saat

Axmaq frazaları başdan çıxarmağın Devid Şvarts təlimi

Baxış sayı: 836

Bir müddət əvvəl belə bir eksperiment elədim. Oxuduğum bütün informasiyalardan, kitablardan beynimdə qalanları qısa konspekt formasında kompüterin yaddaşına köçürdüm.

Eyni zamanda öz düşüncələrimi, bu və ya digər hadisənin beynimdəki inikasını, oxuduğum və eşitdiyim hər hansı informasiyaya, məqaləyə reaksiyamı da ardıcıl həmin fayla yükləməyə başladım. Çox maraqlı düşüncə və mülahizələr, faydalı məsləhətlər, qənaətlər silsiləsi əmələ gəldi.

Uğur qazanmaq yolunda bunlara riayət etməklə insanın çox böyük fayda əldə edəcəyini duydum.

Əslində, tək elə bu konspektim olduq

ca qalın bir kitab ola bilər. Burada nələr yoxdur. Amma bu nəhəng materialın bizim kitabın cəmi bir bölümü olacağı reallığı məni məcbur etdi ki, böyük ixtisarlar edim. Amma hansı hissələri? Başımı hey sındırdım. Hamısı bir-birindən maraqlı. Axırda əlacım ona qaldı ki, elə əvvəldən ardıcıl yazılanları kitabın bu hissəsi üçün lazım olan işarə sayı qədər götürüb dərc edim.

Beləliklə, buyurun, tanış olun. Uğur qazanmağın daha bir şərti: axmaq frazaların başınızdan çıxarılmasıdır.

 

Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.

Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.

Devid Şvartsın “Masştablı düşünmək sənəti” kitabını oxudum və müəllifin “Beynin işini bloklayan 4 təhlükəli fraza” ümumiləşməsi ilə tanış oldum.

Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.

Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar. Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: “Mənim heç vaxt bəxtim gətirmir”. İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.

Başqa bir fraza budur: “Mənim sağlamlığım zəifdir”. Yadda saxlayın ki, mütləq sağlam adam yoxdur. Devid Şvartsa görə, iş onda deyil ki, insanın nə qədər gücü var. İş ondadır ki, insan gücündən necə istifadə edir. Və müəllif maraqlı bir nümunə gətirir: Qolf oyununda böyük uğurlar qazanan tək əlli insandan bəhs edir, deyir, bir əl üstəgəl düzgün münasibət iki əl üstəgəl yanlış münasibətdən daha üstündür.

Əgər sizdə sağlamlığınızın olduqca zəif olması anlamı varsa, əvvəlcə öz emosiyalarınızı idarə etməyi öyrənin. Doktor Şindler özünün “İlin 365 gününü necə yaşayaq” adlı kitabında boş yerə yazmır ki: “Bu gün xəstəxana yataqlarının dördündən üçündəkilər emosiyalardan doğan xəstəliklərin qurbanlarıdır”.

Devid Şvartsın təhlükəli sandığı növbəti fraza “Mənim başım yaxşı işləmir” frazasıdır.

Əgər siz özünüzü kifayət qədər ağıllı hesab etmirsinizsə, məlumunuz olsun ki düşüncə tərzi İQ göstəricisindən daha önəmlidir (İQ göstəricisi – testlərlə müəyyənləşdirilən intellekt əmsalıdır). Daha dəqiq desək, intellektin səviyyəsi yox, ondan bizim necə istifadə etməyimiz daha vacibdir. Ən müxtəlif, hətta ən dolaşıq məsələ üzərində qətiyyətlə, ciddiyyətlə, yorulmadan düşünmək böyük potensiallı, ancaq tənbəl beyinə malik olmaqdan xeyli qiymətlidir.

Hər hansı bir həll olunası məsələ qarşınıza çıxarsa, ilk öncə düşünün: Sizin hansı yüksək xüsusiyyətləriniz onu həll etməyə kömək edər. Vasitə tapmaq həmişə mümkündür. Və hər kəsdə də bu vasitə müxtəlif olacaq. Özünüzə etibar edin, dünyaya pozitiv baxmağa çalışın. Qızıl şərtə əməl edin: Müvəffəqiyyət 90% psixoloji əhvaldan asılıdır.

Və ən nəhayət, Devid Şvartsın göstərdiyi insan beynini tormozlayan dördüncü fraza budur: “Mən çox qocayam (yaxud, gəncəm)”.

Hər yaşda insan öz uğursuzluğunu yaşının üstünə atmağa çalışır, bu, insan xislətindən əmələ gələn bir şeydir. Amma nəzərə almaq lazımdır ki, dünyada bir çox uğurlu əhvalatlar insanların ahıl dövrünə təsadüf edib. Məsələn, məşhur Amerika rəssamı Anna Meri Robertson Morez 70 yaşında rəsm çəkməyə başlayıb. Həyat yoldaşı dünyasını dəyişəndən sonra başını rəsm çəkməklə qatan bu xanımın 10 ildən sonra ilk fərdi sərgisi olub. 90 yaşının tamam olduğu ildə isə yalnız 70 yaşında rəssamlıq karyerasına başlayan xanım o qədər pul qazanıb ki, bu, bütün buna qədərki 89 il ərzində qazandığının cəmindən artıq olub.

Şvarts məsləhət görür ki, əgər siz öz yaşınızı hansısa bir işi görmək üçün uyğun olmayan hesab edirsinizsə, yaxşısı budur qarşıda nə qədər məhsuldar ilinizin qaldığını hesablayasınız. 50 yaşlı adamın özünü bitmiş hesab etməsi yanlışlıqdır, axı onu hələ 40% məhsuldar həyat gözləyir.

Unutmayın – sevimli işlə məşğul olmaq heç zaman gec deyil.

Mən gündəlik elanlara diqqət edəndə nəyi müşahidə edirəm? Fərq eləməz, bu qəzet, yaxud küçə elanları olsun, işverənin tələbləri işaxtaranlardan adətən belə olur: “40 yaşadək”, “50 yaşdan yuxarı olmayan” və s.

Mən həmişə belə elanlarla rastlaşanda içimdə bir razılaşmamaq fırtınasının qopmasını hiss etmişəm. Əziz iş verən, niyə 40 yaşadək olmalıdır işə götürdüyün adam? Zəmanət hardadır ki, 39 yaşlı insan 41 yaşlı insandan daha çox fayda gətirə bilər?

Ona görə də Devid Şvartsın insan beynini bloklayan frazalarından söhbət açdıqdan sonra mütləq bu iradımı da çatdırdım. Bu cür işə yanaşma müəssisə rəhbərinin  həm uğur qazana biləcək bir insanın qarşısında sədd çəkib onu uğurundan məhrum etməsidir, həm də özünün fəaliyyətini hər hansı istedadlı, işgüzar, fayda gətirəcək bir şəxsdən istifadədən məhrum etməsidir.

Beləliklə, bu hissəni oxuduqdan sonra, əziz oxucum, siz əmin oldunuz ki, müsbət düşünmək, bədbin fikirləri başınızdan qovmaq, pozitiv olmaq son dərəcə vacibdir. Bu şərtlər əsasında uğura yolunuz da yaxınlaşacaq.

 

Əlibala Məhərrəmzadə, professor




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir