Avtoservislər

Avtoservislərin “qara günləri” başlayıb – ARAŞDIRMA

Baxış sayı: 2. 106

Azərbaycanda avtomobil bazarında yaranan durğunluq servislərin də işinə təsir göstərib. Rəsmi servisə müraciətlər xeyli azalıb. Adi avtomobil servislərinin işində isə durğunluq müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, rəsmi servislərə müraciətlərin azalması avtomobil kreditlərinin dayanması ilə yanaşı, yeni maşın satışının azalması və rəsmi servislərdə xidmətlərin baha olmasıdır. Adi servislərdəki durğunluq isə ümumi iqtisadi vəziyyətlə bağlıdır.Yəni, sürücülər vacib olmayan xidmətlərdən istifadə etməməklə ciblərinə qənaət etməyə çalışırlar.

Rəsmi servislər müştərilərinin yarısını itirib

Avtomobil eksperti Fərid Məlikov bildirir ki, yanvar-fevral aylarında nisbi canlanma olsa da, mart ayından etibarən servisə müraciət edənlər azalıb. Onun sözlərinə görə, rəsmi servislər müştərilərinin yarısı itiriblər. Məsələn, bir gündə rəsmi servisə 60-70 müraciət edilirdisə, indi bu rəqəm 30-dan aşağıdır. Belə ki, yeni avtomobil satışlarının dayanması, eyni zamanda rəsmi servisdə xidmətlərin və ehtiyat hissələrinin baha olması onların müştərilərini itirməsi ilə nəticələnib.

50 manatlıq yağdəyişməni 68 manata edirlər

Məsələn, “Toyota Carolla” avtomobilinin yağ filtiri və xidmət xərci daxil yağ dəyişməsi rəsmi servisdə 68 manata başa gəlirsə, adi servisdə heç bir dəyişiklik olmadan eyni xidmət 50 manata başa gəlir. Və yaxud 45 manatlıq eyni hava filtirini adi servisdə 25 manata dəyişmək olar.

Adi servislərin müştərilərinin 70 %-i rəsmi servisdən gələnlərdir

Bunu digər xidmətlərə də aid etmək olar. Elektrik işi adi servislərdə 30-40 % ucuz başa gəlir. Məsələn, 2.7 l mühərrikli “Prado” avtomobilinin farsunkanın yuyulması rəsmi servisdə 100 manata, adi servisdə 65 manata başa gəlir. Onun sözlərinə görə, rəsmi servisə müraciətlər azalmaqda davam edir. F.Məlikov bildirib ki, bir avtomobilin servisi 300 manatdırsa, eyni xidmət adi servisdə 60-70 manat daha ucuz başa gəlir. Nəticədə rəsmi servislər müştərilərini itirir. Məsələn, hazırda adi servislərin müştərilərinin 70 %-i rəsmi servislərin əvvəlki müştəriləridir. Yəni, müştəri eyni xidmətin daha ucuz başa gəldiyini bilirsə, təbii ki, rəsmi servisdən imtina edir.

Şirkətlər də rəsmi servislərdən imtina edir

Bazarda rəsmi servislərin qiymətlərinin digərlərinə nisbətən yüksək olması adi müştərilərlə yanaşı, korporativ müştərilərin də itirilməsi ilə nəticələnir. Bu isə rəsmi servislər üçün daha acınaqlı vəziyyət yaradır: “Məsələn, bir şirkətin 30-40 avtomobili varsa, rəsmi servis eyni vaxtda bir deyil, 30-40 maşın itirmiş olur”. F.Məlikovun sözlərinə görə, xidmət xərcinin adi servisdə 20 min manata başa gəldiyini bilən şirkət rəsmi servisə 30 min manat ödəmək istəmir. Onun sözlərinə görə, rəsmi servisin hər ay 10 əvvəlki korporativ müştərisi adi servisə müraciət edir.

Təmiri görmədikləri üçün rəsmi servisə getmirlər

Avtomobil sahiblərinin əksər hissəsi təmirlə bağlı qiymətə üstünlük versələr də, bəziləri digər səbəblərə görə rəsmi servisdən imtina edirlər. Ekspertin sözlərinə görə, rəsmi servislər Avropa standartlarına uyğun olaraq müştərini təmir zamanı avtomobilin yanına buraxmırlar. Bu həm də təhküləsizliklə bağlıdır. Amma Azərbaycan mentalitetində belə bir qayda var ki, sürücü hər şeyi izləyə bilməlidir, nəyin necə dəyişdirildiyini görməlidir. F.Məlikov hesab edir ki, adi təmirxanalarda aldadılan sürücülər artıq servisə etibar etmirlər. Düşünürlər ki, bəlkə lazımı ehtiyat hissəsi dəyişdirilmir və yaxud köhdə detal silinib yenidən yerinə qoyulur. Ona görə də bütün prosesi izləmək istəyirlər. Buna icazə verilməyəndə müştəri növbəti dəfə artıq rəsmi servisə deyil, adi servisə müraciət edir: “Məsələn, son bir ayda 10-12 müştərinin sırf bu səbəbdən rəsmi servisdən imtina etdiyinin şahidi olmuşam”.

“Maşını yoxlatmaq istəyirəm” deyənlər indi yağdəyişmə üçün gəlir

Ümumi iqtisadi durğunluq qiymət baxımından daha sərfəli olan adi servislərin də işinə təsir edib. Belə ki, hazırda adi servisə müraciət edənlər azalmasa da, artım da müşahidə edilməyib. F.Məlikovun sözlərin görə, əvvəllər avtomobili sadəcə “maşını yoxlatmaq istəyirəm”-deyə servisə gətirirdilərsə, hazırda yalnız vacib olduğu halda servisə müraciət edirlər:”Hansı xidmət ki, birbaşa avtomobilin hərəkəti ilə bağlıdır, yalnız ona görə müraciət edirlər. Buna yağ dəyişmə, əyləc qəlblərinin dəyişdirilməsi kimi xidmətləri misal göstərmək olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir