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir