15050135_10154682450377445_581419311_n-512x400

Avroviziya, dəb ardıcıllığı və futbol sevdası…

Baxış sayı: 769

1992-ci il. TRT-1 Azərbaycanda yenicə yayımlanmağa başlamışdı, may ayı idi. Bütün Türkiyəni “Avroviziya” həyəcanı bürümüşdü. TRT də, bilavasitə iştirakçı TV şirkəti olaraq yüzqat təbliğat aparırdı. Məsələ milli məsələ idi. Türkiyə illərdi ki, yarışmada iştirak edir, birinci olmaq nədir, heç ilk 10-a da girə bilmirdi. Elə həmin il də elə oldu. Biz də ilk dəfə “Avroviziya” adlı bir yarışma olduğunu o vaxt eşitdik, ilk illər alışqanlıqla Türkiyəyə azarkeşlik etdik və hər keçən il bu sual daha çox səslənməyə başlad I – biz niyə bu yarışmada yoxuq…

1997-ci il. Türkiyə Şəbnəm Pakerin Dinlə mahnısı ilə yarışmada 3-cü yeri tutdu və bu hal nəinki Türkiyədə, ölkəmizdə də çox əlamətdar hadisə kimi qarşılandı. Bir az irəli gedib deyim ki, həmin mahnı Türkiyənin “Avroviziya”ya çıxardığı ən yaxşı mahnılardandır. Maraqlananlar video paylaşma saytlarından dinləyə bilər. Təəssüf ki, həmin müğənni inkişaf edən pop-musiqinin içində itib batdı və ondan sonra bir daha eşidilmədi.

İllər keçdi, 2003-də Türkiyə “Avroviziya” 1-cisi oldu, 2008-ci ildə Azərbaycan ilk dəfə iştirak etdiyi yarışmada 8-ci, daha sonra 3-cü, daha daha sonra da birinci oldu. Və sonra hər sahədə olduğu kimi, dəbi çox sevdiyimiz kimi unutmağı da çox sevdiyimiz üçün cəmiyyət özü özünə  bu yarışmanın çox da əhəmiyyətli bir şey olmadığına qərar verdi. Bir ara, Sertap Erener Avroviziya 1-cisi olmazdan öncəki illərdə Türkiyədə ziyalı çevrələrdə belə bir fikir dolanırdı – bəlkə heç bizə Avroviziya lazım deyil! Biz bu məsələni önəmini sanki bir az çox şişirdirik. Doğrudan da eləymiş. Bir dəfə birinci olduqdan sonra hər keçən il bu yarışma qardaş ölkədə də populyarlığını itirdi və məhz bizim 1-ci olduğumuz yarışda Türkiyə iştirak etmirdi.

İndi oxucu deyə bilər ki, heç hənanın yeridi! Oktyabr ayı hara, Avroviziya hara…?!

Futbol. 5 oktyabr 2017 – Azərbaycan-Çexiya. Azərbaycan rəqib meydanda çox ağıllı oyunla bərabərə qaldığı Çexiyanı Bakıda qəbul edir. Rəşad Sadığovun son oyunu. İlk dəfə millimiz qrupu 3-cü yerdə başa vura bilər. Bunları niyə yazıram Yəni motivasiya bizdə, meydan bizdə, hava əla. Bir çatışmazlıq var – tamaşaçı. Onun da səbəbini futbol federasiyası, zəhmət olmasa, əvvəlki beynəlxalq oyunların təşkilatçılığında axtarsın. Çempionlar liqasının son iki oyununa gələn tamaşaçı dostlarımın hamısı bir daha stadiona gəlməyə tövbə ediblər – stadiona bir gələ bilən sevinir, bir də stadiondan çıxa bilən. Bir də ki, oyunun anonsu, reklamı, təbliğatı yetərincə deyildi məncə.

Oyunun texniki məqamlarına girmək bizə düşməz, amma yenə də deyirəm, bu komandanı Berti Foqts yaratmışdı, savadlı oynamağı o öyrətmişdi, onun gedişindən sonra da komandada gerilik özünü göstərməyə başladı. Komandamızda məhz motivasiyanın olmaması açıq-aşkar hiss olunurdu. Bu oyunu seyr etdikcə ağlıma müəyyən fikirlər gəldi ki, ertəsi gün Türkiyə -İslandiya matçında həmin fikirlər daha ağır hiss edildi.

Oyun haqqında danışmazdan öncə onu deyim ki, 5 il Türkiyədə tibb sahəsində aldığım ixtisas təhsili zamanı bunu gördüm – işə belə bir yanaşma var – sən işini lazım olduğu şəkildə gör, öz üzərinə düşəni tam et, nəticə arzuolunmaz olsa da, sənə gözün üstdə qaşın var deyən olmaz. Amma futbolda bunun tərsini görürük – bu gün futbolçu və ya məşqçi dəvət edib, sabah ondan nəticə gözləyirlər. Halbuki, futbol ən gec nəticə göstərən bir industriya sahəsidir.  Yaxşı ki, qardaş ölkədə tibb sahəsindəkilər futboldakından daha uzaqgörəndirlər, kaş hər ölkədə belə ola.

Bir az oyun haqqında.

80 milyonluq Türkiyənin yığma komandası 350 minlik ölkəyə uduzdu. Barselona, Dortmund, Türkiyə liqası kimi bahalı klublarda oynayan milyonluq oyunçular yarı-həvəskar futbolçulara uduzdular.

Hər dəfə hər məğlubiyyətdən sonra türk mediası türk futbolunun dərin problemlərindən danışır, amma bu dəfə məncə bir kəlmə ilə demək olar ki, oyuna köklənmə və tatktika yanlış idi. Amma yenə də məqsədim oyun haqqında yazmaq deyil, ümumiyyətlə futbola qarşı yaranan fərqli bir baxış bucağını bildirmək istəyirəm.

Oyuna baxanda açıq aşkar demək olar ki, futbol Vikinqlərə yaraşırdı. Türklər heç topa yaxın düşə bilmirdilər. Amma 3-4 türk müdafiəçisinin arasında qalan İslandiyalılar isə 2 metrlik ayaqları ilə topu bir toxunuşla qapıya uçura bilirdilər. Onda belə qənaətə gəlirik ki, doğrudan da genetik olaraq bizlik deyil bu oyun.

Deyirəm, bəlkə futbol heç bizə aid oyun deyil! Niyə onu oynamalıyıq axı biz! Niyə bu xoruz döyüşdürmə yarışına girməliyik! Niyə bu qədər pul, əsəb bu yolda xərclənməlidir! Bu dəfə mən deyirəm – niyə də yox!

Amerika Birləşmiş Ştatları hər sahədə dünyaya meydan oxuyur, futbolda yarışma qazanmır, ölmür ki. Yaponiya bəs? Çinin 2 milyard, Hindistanın 1 milyard əhalisi var, futbolda yoxdurlar, ölmürlər ki. Futbolu oynayır bir Avropa, bir də Latın Amerikası. Biz niyə özümüzü onların yanına qoymalıyıq?! Yunanıstan bir dəfə zar-zor Avropa çempionu oldu, ondan sonra buraxdı bu işi. 1-2 dəfə də biz olsaydıq, rahatlaşardı hamı.

1990-larda Avroviziyanı milli məsələ halına gətirən türklər onilliklərdi ki, bu futbol məsələsini milli məsələ kimi hər məclisdə danışırlar. Amma millətin həqiqi məsələləri heç bu qədər müzakirə olunmur.

Tam da bu düşüncələrdə ikən sosial şəbəkədə bir paylaşım diqqətimi cəlb etdi, öz hesabımda paylaşdım, bir də burda olduğu kimi vermək istəyirəm.

 

İslandiyadan 3 qol yedik deyə millət əsəb krizlərinə girmiş. “Necə olur da 300 min kişilik ölkə bizə öz sahəmıizdə 3 çəkər” imiş.

İslandiyada minimum əmək haqqı 2600 USD, səndə 397 USD

İslandiyada ortalama yaşam sürəsi 82 il, səndə 73 il.

Sənin çocuğun universitetə girmək üçün 6 yaşından etibarən yarış atı kimi imtahanlarla boğuşur, sən kitabxana, kurs, özəl müəllim və s.-yə ovuc-ovuc para tökürsən. İslandiyalının çocuğu litseyi bitirəndən sonra, Tibb kimi bir neçə sahədən başqa, istədiyi universitetə əlini-qolunu sallaya-sallaya girər.

Sən hər gün 3-5 övladını şəhid deyerek torpağa verirken, İslandiya ən son 2-ci dünya savaşında əsgərr itirmiş.

Sözün qısası, sən;

“mən eşşək kimi çalışmağıma  baxmayaraq nədən İslandiyalının altıda biri qədər qazanıram?”

“Hərifdən nədən 10 il daha az yaşayıram?”

“Hərifin çocuğu istədiyi universitetə girərkən mənim çocuğumun oxumak üçün nədən canını çıxarırlar?”

“Hərifin oğlu uçağın VIP bölümündə dünyanı gəzərkən nədən mənim oğlumun cənazəsi kargo bölümündə evinə yollanır?”ı dərd etməyib də üç qol yedim deye çıldırırsansa, əff et, amma geri zəkalısan, gözəl qardaşım.

K.BAHADIR

 

Milləti millət edən, milləti dövlət edən elmdir, təhsildir, univeristetlərdir. Mİlləti özünə inamlı edən, başqasına möhtac olmağa qoymayan kənd təsərrüfatıdır. Milləti dünya bazarına çıxaran sənaye istehsalıdır. Futboldu, yarışmadı, şoudu, bunlar reklam çarxlarıdır, bunlar müvəqqəti, günü qurtaran işlərdir. Bu gün dəbdədir, sabah dəbdən düşəcək. Amma elm həmişə dəbdədir.

Gedək, kitab oxuyaq.

Həkim Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir