masin

Avtomobil bazarında qiymətlər nə yerdədir?

Baxış sayı: 838

“2022-ci ilin yanvarın 1-dən Azərbaycana idxal olan ekoloji cəhətdən təmiz avtomobillər əlavə dəyər vergisindən azad olunub. Həmçinin, mühərrik həcmi 3000 kubsantimetrdən yüksək olan avtomobillərə görə alınan aksiz vergisi də artırılıb. Bu azadolmadan sonra ölkəmizə distribütorların gətirdiyi yeni hibrid avtomobillərin qiymətlərində enmələr müşahidə edilir”.

Bu sözləri ekspert Eldəniz Cəfərov avtomobil bazarındakı vəziyyətlə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, bununla da qiymət balanslaşdırılması aparılır:

“Deməli, mühərrik həcmi 3000 kubsantimetrdən böyük, istehsal tarixi 7 ildən çox olan avtomobillərin də rüsumları yüksəldilib. Bugünkü Azərbaycan avtomobil bazarını götürsək, həm yeni, həm də köhnə avtomobillərin qiymətləri hazırda stabil olaraq qalır. Yanvar ayına nisbətən fevral ayında qiymətlərin kəskin artması müşahidə edilməyib. Düşünürəm ki, ən azı bu ilin may ayının sonuna qədər qiymətlər stabil olaraq qalacaq. Qiymətlərdə kəskin artım və ya azalma müşahidə edilməyəcək”.

Ekspert bildirir ki, hazırda vətəndaşlar daha çox qənaətcil avtomobillərə üstünlük verirlər:

“İkinci əl, eyni zamanda yeni avtomobil bazarında tələbat daha çox mühərrik həcmi 1200 kubsantimetrdən 2000 kubsantimetrə qədər olan maşınlaradır. Bura biz həm sedan, həm də krasover avtomobilləri aid edə bilərik.

Qeyd etmək lazımdır ki, 2022-ci il ərzində Azərbaycanda trenddə mini krasoverlər və krasoverlər olacaq. Ölkəmizə daha çox hibrid və elektrik avtomobillər idxal olunur. Əhalimiz də daha çox belə ekoloji təmiz maşınlara üstünlük verirlər. Yeni avtomobil almaq istəyən vətəndaşlarımız ilk növbədə hibrid avtomobilləri ilə maraqlanır. Daha sonra isə benzin və dizellə çalışan avtomobillərə maraq göstərirlər. Bu da sevindirici haldır ki, bizim vətəndaşlarımız həm qənaətcil, həm də sağlamlığa və ətraf mühitə ziyan vurmayan avtomobillərə üstünlük verirlər”.

Ekspert əhalinin daha çox müraciət etdiyi markalar barədə də danışdı:

“İlk beşlikdə olan avtomobillər mühərrik həcmi təxminən 1500-1800 kubsantimetr olan avtomobillərdir. Bunlar həm sedan, həm də krasover seqmentinə aid maşınlardır. Konkret markalardan bəhs etsək, Azərbaycana indi Rusiyadan “Lada”lar idxal edilir. Düzdür, onların təhlükəsizlik sistemləri bəzən müasir tələblərə cavab verməsə də, qiyməti ucuz olduğuna görə alırlar.

Həmçinin, Cənubi Koreya, Yaponiya və Avropa istehsalı olan avtomobillər ölkəmizdə çoxluq təşkil edir. Amma cəlbedicilik və komfort baxımından vətəndaşlarımız daha çox Avropa və Yaponiya istehsalı avtomobillərə üstünlük verirlər. Hazırda şəhərdə “Toyota”, “Hyundai”, “Mercedes” tipli maşınlar daha çox sürülür”.

E.Cəfərov bildirir ki, hər hansı markanın üstünlük təşkil etməsi onun servis xidmətindən asılıdır:

“Əgər hər hansı markanın servis xidməti yüksəkdirsə, həmin ölkələrdə o modellərə də tələb artır. İkinci əl avtomobil bazarında biz daha çox Rusiya və Avropa istehsalı maşınları görə bilirik. Birinci əl avtomobil bazarlarında isə biz Yaponiya və Cənubi Koreya istehsalı avtomobillərin populyar olduğunu müşahidə edirik”.

masin bazari

Ekspert avtomobil bazarındakı qiymətlər, kredit şərtləri ilə bağlı da danışıb:

“İkinci əl avtomobil bazarında orta qiymət 13-15 min manatdır. Yeni avtomobil bazarında isə orta qiymət təxminən 25 min dollar, təxminən 40 min manat təşkil edir.

Vətəndaşlarımız yeni avtomobil alarkən, təbii ki, kreditə üstünlük verirlər. Bu, bütün dünyada belədir, yəni yeni avtomobil alarkən insanlar ilk növbədə onun kredit şərtləri ilə maraqlanır.

Amma dünya ilə müqayisədə Azərbaycanda avtokreditləşdirmənin şərtləri olduqca ağırdır. Faizlər olduqca çox yüksəkdir. Bu səbəbdən də kreditlə avtomobil almaq vətəndaşlar üçün o qədər də cəlbedici görünmür. Çünki vətəndaş kreditlə avtomobil alırsa, ilkin ödəniş olaraq avtomobilin ümumi məbləğinin 40 faizini əvvəldən ödəməlidir. Sonra isə qalan məbləğ illik 15 faizlə verilir. Bunlar da özlüyündə yüksək qiymətlər olduğuna görə, bir çox vətəndaşlarımız bu sövdələşməyə getmir.

Hətta, bununla da iş bitmir. Kreditlə avtomobil alan vətəndaşlarımızdan bank xərcləri, kasko sığortası kimi əlavə rüsumlar da çıxarılır. Bu faiz qiymətləri o qədər yüksəkdir ki, bu, avtomobilin ilkin ödənişinin 40 faizini də ötüb-keçir. Bu da fantastik rəqəmlərə gətirib-çıxarır”.

“Biz həmişə bu mənada təkliflər vermişik. Təklifimiz ondan ibarətdir ki, ilkin ödəniş olaraq vətəndaşdan avtomobilin məbləğinin 20 faizi tələb edilsin, qalan məbləğ isə illik 9-10 faiz civarında verilsin. Düşünürəm ki, bu, həm bizim avtomobil alan vətəndaşlarımız üçün, həm də kommersiya bankları üçün normal qiymət ola bilər. Bu şəkildə kredit şərtlərinin sadələşdirilməsi, kasko sığortanın qiymətinin endirilməsi yaxşı addım olar. Bu zaman vətəndaşlarımız köhnə avtomobillərdən imtina edərək, yeni avtomobil alarlar. Bununla da ölkəmizin avtomobil parkı təbii qaydada yenilənər. Yəni biz bu köhnə, yararsız maşınlardan xilas ola bilərik”, – deyə Cəfərov bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir