psixoloq

Azərbaycan ailəsi müzakirələrə açıqdırmı?

Baxış sayı: 362

Son illər ailələrin, xüsusilə gənc ailələrin dağılmasının çoxalması, boşanma hallarının artması ölkə ictimaiyyətini, ailə, qadın, uşaq problemləri ilə məşğul olan təşkilatları, qeydiyyat şöbələrini, məhkəmələri çox narahat edir.

Müşahidələr göstərir ki, gənc ailələrdə boşanma hallarının artması məhz gənc ər-arvadın ailədə öz hüquq və vəzifələrini bilməməsindən və ya ona əməl etməmələrindən, hər iki tərəfin valideynlərinin də buna göz yummasından və ya özününkünü haqsız müdafiə etmələrindən baş verir.

 

Son illər boşanmaların artması ilə bağlı öz narahatlığını dilə gətirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi feysbuk hesabında belə bir paylaşım edib və yeni xidmətə başladıqlarını elan edib:

“Əgər ailədə hər hansı problem varsa və bu, get-gedə şiddət halını alırsa, mən və komandam (2 hüquqşünas psixoloq və 2 sosial işçi söhbətlər aparmağa hazırıq. Bunu etməkdə məqsədimiz danışıqlar yolu ilə boşanmaların qarşısını almaq, uşaqların gələcək taleyini müzakirə etmək və sizi iqtisadi ziyandan qurtarmaqdır. Ümid edirik, bu fikrimiz işə yarayacaq və ailədə yaranan kiçik söz-söhbətlər boşanmaya qədər gedib çıxmayacaq”.

Belə bir təcrübə Türkiyədə var. Hətta illər əvvəl TRT1 kanalında “Hər evlilik ikinci bir şansa layiqdir” şüarı ilə yayımlanan “Böylə Bitmesin” dizisinin senarisi də məhz bu məsələ üzərində yazılıb. 3 nəfərlik işçi qrupu özünəməxsus üsullarla boşanma ərəfəsində olan tərəflərlə ayrı- ayrılıqda söhbət edib, onları barışdırmağa cəhd edirdi. Bəzən isə qurduqları kiçik oyunlarla onlara hələ də biri-birlərini sevdiklərini, ani bir hisslə ayrılıq qərarı aldıqlarını göstərir, barışmalarına vəsilə olurdular. Təbii ki, işçi qrupunun xidmətindən imtina edən, onlara qarşı aqressiv reaksiyalar verib, təhqir və təhdid edən insanlar da olurdu. Amma peşəkar kadrlardan ibarət olan qrup bu hədə-qorxulara rəğmən öz mübarizələrindən geri çəkilmirdi. Zorakılıqla qarşılaşdıqda isə hüquq-mühafizə orqanlarından dəstək alırdılar.

Görəsən, “Təmiz Dünya”nın bu xidməti ölkədə necə qəbul olunacaq? Azərbaycan ailəsi müzakirələrə açıqdırmı?

Azərbaycan cəmiyyətinin və ailələrin bu müzakirələrə hazır olduğunu vurğulayan Mehriban Zeynalova əvvəllər də ölkəmizdə belə bir təcrübənin olduğunu deyib: “Həmin vaxtlar valideyn, ağsaqqal-ağbirçək sözü, məsləhəti ilə həyata keçirilən bu işi biz peşəkarların dəstəyi ilə edəcəyik. İşimizin o qədər də rahat olmayacağını bilirəm. Üzərimizə mütləq şəkildə barışdırmaq missiyasını da götürməmişik. Məqsədimiz tərəflər arasındakı münaqişələrin sülh yolu ilə həllinə çalışıb, hər iki tərəfin razılığını almağa çalışmaqdır.

Ola bilsin ki, artıq bu cütlüklərin bir yerdə yaşamağı mümkün deyil, hətta təhlükəlidir. Belə insanları barışdırmaq heç düzgün də deyil. Biz çalışacağıq ki, bu cür ayrılıqdan uşaqlar ziyan görməsin. Biz ancaq aralarındakı mübahisəyə rəğmən biri-birini sevən, barışmaq istəyib də biri-birinə qarşı addım ata bilməyən cütlükləri barışdırmağa çalışacağıq. Azərbaycanda boşanan ailələr biri-birinə düşmən mövqe tutduqlarından onların aralarındakı bu münasibət də uşaqların taleyində mənfi rol oynayır. Biz çalışacağıq ki, tərəflər arasındakı münaqişənin kökünü araşdırıb ailənin dağılmasının qarşısını alaq. Bu mümkün olmadıqda isə uşaqların müdafiəsi üçün onların qarşılıqlı anlaşma ilə boşanmasına cəhd edəcəyik. Əgər tərəflərdən biri boşanmaqda israrlıdırsa, o ailəni qorumağın bir mənası qalmır. Mütləq şəkildə hər iki tərəf barışığa könüllü olmalıdır”.

M.Zeynalovanın sözlərinə görə, qrup üzvləri sadəcə boşanan cütlüklərlə yox, onların valideynləri, yaxın qohumları ilə də ünsiyyətdə olacaq:

“Bəzən boşanmaya tərəflər arasındakı münasibətdən əlavə kənar müdaxilələr də təsir edir. Əgər tərəflərdən hansısa bizi aqressiya ilə qarşılayacaqsa, psixoloqun köməyi ilə həmin aqressiyanı azaltmağa çalışacağıq. Aqressiya olan yerdə sülh danışığı aparmaq çox çətindir.

Mehriban Zeynalovanın bu layihəsi ictimaiyyət tərəfindən də təqdir olunub. Psixoloqlar, sosioloqlar “Təmiz Dünya”nın bu xidmətinin effektiv olacağı ümidi ilə bu yolda onlara uğurlar arzulayıblar.

 

Psixoloq-konsultant Arzu Müzəffərova deyir ki, çox gözəl layihədir. Məqsədləri də alqışalayiqdir: “Elə boşanan cütlük var ki, biri-birlərinə sevgisi qalmayıb, arxa planda böyük qalmaqallar var. Elələri də var məhz maddi sıxıntıdan çıxış yolunu boşanmaqda görürlər. Fikrimcə, bu cür ailələrin müzakirələrdən sonra boşanıb, boşanmamaq qərarı situasiyalardan bəlli olacaq.

“Təmiz Dünya”nın əməkdaşları evlənməyə doğru gedən cütlüklərlə də maarifləndirici söhbətlər aparsalar, daha uğurlu nəticələr əldə etmək olar. Boşanan cütlüklərin danışacaq çox səbəbləri olacaq. Evlənənlərin isə ailə nə deməkdir, sizi qarşıda hansı çətinliklər gözləyir və bu çətinliklərə nə qədər hazır olduqlarını, ən azından özlərində bu gücü görsünlər. Mən çox ölkə gəzmişəm, çox millətlərin psixologiyasına bələdəm. Biz yeganə millətik ki, ailə və övladlarımızın xoşbəxtliyi bizim xoşbəxtlik səbəbimiz olur. Bu mənada layihənin gözəl nəticələr əldə edəcəyinə inamım böyükdür”.

 

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq – jurnalist Lalə Mehralı da Mehriban xanımın atdığı bu addımı çox lazımlı və ehtiyac olan bir layihə kimi dəyərləndirir:

“Bunun üçün ona böyük alqış və çox sağ ol düşür. Lakin məsələnin bir “əmması” da var. Zənnimcə, Azərbaycanda bu dəstək qrupuna qapı açacaq ailələrin sayı çox azdır. Boşanma qərarı almış insanlar üçün artıq bütün çarələr tükənmiş olur. Onlar üçün tez bir zamanda ayrılmaq tək çıxış yolu olduğundan kənar müdaxiləni gərəksiz hesab edirlər. Bu səbəbdən də tərəflər işçi qrupunun onlara təklif etdiyi dəstəyi gözardı edəcəklər. Boşanma qərarı alan cütlüklərdə biri-birinə qarşı o qədər kin-küdurət, aqressiya olur ki, boşandıqdan sonra onlar biri-birinin üzünü görmək, səsini belə eşitmək istəmir. Biz bu sahədə Avropa təcrübəsindən yararlanmalıyıq. Orada boşanan insanlar övladlarının gələcəyi naminə bir-biri ilə dost münasibətində qalır, ata- ana olduqlarını unutmurlar. Övladlarının tərbiyəsində birgə addım atır, biri-birinə dəstək olurlar. Qəlblərində inciklik olsa belə, övladları üçün bunu büruzə vermirlər. Bizdə isə çox acınacaqlı bir durum var. Boşanan ata-ana övladını qarşı tərəfə düşmən kimi böyüdür. Atada qalan uşaq anasına, anada qalan uşaq az qala atasına nifrət edir. Uşağın beynini neqativ fikirlərlə o qədər yükləyirlər ki, o ya atasını, ya da anasını dünyanın ən pis adamı gözündə görür. Deməyim odur ki, övladının gələcəyi üçün belə narahat olmayan tərəflər üçün psixoloqun, sosioloqun fikirləri nə dərəcədə maraqlı olacaq.

Bizim insanlar qapı-qapı gəzib, firma mallarını reklam edən gənclərə qarşı belə o qədər kobud davranırlar ki. Belə bir cəmiyyətdə “Təmiz Dünya”nın işçi qrupunun evlərə girməsi, tərəfləri kompromisə cəlb etməsi real görünmür. Çox istəyərdim ki, bu layihə özünü doğrultsun. Bir ailəni belə dağılmaqdan xilas etmək böyük savabdır. Bu tək bir ailənin deyil, cəmiyyətin də xilasıdır. Çünki bizim insanlar evindəki problemi ətrafa yayır. Əgər kimsə səhər tezdən həyat yoldaşı ilə mübahisə edibsə, həmin adam ictimai nəqliyyatda, iş yerində də mənfi enerji yayacaq ətrafına. Küçədə üzü gülən insanlara nadir hallarda rast gəlirik.

Hamının üzündən aqressiya yağır. Halbuki, ailədaxili problem evin qapısından çölə çıxmamalıdır. Sözügedən xidmət qrupu ən çox da bu sahədə maarifləndirmə aparmalıdır. Hər dava üstündə boşanma qərarı alma, tez ərizə yazıb məhkəməyə müraciət etmək problemdən çıxış yolu deyil. Hər ailədə mübahisə olur, heç bir cütlük ideal deyil. Sadəcə olaraq tərəflər biri-birini dinləməyi və güzəştə getməyi bacarmalıdır. Bizim cütlükərin ən aktual problemlərindən biri ünsiyyətdir. Ümid edirəm ki, “Təmiz Dünya”nın işçi qrupu boşanma ərəfəsində olan ailələr arasında ünsiyyətin bərpasına nail ola biləcək.

 

Şəymən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir