tixac

Avtomobilin ömrünü azaldan tıxac – ARAŞDIRMA

Baxış sayı: 552

Bakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. İstər avtobusdan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər. Sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu qeyd edirlər. Hətta bəzi mütəxəssislər iddia edirlər ki, mütəmadi tıxac avtomobilin ömrünü iki dəfə azaldır. Onların fikrincə, tıxaclar avtomobillərin bəzi avadanlıqlarını sıradan çıxarır.

 

“İstehsalçılar nəzərə alır”

Avtomobillər üzrə texniki mütəxəssis Əli Sultanov deyir ki, tıxacların avtomobillərə elə də böyük ziyanı yoxdur: “Çünki istehsalçı tərəfindən hər şey nəzərə alınır, dəqiqliklə yoxlanılır. Avtomobilin tez-tez hərəkət edib dayanması zamanı  hansı proseslər baş verdiyini istehsalçılar bilirlər”.

 

Boşa gedən resurs

Ə.Sultanov bildirir ki, tıxacda olarkən avtomobilin yalnız müəyyən resursları boşa istifadə oluna bilər: “Avtomobil tıxacda dayanarkən yeganə problemi daxili yanma mühərrikində resursun boş yerə getməsidir. Məsələn, daxili yanma mühərriki yağı və ya yanacağı boş yerə itirir. Qazpaylama mexanizminin qayışı, zənciri sıradan çıxa bilər. Yay fəslində su qızmaları daha çox olur. Avtomobildə su qızarkən, soyuması üçün mühərrikin soyutma ventilyatorları işə düşür. Həmin ventilyatorlar işə düşəndə mühərrik güc altında işləməyə başlayır və yanacaq sərfiyyatı çoxalır”.

 

Avtomat və mexanika fərqi

Ə.Sultanovun sözlərinə görə, hər iki sürət qutusunda gedən resurs müxtəlifdir: “Mexaniki sürətlər qutusunda ilişmə muftasına ziyan dəyir, basqı, basınc yatağının limiti boş yerə gedir. Avtomat pillələr qutusunda isə daxili yanma mühərriki, bir də pillələr qutusunda yağın limitinə təsir olur”.

 

Tıxacın digər təsiri

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyir ki, tıxacların avtomobilə birbaşa ziyanı, demək olar ki, yoxdur. Digər təsirləri daha çoxdur: “Tıxacın təsiri daha çox zamana, insanların psixologiyasına, hərəkətin təhlükəsizliyinə, piyadaların hərəkətinə, ekologiyaya olur”.

 

Yalnız yayda…

F.Eyyubov bildirir ki, yalnız yay vaxtı avtomobildə müəyyən problemlər yarana bilər: “Yay vaxtı avtomobillərin bəzilərində məsələn, sovet, Rusiya istehsalı və s. olanlarda müəyyən qədər qızmalar baş verə bilər. Çünki maşının sürəti aşağı olur, üstəlik, çox tez-tez dayanır, sonra hərəkət edir. Bu da mühərrikdə qızmaya səbəb ola bilər. Qeyd etdiyim kimi bu hallara yay aylarında rast gəlmək olar”.

 

“Müasir avtomobillərə təsir etmir”

F.Eyyubovun sözlərinə görə, nəqliyyat vasitələri gün ərzində yerinə yetirdikləri əməliyyatlara davam gətirə biləcək gücə sahibdir: “Ümumiyyətlə, avtomobillərin bir gündə yerinə yetirdiyi proseslər var. Məsələn, sərnişin avtobusları bir gündə 7-8 min əməliyyat həyata keçirirlər. Müasir nəqliyyat vasitələri elə hazırlanır ki, bu proseslərə davam gətirə bilsin. Əlbəttə, köhnə nəqliyyat vasitələrinin ilişmə muftaları, tormoz sistemləri çox işlənib deyə, resursların istifadə müddəti dayanıb. Həmin avtomobillərə təsir ola bilər. Amma müasir avtomobillərə o qədər də təsir etmir”.

 

Avtomat sürət qutusu

F.Eyyubov deyir ki, mexaniki nəqliyyat vasitələri ilə avtomat qutulu nəqliyyatın tıxaclar zamanı böyük fərqi var: “Avtomobil, əgər avtomat qutusu ilə təmin olunubsa, sürücülər çox rahat olur. Avtomat qutularda sürücü ilişmə muftasından istifadə etmir, avtomobilin hərəkətə gəlməsini avtomat qutu özü nizamlayır, tormozlama zamanı yenidən sürət dəyişməsi olmur”.

 

20-30 ildən qalan nəqliyyat vasitələrində…

F.Eyyubov bildirir ki, mexaniki sürətlər qutusunda güc sürücüyə düşür deyə, onu idarə etmək daha çətindir: “20-30 ildən qalan nəqliyyat vasitələrində mexaniki sürətlər qutusunda birinci, sonra ikinci, üçüncü və s. sürətə keçirirlər deyə, çətinlik yaranır. Xüsusilə də, tıxaclarda 10 dəfə ilişmə muftasına basır, birinci sürətə keçilir, təzədən tormozdan istifadə olunur. Ona görə həmin avtomobillərə təsiri ola bilər”.

 

Sürücülərin seçimi

F.Eyyubovun sözlərinə görə, avtomat sürət qutulu maşınları idarə etmək daha asan olduğundan, insanlar daha çox ona üstünlük verirlər: “Tıxac zamanı da avtomat qutulu nəqliyyat vasitələri digərlərinə baxanda həm təhlükəsizlik nöqteyi-nəzərdən, həm də sürücülərin rahatlığı cəhətdən çox yüksəkdir. Ona görə də, son zamanlar alınan əksər nəqliyyat vasitələri hamısı avtomat sürət qutusu ilə təchiz olunub”.

 

Ziyanın qarşısını necə alaq?

Ə.Sultanov sonda dedi ki, tıxacların avtomobilə vurduğu ziyanın qarşısını almaq çox çətindir: “Avtomobili tıxacdan qorumağın yeganə üsulu alternativ yollardan istifadə etməkdir. Ya da səhər və axşam pik saatlarda yola çıxmamaq. Başqa variantı yoxdur”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir