avtomobil

Avtomobilin kondisionerinə necə qulluq etməli?

Baxış sayı: 207

Hər hansı digər mexanizm kimi kondisionerin də müasir profilaktik tədbirlərə, bəzən isə təmirə ehtiyacı olur.  “Gencaile.az” avtomobilin kondisionerinə qulluq qaydaları ilə bağlı məsləhətləri təqdim edir:


Freonun tipi
 

Kondisionerin doldurulması üçün iki tip freon mövcuddur: mineral yağ əsaslı freon və sintetik əsaslı freon. Son illərdə birinci tip freondan istifadə edilmir, çünki o, atmosferin ozon təbəqəsi üçün təhlükəsiz deyil. Bu freonları qarışdırmaq olmaz. Ona görə də kondisioneri doldurarkən əvvəllər hansı tip soyuducu maddədən istifadə edildiyini dəqiq bilmək lazımdır. Hər hansı gözlənilməzlikdən sığortalanmaqdan ötrü müxtəlif freon tipləri üçün müxtəlif tipli doldurma klapanları mövcuddur, amma bəzi ustalar onlara asanlıqla başqa tip soyuducu maddəyə uyğunlaşdırılan dəyişdiricilər taxa bilirlər. Əgər istifadə olunan freonun tipi məlum deyilsə, köhnə soyuducu maddənin qalıqlarını sistemdən kənarlaşdırmaq lazımdır.

 

Freonun səviyyəsi

Resiverin yaxınlığında (resiver, bir qayda olaraq, radiatorun önündə yerləşir) gözlük olur, onun köməyi ilə freonun səviyyəsini müəyyən etmək olar: əgər gözlükdə qovuqcuqlar görünürsə, bu o deməkdir ki, freonun 20-30%-i işlənib. Əgər orada köpük görünürsə, deməli, freonun 50%-indən çoxu işlənib. Təəssüf ki, bu cür gözlük heç də bütün avtomobil markalarında olmur.

Əgər Siz qışda kondisionerdən istifadə etməmisinizsə, onun işində nöqsanlar adi hal olacaq. Kondisionerin uzun müddət işləmədən qalması ona ziyandır. Məsələ burasındadır ki, soyuducu maddə təkcə freondan deyil, həm də yağdan ibarətdir və uzunmüddətli fasilə zamanı yağ çöküntü verə bilər. Belə hallarda uzunmüddətli fasilədən sonra kondisioneri işlətdikdə soyuducu maddə və yağ birləşərək vahid kütlə əmələ gətirənə qədər kondisioner, praktiki olaraq, quru halda işləyəcək. Nəticə: hətta qışda da kondisioneri bəzən işə salmaq lazımdır. u zaman yaxşı olar ki, bayırdakı temperaturla içəridəki temperatur arasında 5-15ºC fərqinə riayət edəsiniz. Onu da yaddan çıxarmayın ki, güclü yağış yağarkən və ya sizin yol yoldaşınız 50 qram konyak qəbul etdiyi zaman kondisioner tərləmiş şüşələrlə mübarizə aparmaqda sizə kömək edə bilər.

 

Zəif yerlər

Korroziya avtomobilin bütün detallarının düşmənidir, kondisionerin metal borucuqları da bu baxımdan istisna deyil. Həmçinin kondisionerin radiatoru, yaxud ustaların dili ilə desək, kondensor da kondisionerin zəif yeridir. Əgər kondensorda mexaniki zədə ilə əlaqədar olmayan sızma baş verərsə, onu təmir etməyə dəyməz, çünki tezliklə sızma başqa bir yerdə də baş verəcək. Əlbəttə ki, sistemin digər bir zəif yeri rezin kipləyicilərdir, zaman keçdikcə onlar çatlayır və germetikliyini itirir.

 

Təmir haqqında

Əgər freonun səviyyəsi sürətlə azalmağa başlayırsa, sızma yerini axtarmaq və tutmaq lazımdır. Bəzən usta sadəcə olaraq sistemi yenidən freonla doldurur. Əlbəttə, bu, işə yaraya bilər, amma yalnız müəyyən müddətə. Sızmanın yerini axtarmaq və sızmanı aradan qaldırmaq daha praktiki addımdır. Bəs bunu necə etməli? Bunun üçün bir neçə üsul mövcuddur:

* Vizual qaydada müəyyənləşdirmə: sızma yerində yağ ləkəsi əmələ gəlir, freon buxarlanır, yağın yeri isə qalır. Bu, istənilən avtomobil həvəskarının istifadə edə biləcəyi ən sadə və geniş yayılmış üsuldur.  

* Qoxu əsasında müəyyənləşdirmə: bu zaman freon buxarlarına reaksiya verən cihazlardan istifadə olunur.

* Səs əsasında müəyyənləşdirmə: xüsusi cihaz sızma yerindən gələn səsi (fışıltını) qeydə alır.  

Bu üsullar heç bir nəticə vermədikdə sistemə işartı saçan boyaq maddəsi əlavə edirlər. Tövsiyə edirik ki, belə boyaq maddəsini kondisionerin profilaktik müayinəsi zamanı əlavə edəsiniz. Sonradan sızma baş verdikdə, həmin maddə nasaz yeri tapmaqda sizə böyük köməklik göstərərək işinizi asanlaşdıracaq.
Yadda saxlayın ki, kondisionerin buxarlandırıcısını mütəmadi təmizləmək və ya salon filtrini (əgər varsa) dəyişmək lazımdır. Məsələ burasındadır ki, bayırdakı havada olan hər bir şey filtrdə toplanır, hətta oraya həşəratlar belə düşə bilər. Buna görə də yağış yağdığı zaman filtrdə nə cür “bataqlığın” yarana biləcəyini təsəvvür etmək çətin deyil. Bu cür həşəratların bədənindəki mikroorqanizmlərin və bakteriyaların xoşagəlməz qoxuya malik olduğunu qeyd etməyə, yəqin ki, lüzum yoxdur. Belə hallarda gigiyenik vasitələrdən istifadə etməkdən çəkinməyin. Bu gün bazarda avtomobilin isitmə sistemindən bakteriyaları və xoşagəlməz qoxunu təhlükəsiz üsulla xaric edən çoxlu sayda vasitələr təklif olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir