toy

Avropasayağı, yoxsa adət-ənənəyə uyğun?

Baxış sayı: 1. 327

– Ayə, bu toydur, burda neyləmək lazımdır?

– Oynamaq.

– Nətər oyanayaq ey, səs o yandan gəlir, çalğıçılar da bu tərəfdə oturub.

 

Bu fikirlər çoxlarımızın sevə-sevə izlədiyi “Bəyin oğurlanması” filmindəndir. Yəni toyda oynamaq, əylənmək, xoş günün sevincini yaşamaq lazımdır. Amma nətər oynayasan, bir tərəfdən toy-nişan xərclərini, boş masa qalıb-qalmamasını düşünürsən, digər tərəfdən də xoş günü.

Toy adətlərimizin ağırlıq məsələsi əslində, zaman-zaman müzakirə mövzusu olur, bu mövzuda ictimai sferada aktiv olan şəxslər öz fikirlərini bildirirlər. Bəs gənclər toy adətlərimizlə bağlı nələri düşünürlər? Nələrdən imtina etmək istəyirlər, nələrdən yox?

Valideynlər gənclərin xərcini artırır

Müəllim Əfsanə Cənnətəliyevanın toy adətlərimizdə bəyənmədiyi nüanslar da var, imtina etmədiyi də: “Elçilik, nişan kimi adətləri, bu mərasimlərdə çox adamın olmasını sevmirəm. Ayrıca nişana ehtiyac görmürəm, amma nikah mərasimi xoşuma gəlir, bunun toydan ayrı olmasını istəyərəm. Toydan imtina etmərəm, qız-oğlan toyu bir yerdə olsa, daha yaxşıdır. İki dəfə toy etməyə ehtiyac yoxdur, çünki bu, daha çox xərc olar. Xına mərasimini ayrıca keçirmək də xərcdir, sadəcə bir adət kimi toyun içində olsa, yetər. Qız tərəfin oğlan evindən qızıl tələb etməsi, oğlan evinin mebellərə qarışması mənə xoş gəlmir. Yəni kimin gücü nəyə çatırsa, onu etsə, yetər. Qızıldansa, istirahətə getməyi seçərəm. Yaxud cehizin içində bir şkaf olur, onun içini görüntü üçün qab-qacaqla doldururlar. O qabları silmək də vaxt aparır, onun yerinə başqa işlər görmək olar. Ehtiyac olan şeyləri almaq bəs edər”.

Əfsanə deyir ki, valideynlərlə evlənən cütlüklərin sözü üst-üstə düşməyəndə gənclər iki toy etməyə məcbur qalırlar: “Artıq bu halı çox görürük. Gənclər valideynlərin istəyi ilə adət-ənənələrə uyğun bir toy edirlər, bir də öz dostlarının, gənclərin iştirak etdiyi avropasayağı. Avropasayağı toyu nikah gününə salırlar, yaxın dostlarını dəvət edirlər, özləri üçün əylənirlər. Valideynlər bir növ gənclərin xərcini artırır (Gülür).

Pul yazdırmaq olmamalıdır

Bank işçisi Zamiq Təhməzov deyir ki, toylarımızda ilk olaraq pul yazdırmaq adətinin yığışdırılmasının tərəfdarıdır: “Toylarda yemək-içmək tərəfi daha öndə olur, insanlar toyun əyləncə hissəsindən çox, bu tərəfinə fikir verirlər. Toyda yemək bir az zəifdirsə, bunu söz edənlər də az olmur. Fikir versək görərik ki, menyudakı yeməklər süfrəyə gəlib qurtarandan, yəni yeyib-içəndən sonra çox adam gedir, ən yaxın adamlar qalır. Bu baxımdan düşünürəm ki, toyların adət-ənənəsi dəyişməli və toya ən yaxın qohumlar dəvət olunmalıdır. Pul yazdırmaq isə olmamalıdır.

Toyda cehiz məsələsi qız evinə, qır-qızıl almaq da oğlan tərəfinə baha başa gəlir. Burda bəzən ifrata o qədər gedilir ki, düşünəndə gülməli gəlir. Bir çox hallarda toydan borc qalır, alınan qızılları elə toydan bir neçə gün sonra satmağa məcbur olurlar (Maddi durumu yaxşı olanlar istisnadır). Əgər bu, satılacaqsa, bu qədər yükün altına girmək nəyə lazım? Toy adətlərimizdə artıq xərclər çoxdur. Təəssüf ki fikirlər çox vaxt eyni olmur, ailə quran gənclərin düşüncələri valideynlərin fikirləri ilə üst-üstə düşmür. Bizim hər şeyi birdən-birə dəyişməyimiz də çətindir, çünki valideynlərin düşüncələri ilə getməyə məcburuq. Mən öz övladlarım üçün daha fərqli düşünəcəm”.

Nişan üzüyü olsa, yetər

Aparıcı Sevinc Xanqızının da bu mövzuda ürəyi doluymuş: “Məsələn, toy şadlıq evində 400-500 nəfərlik zalda olmaya da bilər. Hay-küylü toyu sevmirəm. Mən daha sakit, təbiət qoynunda, yaxud hansısa oteldə daha az və daha doğma adamların iştirakı ilə edilən toyun tərəfdarıyam. Üstəlik, xonçalar da mənə maraqlı gəlmir. Çünki bu adət artıq mahiyyətini itirib və görüntü xarakteri daşıyır. Toyda çox qızıla da ehtiyac görmürəm, nişan üzüyü olsa, yetər. Qızıl-brilliantla xoşbəxtlik olmur. Nişanlılıq müddəti uzandıqca bayramlarda hər iki tərəfə düşən xərclərə də ehtiyac görmürəm. İmkan olduğu təqdirdə etmək olar, amma hər kəs ayağını yorğanına görə uzatmalıdır. Mənə görə sadə şeylər daha gözəldir. Səyahət etməyi sevirəm, o əlavə xərclərin qarşılığında cütlüklər sevdikləri, həzz aldıqları şeylərə pul xərcləyə bilər”.

Öz toyunda bu arzularını nə dərəcədə reallaşdırmasına gəlincə, Sevinc bildirdi ki, bunu zaman göstərəcək: “Ailə quracağın insanın ailəsinin necə olacağını öncədən bilmirsən. Öz evimizin içində dəyişə bilmədiyimiz elə şeylər var ki, onunla bağlı başqasından anlayış gözləyə bilmərik. Mən müəyyən qədər o sterotipləri qırdığımı düşünürəm, amma qeyd etdiyim məqamlarla bağlı gərək həm mənim, həm də qarşı tərəfin valideynlərini razı sala bilək. Çünki valideynlərin toya yanaşması başqadır, “filankəs məni niyə övladının toyuna çağırmadı?” deyib inciyən qohum-əqrəba çox olur. Bu kimi şeylərə görə qarşıma çıxan bəyin dünyagörüşü, həyata baxışı mənim üçün önəmlidir. Tək mən adətlərdən imtina etsəm, bunu valideynlərin qəbul etməsi çətin olar, amma evləndiyim adamla bir yerdə valideynlərə “biz belə qərara gəlmişik” desək, məncə, razı sala bilərik”.

Qızılın yerinə maraqlı dizaynda gümüş də ola bilər

Jurnalist Amin Nəzərli son vaxtlar dəb halını alan fotosessiya və əvvəldən qurulmuş bəy-gəlin rəqsinə ehtiyac görmür: “Toyqabağı rəqs məktəbində cütlüklər hansısa mahnı üzərində rəqs hazırlayıb toyda təqdim edirlər. Buna xeyli pul xərclənir və qarşılığında da süni rəqs alınır. Bir də toyqabağı fərqli geyimlərdə, fərqli məkanlarda fotosessiya etdirmək mənə maraqlı gəlmir. Düşünürəm ki, onun yerinə evlənən cütlüyün toydan əvvəl özləri tərəfindən çəkilən şəkillərindən ibarət bir video yığılsa, kifayət edər. Bir də toy vaxtı çəkilmiş, lazımsız fotolardan yığılmış fotoalboma ehtiyac görmürəm”.

Amin toyda alınan qızıllara qara günün yatırımı kimi baxılmamasının tərəfdarıdır: “Ümumiyyətlə, gəlin üçün alınan qızılları, cah-cəlalı lazımsız bilirəm. Metalın hansı növ olması, maddi dəyərinin az, ya çox olması məncə, şərt deyil. Qızılın yerinə maraqlı dizaynda gümüş də ola bilər. Bizdə toyda alınan qızıllara dar günün yatırımı kimi baxırlar, amma ona xərclənən pula gənclər səyahətə getsələr, daha yaxşı olar, nəinki qır-qızılı evə yığmaq”.

Bunları öz toyunda tətbiq etməyə gəlincə, Amin bunları söylədi: “Foto və rəqs hissəsində dediklərimi öz toyumda tətbiq edəcəm, amma qızıl məsələsini qarşı tərəfə qəbul etdirməliyəm. Alınsa edəcəm, alınmasa, toydan sonra aldığımız qızılları satıb istirahətə çıxa bilərik (Gülür)”.

Ən rahatı rəsmi nikahdır

Magistr tələbə Ənvər Məmmədli rəsmi nikahın tərəfdarıdır: “Ümumiyyətlə, mən toya qarşıyam, ən rahatı rəsmi nikahdır. Ondan sonra ailələr və yaxın dostlarla birlikdə kiçik bir qonaqlıq olsa, yetər. Qız tərəfindən cehiz verilir, oğlan da qır-qızıl almalıdır və s. belə adətlər çox xərc aparır. Əslində ola bilər, normaldır, ancaq düşünürəm ki, bunların yerinə iki gənc birlikdə bir plan cızsa və ona uyğun hərəkət etsə, daha yaxşı olar”.

Ənvər deyir ki, ailə quracağı xanımı bu məsələdə razı salmaq onun üçün çətin olmaz, amma valideynlərlə bağlı məsələ bir az qəlizdir:  “Valideynlərin “camaat nə deyər” prinsipi ilə hərəkət edib, mənimlə razılaşmamaq kimi tərəfi də var. Onları razı salmağa təbii ki çalışaram, amma böyük ehtimal onları razı sala bilməyəndə, adət-ənənələri yerinə gətirməkdən başqa yol görünmür. Əgər hər ikimizin valideynləri mənimlə razılaşsa, seçimi bizə buraxsalar, amma qarşımdakı insan “yox” desə, ona izah edərəm və həmin insanla birlikdə yola çıxmağı qərara almışıqsa, onu razı sala biləcəyimi düşünürəm”.

Toy adətlərimizin yeri başqadır

Aktrisa Günay Pirizadə isə toylarımızdakı adət-ənənələrin qorunub saxlanmasının tərəfdarıdır: “Hər bir xalqı bir-birindən fərqləndirən xüsusiyyətlərdən biri də adət-ənənələridir. Bunların içərisində toy adətlərimizin yeri başqadır. Avropaya interqasiya edirik deyə, adətlərimizi unutmamalıyıq. Toylarımız çox maraqlı keçir, uzun müddət görmədiyimiz qohum-tanışlarla bir araya gəlirik. Toy ailənin şad günüdür. Bircə yeməklərin həddindən artıq çox olmasının tərəfdarı deyiləm. Onsuz da onların hamısı yeyilmir. Amma “Xına” mərasiminin, gəlin evdən çıxanda belinə qırmızı lent bağlanmasının, çıraq ətrafına fırlanmasının, güzgü aparılmasının tərəfdarıyam”.

 

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir