avtomobil

Avtomobildən necə pul qazanmaq olar? – YENİ TƏKLİF

Baxış sayı: 1. 647

Avtomobil bazarında yaranan durğunluq, ilin sonuna yaxın qiymətlərin nisbətən aşağı düşməsi vətəndaşlara yaxşı yatırım fürsəti yaradıb. Avtomobil ekspertləri fins.az-a bildirirlər ki, hazırda ikinci əl avtomobil bazarı ilə yanaşı, rəsmi dilerlər ötən ildən qalan avtomobilləri sataraq stokları boşaltmaq üçün qiymət endiriminə gedirlər. Amma bu çox uzun çəkməyəcək. Belə ki, dolların məzənnəsi ilə bağlı yaranan qeyri-müəyyən vəziyyət ölkəyə yeni ildən gətiriləcək avtomobillərin yenidən bahalaşacağını göstərir. Yeni avtomobillərin bahalaşması ikinci əl  avtomobil bazarına da təsir edəcək.

Fevraldan avtomobillər 30-40 % bahalaşacaq

Avtomobil eksperti Əyyub Əliyev bildirir ki, Azərbaycana yeni avtomobillər adətən fevral ayından gətirilir. Ona görə də fevral ayından yeni qiymətlərlə gətirilən avtomobillərin 30-40 % bahalaşacağı gözlənilir. Nəticədə eyni kuzovda buraxılan kiçik fərqləri olan avtomobillərin qiymətində xeyli fərq yaranacaq. Məsələn,  “Grand  Santa Fe” yeni modeli ilə 2016-cı il model eyni kuzovda buraxılır. Buna baxmayaraq, yeni modelin qiyməti dolların məzənnəsi ilə əlaqədar  70 min manat olacaq. Belə olan halda bir il əvvəlki versiya da xeyli bahalaşmış olacaq. Ekspert hesab edir ki, qiyməti 20 min manatdan yuxarı avtomobilə pul yatırmaq risklidir.

Bir maşından 500-3000 manat qazanmaq imkanı

Amma qiyməti nisbətən ucuz, yəni 15-20 min manata kimi olan işlək ikinci əl avtomobillər alıb bir neçə ay saxlamaqla pul qazanmaq mümkündür. Söhbət 2012-2015-ci illərə aid “Kia Cerato”, “Chevrolet Aveo”,”Kia Rio”, “Hyundai Accent”,  “Changan Eado” tipli avotmobillərdən gedir.  Ekspert hesab edir ki, indi avtomobil almaqla  bir maşından 500-3000 manat gəlir əldə etmək imkanı yaranacaq. Yəni, 11-12 min manatlıq avtomobil  fevral ayından 15 min manata kimi bahalaşacaq. Amma avtomobilə yatırım etmək istəyənlər dekabr ayının sonuna qədər yaranan fürsətdən yararlanmalıdırlar. 

İkinci əl maşınları artıq bazardan yığmağa başlayıblar

Ə.Əliyev bildirib ki, hazırda  ikinci əl bazarında nisbi canlanma yaranıb. Səbəb isə satıcıların sürətlə ikinci əl avtomobilləri alması ilə bağlıdır. Belə ki, onlar əvvəlcədən bazarda baş verəcək tendensiyanı izləyirlər. İkinci əl avtomobilləri bazardan alaraq onların bir neçə ay son bahalaşmasını gözləyirlər. Bəzi  hallarda satıcılar 1999-2000-ci il model “Mercedes”ləri ucuz olaraq  kosmetik təmirlə baha satırlar. Məsələn, 3000 manata alıb  kiçik təmirlə 6000 manata satırlar. Amma bu “Mercedes”lərin istismar müddəti bitdiyi üçün tez-tez problemləri çıxır. Ekspert hesab edir ki, bununla bağlı olaraq avtomobilə yatırım etmək istəyənlər köhnə  “Mercedes”lərdən uzaq durmalıdırlar. 

Bəzi müştərilər dilerdən aldığı maşını baha qiymətə satışa çıxarır

Ekspert  satıcılarla yanaşı, artıq bəzi müştərilərin də avtomobildən gəlir etməyə çalışdıqlarını deyib. Belə ki, müştərilərdən biri ikinci əl “Changan Eado”  avtomobilini rəsmi dilerdən ilkin ödənişlə alıb. Əvvəlcə 3500 manat ödəyərək, aylıq olaraq 450 manat ödəyir. Bununla belə həmin avtomobili elan saytında satışa çıxarıb. İlkin ödəniş üçün  4500 manat tələb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir