masin

Avtoledilərə kişi məsləhəti

Baxış sayı: 1. 624

Bu gün sükan arxasındakı qadın artıq müasir kişilərin təəccübünə səbəb olmur. Şəxsi avtomobil sahibi olan xanım cəmiyyət üçün tam normal haldır. Bəziləri avtomobildən yola sərf etdiyi vaxtı qənaət etmək və təyin olunmuş məntəqəyə tez və rahat çatmaq üçün istifadə edir, bəziləri şəhərkənarı gəzintilər üçün, bəziləri isə sırf zövq aldıqları üçün.

İndi isə xanımlarımıza kişi sürücülərimizin məsləhətlərini nəzərinizə çatdırırıq. Xanımlarımızdan xahiş edərdim ki, buna sadəcə yumorla yanaşsınlar.

1)  Evdən çıxmamışdan qabaq sürücülük vəsiqəsini və maşının sənədlərini tapın. Birdən DYP-nin inspektoru centlmen olmaya bilər və sizin sözünüzə inanmaz. Sənədlər sadalanan yerlərdən birində olacaq: çirkli paltarların arası, axırıncı oxuduğunuz roman, telefon stolu, kosmetika yeşiyi, yoldaşınızın paltosu, uşağınızın məktəb çantası.

2)   Avtomobilə yaxınlaşan zaman ilk öncə siqnalizasiyanı söndürün, daha sonra maşının qapılarını açın. Əgər səhv saldınızsa və maşınınız ac kişi kimi qışqırırsa, həyəcanlanaraq ətrafdakı insanlara öz hərəkətlərinizlə bu maşının sizə aid olduğunu sübut etməyə çalışmayın. Nə olsun ki, avtomobilin qeydiyyatı qayınatanızın adınadır. Sadəcə siqnalizasiyanı söndürün və sükan arxasında əyləşin.

3)  Avtomobili hərəkətə gətirən zaman güzgüdə saçlarınızı düzəltməyə ehtiyac yoxdur. Bunsuz da avtomobil işə düşəcək.

4)  Açarı çevirirsiniz, lakin avtomobil işə düşmürsə, qışqırmağa ehtiyac yoxdur. Yəqin akkumulyator yatıb. Akkumulyator – bu, kapotun altında yerləşən ağ (qara) rəngli iri bir əşyadır. Kapot – avtomobil rəngində olur, ön şüşənin aşağısından başlayır və avtomobilin bir hissəsini əhatə edir. O, yanınızda – aşağıda olan dəstəyin köməyi ilə açılır. Ön şüşə – kapot qurtaran yerdən başlayır və sırf sizin saç düzümünüzü küləkdən qorumaq üçündür.

5)  Yerinizdən tərpənən zaman dodaq boyanızın pozulub-pozulmadığını yoxlamaq üçün arxanı göstərən güzgülərə baxmaq lazım deyil. Əgər belə vəziyyətdə divara dəysəniz, sonra bütün həftə boyu ərinizi təzə fara almaq üçün yola gətirməlisiniz.

6)  Yolda qarşıdakı digər maşınlara baxmaq lazımdır, şampun reklamı olan tabloya yox.

7)  Unutmayın ki, bəzən avtomobilə ümumi baxış keçirmək lazımdır. Yoldaşınızdan fərqli olaraq, o zərifdir. Nəsə problem olan zaman avtomobil yoldaşınız kimi qışqırmayacaq.

8) Əgər siz görürsünüzsə ki, DYP-ın inspektoru sizə öz zolaqlı çubuğunu yelləyir, nəzərdə tutun ki, bu heç də gözəl avtomobildə zərif qadın görmə heyranlığının ifadə üsulu deyil. Bu zaman siz maşını saxlamalısınız. Əks halda o inciyə bilər. Ona görə dayanın və gözləyin ki, nə vaxt sizə yaxınlaşacaqlar.

Bir çox kişilərimizin xanımlara məsləhəti isə belə oldu: “Qadınlara məsləhət görərdim ki, maşın sürməsinlər”.
Belə ki, bu bəzi kişilərimizin fikirləri idi. İndi isə hələ yeni-yeni təcrübə sahibi olan xanımlarımıza professional sürücülərimizdən məsləhət:

•    Əgər təyin olunmuş müddətdə sürücülük qaydalarını və hərəkəti tam öyrənə bilmirsinizsə, özünüzə inamı itirməyin. Çünki çox az hallarda qısa zamanda maksimum keyfiyyət əldə etmək olur;

•    İlk vaxtlar mobil telefonunuzu ya söndürün, ya da ki, səssiz rejimə qoyun. Çünki diqqətiniz dağıla bilər;

•    Əgər görmə qabiliyyətiniz aşağıdırsa, kontakt linzalardan istifadə edin. Çünki kontakt linzalar optik eynəklərdən daha yaxşıdır. Ən azından gözünüzdə sizə mane olan heç nə yoxdur.

•    Dikdaban ayaqqabı yeni başlayanlar üçün heç də yaxşı variant deyil. Belə ki, düzgün geyinmək lazımdır.

•    Təhlükəsizlik kəmərini mütləq bağlayın, hətta bağlanmamış kəmərin bir çox insanların həyatını qurtardığını bilsəniz də. İnanın, qəza zamanı bağlanmış kəmərin sayəsində qurtulan həyatlar daha çoxdur.
Beləliklə, sürücülük vəsiqəsini aldınız. İlk olaraq telefonunuza hər ehtimala qarşı kömək üçün müraciət edə biləcəyiniz avtoservisin və dostlarınızın nömrəsini qeyd edin.
Əgər avtomobiliniz xarab olubsa, siz heç bir müdaxilə edə bilmirsinizsə, qəza siqnallarını yandırın, işarə qoyun və sakitləşin. Ola bilər ki, siqnal versinlər və ya xoş olmayan sözlər deyilsin. Əsla fikir verməyin. Heç kim birdəfəlik sükan arxasında doğulmayıb.

Daha bir neçə məsləhət:
•    Dumanda faralardan başqa, qəza faralarını da yandırmaq lazımdır – onların yanıb-sönən işıqları daha yaxşı nəzərə çarpır. Bu yol-nəqliyyat hadisəsindən qaçmağa kömək edir.

•    Əgər sizin avtomobiliniz qəflətən quru yoldan sürüşkən və ya yaş yola çıxıbsa, həmin sürətlə və həmin trayektoriya ilə hərəkət edin. Əgər tormozlama mütləqdirsə, bunu birdən yox, yavaş-yavaş sürəti azaldaraq edin.

•    Arxaya doğru hərəkət zamanı güzgülərdən istifadə etməyin. Geri çevrilin, əks halda arxada dayanan insanı görməyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir